Prezident kimi 17-ci səfər: Naxçıvanın hərtərəfli inkişafının yeni mərhələsi

Prezident kimi 17-ci səfər: Naxçıvanın hərtərəfli inkişafının yeni mərhələsi

Naibə Əzizova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 43 nömrəli Şəhər Poliklinikasının baş həkimi

11 avqust 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyeva Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Bu səfər Prezident İlham Əliyevin dövlət başçısı kimi Naxçıvana 17-ci səfəri olmaqla, muxtar respublikanın sosial-iqtisadi inkişafı, enerji təhlükəsizliyi, nəqliyyat imkanları, müdafiə potensialı və tarixi-mədəni irsinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Səfər çərçivəsində Naxçıvanda bir sıra mühüm layihələrin təməli qoyulub və açılış mərasimləri keçirilib. Prezident Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib. Parkın yaradılması regionda sənayenin inkişafına, yeni istehsal sahələrinin formalaşmasına və əlavə iş yerlərinin açılmasına imkan verəcək. Eyni zamanda, Naxçıvan Regional DOST Mərkəzinin açılışı sosial xidmətlərin əhaliyə daha əlçatan və müasir formada göstərilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Səfərin əsas istiqamətlərindən biri də enerji təhlükəsizliyi olub. Prezident “Şəms 1” və “Qərbi Üfüq” günəş elektrik stansiyalarında görülən işlərlə tanış olub. Naxçıvanın günəş enerjisi potensialından daha geniş istifadə olunması regionun enerji imkanlarının artırılması və gələcəkdə elektrik enerjisinin ixracına şərait yaradılması baxımından strateji əhəmiyyət daşıyır.

Naxçıvanın nəqliyyat və şəhər infrastrukturunun inkişafı da səfərin diqqət mərkəzində olub. Dəmir yolu infrastrukturunun yenidən qurulması ilə bağlı işlərə baxış keçirilib, yeni elektrik mühərrikli avtobuslar təqdim olunub. Bundan başqa, “Naxçıvan” mehmanxana kompleksinin və sosial evlər kompleksinin təməli qoyulub. Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planın təqdim edilməsi isə şəhərin uzunmüddətli və planlı inkişafına xüsusi önəm verildiyini göstərir.

Səfər zamanı tarixi-mədəni irsin qorunmasına da xüsusi diqqət ayrılıb. Prezident Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub və Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak edib. Bu addımlar Naxçıvanın zəngin tarixi irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Səfərin sonunda Prezident cənab İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verərək muxtar respublikanın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. Cənab Prezident Naxçıvanın müdafiə potensialının gücləndirilməsi, enerji imkanlarının artırılması, nəqliyyat əlaqələrinin genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və turizmin inkişafının əsas prioritetlər olduğunu vurğulayıb. Prezident həmçinin Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid inkişaf konsepsiyası əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Ümumilikdə, cənab İlham Əliyevin Naxçıvana 17-ci səfəri regionun gələcək inkişafı üçün mühüm istiqamətləri müəyyənləşdirən əlamətdar səfər kimi yadda qaldı. Səfər çərçivəsində həyata keçirilən tədbirlər Naxçıvanın müasir, dayanıqlı və güclü iqtisadi mərkəzə çevrilməsi istiqamətində ardıcıl dövlət siyasətinin davam etdirildiyini nümayiş etdirir.

Paylaş