Prezident israrla vurğulamışdır ki, sülh naminə siyasi iradə göstərmək lazımdır
Mövsüm Namazov
Azərbaycan Universitetinin tələbəsi
YAP Suraxanı rayon təşkilatının fəal gənci
"Zayed İnsan Qardaşlığı Mükafatı" Azərbaycanın təkcə hərbi və siyasi uğurlarını deyil, həm də mənəvi liderliyini və humanizm ideallarına sadiqliyini təsdiq edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülh quruculuğu missiyası, dinlərarası dialoqun və insan qardaşlığının real nəticəsidir.
Prezidentin çıxışında qeyd etdiyi rəmzi məqam xüsusi diqqət çəkir: sülhün rəsmiləşdirilməsindən əvvəl sonuncu danışıqlar raundu məhz Əbu-Dabidə baş tutmuşdu. Şeyx Məhəmmədin dəstəyi ilə əldə olunan bu razılıq, sülhün mənəvi və insani qardaşlıq prinsipləri üzərində qurulmasının nəticəsidir.
Bu gün Əbu-Dabidən dünyaya verilən mesaj aydındır. Sülh mümkündür, onu istəmək, onun üçün mübarizə aparmaq lazımdır. Əgər otuz illik münaqişə, böyük əzablar və itkilər geridə qala bilirsə, deməli, dünyanın digər bölgələrində davam edən müharibələr üçün də bir ümid və “yol xəritəsi” mövcuddur.
Bu tarixi çıxış dünya liderləri üçün bir çağırışdır. Prezident öz çıxışında israrla bildirdi ki, sülh naminə siyasi iradə göstərmək, dialoqdan qaçmamaq və insani dəyərləri hər şeydən üstün tutmaq lazımdır. Azərbaycanın təqdim etdiyi nümunə göstərir ki, tərəfdaşlıq və əməkdaşlıq mühiti qurulduqda, nifrət və etimadsızlıq öz yerini tərəqqiyə və ortaq rifaha verir.