Vəfa Abdullayeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Prezidenti İlham Əliyevin 7–8 avqust 2025-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarına səfəri həm ikitərəfli münasibətlər, həm də regional sülh prosesi baxımından mühüm tarixi hadisə kimi yadda qalacaq. Bu səfər Azərbaycan–ABŞ əlaqələrində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Cənubi Qafqazda uzun illər davam edən gərginliklərin həllinə də töhfə verdi.
İlk növbədə, səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” imzalandı. Bu sənəd qarşılıqlı sərmayə, ticarət, enerji, tranzit, süni intellekt, müdafiə və təhlükəsizlik kimi sahələrdə əməkdaşlığı gücləndirməyə xidmət edəcək. Xüsusilə strateji tərəfdaşlıq formatının təsis edilməsi Azərbaycanın iqtisadi şaxələndirmə planlarına, texnologiya transferinə və müdafiə imkanlarının genişlənməsinə real töhfə verəcək.
Səfərin ən əlamətdar məqamlarından biri ABŞ Prezidenti tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması oldu. 1992-ci ildən bəri Azərbaycan–ABŞ münasibətlərində maneə yaradan bu düzəlişin ləğvi ədalətin bərpası və iki ölkə arasındakı siyasi etimadın möhkəmlənməsi baxımından simvolik əhəmiyyət daşıyır.
Regionda sülh prosesinə dair mühüm addımlar da atıldı. Azərbaycan və Ermənistan liderləri, ABŞ Prezidentinin iştirakı ilə “Sülh və Dövlətlərarası Münasibətlərin Təsis Edilməsi haqqında Saziş” layihəsini parafladılar. Bununla yanaşı, 30 il fəaliyyət göstərmiş, lakin sülh prosesində nəticə verməyən ATƏT-in Minsk Qrupu və əlaqəli strukturların fəaliyyətinin dayandırılması barədə birgə müraciət imzalandı. Birgə Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi xüsusi vurğulandı. Bu məqsədlə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlı layihənin həyata keçirilməsi planlaşdırılır. Bu marşrut regionun iqtisadi və nəqliyyat inteqrasiyasını gücləndirəcək, Ermənistanı da tranzit ölkə kimi yeni imkanlarla tanış edəcək.
Səfər çərçivəsində enerji sahəsində də əhəmiyyətli əməkdaşlıq addımları atıldı. SOCAR və ExxonMobil arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanaraq Azərbaycanın yeni neft və qaz potensialının araşdırılması istiqamətində birgə fəaliyyət planı təsbit olundu. Bu, həm ənənəvi, həm də bərpaolunan enerji layihələri üçün perspektivlər açır.
Prezident İlham Əliyevin açıqlamaları səfərin strateji mahiyyətini daha da aydın göstərdi: ABŞ ilə münasibətlərin yeni səviyyəyə qalxması, regional sülhün təmin olunması, iqtisadi tərəfdaşlığın genişlənməsi və beynəlxalq mediada Azərbaycan haqqında formalaşdırılmış yanlış təsəvvürlərin ifşası bu səfərin əsas nəticələrindəndir.Nəticə etibarilə, 2025-ci ilin avqust səfəri Azərbaycan diplomatiyası üçün mühüm bir qələbədir. Bu səfər təkcə iki ölkə arasındakı münasibətləri gücləndirmədi, həm də regionda davamlı sülh və rifahın bünövrəsini qoydu. ABŞ ilə strateji tərəfdaşlıq və Ermənistanla normallaşma istiqamətində atılan addımlar gələcək illərdə Cənubi Qafqazın siyasi və iqtisadi mənzərəsini köklü şəkildə dəyişdirə bilər.