Arzu Hüseynova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 146 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan və Pakistan münasibətlərini qarşılıqlı dəstək, səmimiyyət və hörmət üzərində qurmuş iki dost, qardaş dövlətdir. Bu gün tərəflər bütün sahələrdə - siyasi, iqtisadi, enerji, hərbi, humanitar, mədəni sahələrdə əlaqələri gücləndirirlər. Münasibətlərin mühüm xüsusiyyəti Pakistanın da Türkiyə kimi həmişə ədalətin tərəfində olması, Azərbaycanın haqq işini daim dəstəkləməsidir. Bu həftə Azərbaycan xarici siyasətinin Pakistan vektoru üzrə ali səviyyəli səfər siyasi gündəmin ağırlıq mərkəzinə oturdu. Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 11-12-də Pakistan İslam Respublikasına dövlət səfəri rəsmi Bakı ilə İslamabad arasındakı münasibətlərin, o cümlədən təhlükəsizlik sahəsindəki əməkdaşlığın dinamikasını bir daha canlandırdı.
Əvvəlcə onu qeyd edək ki, səfər zamanı Prezident İlham Əliyevin təyyarəsinin Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri tərrəfindən qarşılanması və enənədək müşayiət etməsi, dövlətimizin başçısının şərəfinə toplardan yaylım atəşi açılması, Azərbaycana, onun liderinə olan dərin hörmət və ehtiramın təzahürü idi. Çünki Bakı ilə İslamabad arasındakı münasibətlər iki xalq arasında tarixi, mədəni yaxınlığa və qarşılıqlı hörmətə əsaslanan əsl dostluq nümunəsidir. Bu, sürətlə dəyişən dünyada Azərbaycan və Pakistanın təhlükəsizlik sferasındakı mahiyyətcə bir-birinə bağlı olan qarşılıqlı dəstəklərini simvolizə edən məqamdır. Təsadüfi deyil ki, Pakistan Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Rəsmi İrəvanın bütün cəhdlərinə baxmayaraq, Pakistan həmişə Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyi tələb edib və işğalçı ölkə ilə hələ də diplomatik münasibətlər qurmayıb.
Xüsusilə vurğulanmalıdır ki, Prezident İlham Əliyevin Pakistan səfəri ikitərəfli münasibətləri dəyişdirəcək dönüş nöqtəsi kimi tarixə düşdü. Pakistanın Baş nazirinin təbirincə desək, bu səfər qardaşlıq əlaqələrində həlledici məqam və iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın yeni dövrünün xəbərçisi oldu. Bundan başqa imzalanmış sənədlərin Bakı ilə İslamabad arasında möhkəm dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafı üçün yeni perspektivlər açacağı şübhəsizdir. Qeyd olunduğu kimi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var və tərəflər ciddi şəkildə qarşılıqlı fəaliyyətin artırılmasına daha da təkan verəcək.
İlham Əliyevin Pakistana dövlət səfəri Şanxay Əməkdaşlıq Təşkilatının Astana Zirvə görüşündən qısa müddət sonraya təsadüf etdi. ŞƏT-in sammitində Azərbaycan, Türkiyə prezidentləri və Pakistanın baş naziri arasında üçtərəfli görüş keçirilmişdi. Həmin görüş regional təhlükəsizlik quruluşunda üçtərəfli formatın üstünlük təşkil etdiyi nüansları vurğulayırdı. Formalaşdırılmaq istənilən təhlükəsizlik zolağının isə coğrafiyası böyükdür, bu, Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının eyni geosiyasi məkan kimi qavranılıb Azərbaycan, Türkiyə və Pakistanın strateji maraqlarını əhatə etdiyinin göstəricisidir.
Azərbaycanla Pakistanın əlaqələri ölkələrin daxili siyasi həyatındakı hadisələrdən asılı olmayaraq inkişaf edir və daha da böyüyəcəyi gözlənilir. İlham Əliyevin səfəri çərçivəsində Azərbaycanla Pakistan arasında imzalanmış sənədlər də gələcək dinamikanı göstərməyə imkan verir. Hər biri haqqında ayrıca danışmasaq da, ümumilikdə deyə bilərik ki, mübadiləsi baş tutan sənədlər geniş diapazonlu əlaqələrin konkret istiqamətlərini əhatə edir. Nəzərə alınmalıdır ki, Pakistan nüvə dövlətidir və regiondakı təhlükəsizlik bucaqlarında önəmli pay sahibidir. Azərbaycan da bu ölkəyə sərmayə qoymaqda maraqlıdır. İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata birgə bəyanatlarında həmin ştrixləri göstəriblər. Bir sözlə, Prezident İlham Əliyevin Pakistan səfəri Azərbaycan diplomatiya tarixində xüsusi iz buraxmaqla yanaşı, həm də iqtisadi, geosiyasi baxımından müstəsna rol oynadı.
Şübhə yoxdur ki, Prezident İlham Əliyevin Pakistana budəfəki səfəri uzunmüddətli perspektivdə əməkdaşlığın genişlənməsinə və dərinləşməsinə töhfə verəcək, həm ikitərəfli əsasda, həm də yeni əməkdaşlıq formatı çərçivəsində ölkələrimiz arasında münasibətlərə yeni məzmun və keyfiyyət gətirəcək.