Prezident İlham Əliyevin Soçi şəhərinə işgüzar səfəri uğurla başa çatıb
Aynur Həsənova
YAP Suraxanı rayon təşkilatının üzvü
Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının müəllimi
Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Rusiyanın Soçi şəhərində baş tutub. Bu görüş müharibənin bitməsindən sonra Rusiyada üçtərəfli çərçivədə təşkil edilən sayca 3-cü görüşdür. İki saatdan artıq davam edən danışıqlardan sonra liderlər tərəfindən birgə bəyanat qəbul edilib.
Yekun sənədin ən vacib məqamlarından biri dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsidir ki, buna da tərəflər öz razılıqlarını bildirib. Beləliklə, üçtərəfli görüşün yekunları ilə bağlı birgə bəyanatda Ermənistanın maraqlarından irəli gələn heç bir müddəa əksini tapmadı. Odur ki, Soçi görüşünü və görüşün yekununa dair qəbul olunmuş bəyanatı Paşinyan hökumətinin növbəti diplomatik məğlubiyyəti adlandırmaq olar.
Azərbaycan Prezidenti İlham Əliyev isə Soçi görüşündə də növbəti dəfə qətiyyət nümayiş etdirərək, Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını xüsusi vurğuladı, ölkənin milli maraqlarını güzəştə getməyəcəyini bir daha nümayiş etdirdi. Beləliklə, yekun bəyanatda “status” bircə dəfə də olsa qeyd edilmir. Çünki bu, Azərbaycanın daxili işidir. Birgə Bəyanatda Azərbaycan tərəfinə tamamilə uyğun gələn suverenlik və ərazi bütövlüyü məsələsinə xüsusi diqqət yetirilib.
Prezident İlham Əliyev isə öz iradəsini və mövqeyini ortaya qoyub növbəti dəfə təmkin göstərərək qalib ölkəni uğurla təmsil etdi. Faktiki olaraq yekun bəyanatdan da açıq görünür ki, bu görüş Azərbaycan diplomatiyasının uğuru və qələbəsidir.