Prezident “Qisas” əməliyyatının təkrar oluna biləcəyi mesajını verdi

Prezident “Qisas” əməliyyatının təkrar oluna biləcəyi mesajını verdi
Fikrət Quliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu,Yeni Suraxanı bələdiyyəsinin sədri

Azərbaycan Prezidenti cənab İlham Əliyev xarici siyasətlə yanaşı daim ölkədə gedən abadlıq-quruculuq işləri, eyni zamanda əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn bütün sahələrlə yaxından maraqlanır, aparılan infrastruktur layihələrlə yerində tanış olur, işin gedişatında öz dəyərli məsləhətlərini verir. İnsanların həyat şəraiti və peşələri ilə tanış olur, onlarla səmimi söhbətlər aparır. Bu günlərdə möhtərəm Prezidentimizin sənətkarlar məskəni olan Basqala səfəri dediklərimizi bariz nümunəsidir.

Avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Diri Baba” türbəsi və “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğuna səfər edərək burada aparılan yenidənqurma və bərpa işləri ilə yaxından tanış olublar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib. Cənab Prezident müsahibəsində həmişə olduğu kimi bir sıra mühüm məsələlərə toxunub.

Müsahibəsində Azərbaycan Prezidenti ordumuzun gücü ilə bağlı dəqiq müqayisələr apararaq təxribatçılara daha bir xəbərdarlıq edərək deir ki, bir daha belə təxribatlar olsa, cavab da adekvat olacaq. Artıq, dünyada hansısa bir dövlət yoxdur ki, aşkar şəkildə Ermənistanın haqsız mövqeyini müdafiə etsin. Ona görə də, mümkün qədər tez Azərbaycanın tələblərini, özünün 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Əks halda, nəticələr ermənilər üçün daha ağır olacaq. Prezident həmçinin qeyd etdi ki, “Qisas” əməliyyatından dərhal sonra yüzlərlə erməni hərbçi bölgədən çıxarılıb. Bu proses sonuncu silahlı çıxarılanadək davam etdirilməlidir. Çünki, Azərbaycan ərazisində hansısa silahlı qruplar saxlamaqla nəyəsə nail olmaq mümkün deyil.  

Möhtərəm Prezident azad edilmiş ərazilərlə bağlı da fikirlərini söyləyərək əlavə etdi ki, Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Yəni, dövlət öz tövsiyələrini verəcək. Fermerlərə, oraya qayıdacaq vətəndaşlara həm dəstək göstərəcək, subsidiya verəcək, tövsiyə verəcək, onların yetişdirdikləri məhsulu bazarlara çıxarmaları üçün dəstək olacaq. Bu bölgələrdə - Şərqi Zəngəzur və Qarabağ bölgələrində kənd təsərrüfatının inkişafı, yenə də deyirəm, ən müasir əsaslar üzərində qurulmalıdır. Çünki biz faktiki olaraq işlərə sıfırdan başlayırıq, ona görə səhvə yol verə bilmərik. Vaxtilə Azərbaycanda aparılmış kənd təsərrüfatı islahatı zamanı buraxılan səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır və əminəm ki, bunun nəticəsində ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq.

Prezident müsahibə zamanı vacib məqamlardan biri olaraq Qarabağda yaşayan ermənilərin statusu məsələsinə toxundu. Ölkə başçısı bir daha bəyan etdi ki, Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə də müstəqilliyi. Heç ermənilərin hansısa xüsusi imtiyazı da olmayacaq. Yəni Azərbaycan vətəndaşları necə, erməni vətəndaşları da elə olacaq. Hesab edirəm ki, Prezidentin “Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi” deməsi bu mövzuda yekun qərar kimi qiymətləndirmək olar.


Prezidentin Zəngəzur dəhlizi ilə bağlı dedikləri də diqqət çəkdi. Ölkə başçısı dedi ki, Zəngəzur dəhlizi lazımdır, ona da Ermənistan etiraz edir. İndi yaxın həftələrdə biz onlardan Zəngəzur dəhlizinin marşrutunu gözləyirik. Aydın məsələdir ki, Zəngəzur dəhlizi Prezidentin israrla tələb etdiyi prinsipial məsələlərdəndir. Çünki Zəngəzur dəhlizi həm regional, həm də qlobal kontekstdə diqqətçəkən məsələdir. Buna görə də bu gün Zəngəzur dəhlizinə etiraz edən ermənilər gec-tez buna da razı olacaq.

Prezident İlham Əliyevin avqustun 12-də Azərbaycan Televiziyasına verdiyi müsahibə Ermənistanın hakim və müxalif siyasi qanadları arasında növbəti qarşılıqlı ittihamlara yol açıb. Çünki Ermənistan ictimaiyyəti və Qarabağda yaşayan ermənilər həqiqətləri bu dəfə də Ermənistan siyasətçilərindən deyil, məhz Azərbaycan Prezidentinin dilindən eşitdilər. Məlum olduğu kimi, Ordumuzun cavab əməliyyatından dərhal sonra Ermənistanın baş naziri bir neçə dövlət başçısına zəng edərək onlardan kömək ummuşdu. Prezident İlham Əliyev müsahibəsində Ermənistan rəhbərinin imdad dolu müraciətləri ilə bağlı bunları dedi: “Bəli, Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı... Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi cəzalandırdıq. Bu hadisələrin nəticələrindən, önəmli nəticələrindən biri də odur ki, Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və artacaq. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil”