PREZİDENT İLHAM ƏLİYEV TƏK TÜRK DÜNYASINDA DEYİL, İSLAM ALƏMİNDƏ DƏ NÜFUZLU LİDERƏ ÇEVRİLİR

PREZİDENT İLHAM ƏLİYEV TƏK TÜRK DÜNYASINDA DEYİL, İSLAM ALƏMİNDƏ DƏ NÜFUZLU LİDERƏ ÇEVRİLİR
GÜLLÜ YOLOĞLU
Yeni Azərbaycan Partiyasının təəssübkeşi, Tarix elmləri doktoru, türkoloq
Cəmiyyət əd-Düval əl-Ərəbiyyə və ya qısaca Ərəb Liqası (ərəbcə ‎ əl-Cəmiyyə əl-Ərəbiyyə) adlandırılan ərəb dövlətlərinin beynəlxalq təşkilatına hazırda 22 dövlət daxildir. 22 mart 1945-ci ildə Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılan təşkilatın mərkəz-qərargahı Qahirə şəhərində yerləşir. Təşkilat ərəb dünyasında 400 milyondan çox insanı əhatə edir.
ƏDL-in Türkiyə, Rusiya, Fransa, Böyük Britaniya, Almaniya, İspaniya, Avstriya, İtaliya, Belçika, İsveçrə, Yunanıstan, Kanada, ABŞ, Braziliya, Argentina, Meksika, Yaponiya, İraq, Çin, Hindistan, Keniya, Seneqal, Efiopiyada Nümayəndəlikləri və informasiya büroları fəaliyyət göstərir. Liqa yeddi ölkə ilə, o cümlədən Azərbaycanla imzalanmış Anlaşma Memorandumları əsasında əməkdaşlıq edir (Azərbaycan Respublikası ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu; Qahirə, 16 oktyabr 2005-ci il). Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvdür.
2007-ci il 6-8 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində ƏDL Baş Qərargahında Liqanın o vaxtkı Baş Katibi A.Musa ilə görüşmüş, Liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış etmiş və A.Musa ilə birlikdə mətbuat konfransında iştirak etmişdir.
13 may 2014-cü il tarixində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən Ərəb Dövlətləri Liqası - Orta Asiya və Azərbaycan Respublikası arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 1862 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçi təyin edilmişdir. Ümumiyyətlə, mötəbər təşkilat olan Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisə olmaqla bərabər həm də ölkələrimiz arasında birliyi nümayiş etdirir.
Azərbaycan hər zaman İslam həmrəyliyi prinsipini rəhbər tutub. 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Ermənistanın baş naziri Nikol Paşinyanın Soçi görüşündən sonra İran İslam Respublikasına getməsi, son zamanlar İranın Azərbaycana, ümumiyyətlə bölgədə sülhün bərqərar olması üçün atılan addımlara qarşı çıxması, məscidlərdə donuz saxlayan, müsəlman abidələrini məhv edən bir dövlətin baş nazirini özünə xas hörmətlə qarşılayan İranın islam həmrəyliyi ilə heç bir əlaqəsinin olmadığı göz önündədir.
Təbii ki, Paşinyan tam istəyinə nail ola bilmədi. Çünki hələ də tərəflər arasında seçim edə bilməyən Paşinyanın Avropa Birliyinin dəstəyinə ehtiyac duyması heç də bölgədə xarici oyunçuları qəbul etməyən İranın xoşuna gəlmədi. İrandan fərqli olaraq ölkəmiz hətta ermənilərə meyilli Fələstin xalqına, Yəməndən Sudanadək bir çox ərəb dövlətlərinə həm birbaşa, həm də beynəlxalq təşkilatlar vasitəsilə daim humanitar yardımlar edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlanan Bakı Prosesi müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verdi. Azərbaycan tərəfindən iki ildən bir təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindən müsəlman ölkələri ilə Avropa dövlətləri arasında münasibətlərin normallaşmasına yönələn önəmli beynəlxalq platforma kimi tanınıb.
Yenə də qonşu və məzhəbdaş İran İslam dövlətindən fərqli olaraq ərəb ölkələri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəklərini mütəmadi olaraq ifadə etmiş və bu işə bacardıqları töhfəni vermişlər. Onu da qeyd etmək yerinə düşər ki, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvləridir. Bu da Azərbaycan Prezidenti İlham Əliyevin bu mötəbər tədbirdə iştirakının əhəmiyyətini daha da artırır.
Cənubi Qafqazda sülhün bərqərar olmasına, Zəngəzur dəhlizinin açılmasına və digər proseslərə əngəl törədən İran bu gün ərəb dünyası üçün də ən böyük problem yaradan ölkələrdən biridır. Ərəb ölkələrində məzhəb bölücülüyü ilə məşğul olan İran İslam Respublikasının bu dağıdıcı fəaliyyətindən Suriya, Livan, Yəmən və digər dövlətlərin daxili sabitliyi pozulur. İran həm də Birləşmiş Ərəb Əmirliklərinin ərazisi hesab edilən Əbumusa, Böyük və Kiçik Tunb adalarını işğal altında saxlayır.
Ermənistanı dəstəkləyən, sönməkdə olan alovu körükləyən Fransa da ərəb ölkələrinə problem yaradır. İnsan haqlarından, xalqların öz müqəddəratını özlərinin həll etməli olduqlarını vurğulayan, başqalarına ağıl verərək daim daxili işlərinə burnunu soxan bu ölkə 1830-cu ildən 1962-ci ilə qədər Əlcəzairdə çoxsaylı qətliamlar törədib. Fransa Qəmər Adalarının ərazisi olan Mayot adasını hələ də işğal altında saxlayır, eynən himayədarlıq etdiyi Ermənistan kimi beynəlxalq qətnamələrə məhəl qoymur, BMT-nin Qəmər adalarının Mayot üzərində suverenliyini tanıyan qətnaməsini qəbul etmir.
İlk dəfə Əlcəzairə səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı, 1,5 milyon əlcəzairlinin ölümünü xüsusi vurğulamış, Azərbaycanın da Əlcəzair kimi işğaldan əziyyət çəkdiyini qeyd etmişdir. 2019-cu ildən 120 ölkəni öz çatısı altında birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının sədri kimi də Azərbaycanın və Prezident İlham Əliyevin rolu beynəlxalq arenada hər addımda öz təsdiqini tapır.