Prezident İlham Əliyev milli ruhu, milli iradəni, milli birliyi yenidən və əbədi canlandıra bilmişdir
Vüqar Seyidov
Yeni Azərbaycan Partiyası
Suraxanı rayon təşkilatının sədri
Dünyaya bütün insanlar bərabər gəlirlər. Cəmiyyətdə fəaliyyətlərinə, insani, əxlaqi keyfiyyətlərinə görə insanlar bir-birilərindən kəskin fərqlənirlər. Çiyinlərində bir millətin taleyini, məsuliyyətini daşıyan adamları isə xalq hər zaman yüksək qiymətləndirmişdir. Azərbaycan xalqı Ulu Türk millətinin ən döyüşkən, ən mübariz nümayəndələrindəndir. Müdrik xalqımız hər zaman öz qəhrəman övladları ilə qürur duymuş, onların fəaliyyətləri ilə fəxr etmişdir. Qədim tariximiz boyu onlarla dövlət xadimi, sərkərdə adı çəkmək olar ki, onların biləklərində ərşə qalxan qılıncların, digərlərinin əllərində heç bir qüvvəyə malik olmadığını bilirik.
Azərbaycanın geosiyasi vəziyyəti bir çox digər dövlətlərdən əsaslı şəkildə fərqlənir. Belə ki, uzun illər, əsrlər boyu müstəqillik tarixi olan, regionlarında heç bir işğal siyasəti həyata keçirilməmiş dövlətlərlə ölkəmizi müqayisə etmək doğru olmazdı. Belə dövlətlərə rəhbərlik etmək, hazır infrastrukturu idarə etmək, radikal islahatlara ehtiyac duyulmayan məmləkətlərdə siyasətlə məşğul olmaq çox asandır. Azərbaycan isə çox çətin bir regionda öz müstəqil siyasətini həyata keçirməklə yanaşı inkişaf edir. Müasir dünya strukturunda Azərbaycan kimi ərazisi kiçik, əhalisi az dövlətlərin dünyada öz sözünü deyə bilməsi çox müstəsna hallarda baş verməkdədir.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Lakin cənab İlham Əliyev Prezident seçilməmişdən əvvəl həm ARDNŞ-nın birinci vitse-prezidenti kimi, həm də millət vəkili kimi gələcəkdə həyata keçiriləcək strateji əhəmiyyətə malik layihələrdə iştirak etmiş və böyük uğurlara imza atmışdı. Azərbaycan xalqı təsadüfən ona etimad göstərməmişdir. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Onun təhsili və peşəkar fəaliyyəti, inamlı addımların və uğurlu qərarların əsasında duran savadı, beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirakı və əlbəttə, Ulu Öndər Heydər Əliyevin ona böyük ehtimadı cənab İlham Əliyevi Azərbaycan xalqının yeganə seçimi etmişdi. O, seçki prosesində demişdir ki, bütün Azərbaycan xalqının Prezidenti olacaqdır. Ötən 19 illik prezidentlik fəaliyyəti bir daha sübut edir ki, cənab İlham Əliyev xalqına verdiyi bütün sözlərini yerinə yetirmişdir.
Əlbəttə, Müzəffər Ali Baş Komandanın fəaliyyətini bir neçə vərəqə sığdırmaq mümkünsüzdür. O, müasir dövrdə yeni bir Azərbaycan yaratmış Ümummilli Lider Heydər Əliyevin xəyallarındakı Azərbaycanı formalaşdırmışdır. Belə ki, dövlət siyasətinin müasir modelini yaradaraq vətəndaşmərkəzli bir idarəetməni tətbiq edə bilmişdir. Uzaqgörənlik, gələcəyə hesablanmış dövlət siyasəti, milli maraqların hər şeydən üstün tutulması cənab İlham Əliyevin əsas prioritetlərindən olmuşdur.
Vətən müharibəsi, öncəsində hazırlıq dönəmi və onun nəticələrinin dünya ictimaiyyətinə çatdırılması, qəbul etdirilməsi bir daha sübut etmişdir ki, cənab İlham Əliyev Azərbaycan xalqında müxtəlif imperiyalar tərəfindən öldürülmüş milli ruhu, milli iradəni, milli birliyi yenidən və əbədi canlandıra bilmişdir. Əlbəttə, cənab İlham Əliyev bir lider kimi Azərbaycan xalqına böyük töhfələr vermişdir. Lakin bir xalqın yatmış duyğularını oyatmaq və onu zəfərə inandırmaq ən böyük mükafatdır. Çünki əgər bir xalqda, bir cəmiyyətdə özünə inam, özünə etimad formalaşa bilirsə, o cəmiyyət bütün maneələri aşaraq öz hədəflərinə asanlıqla çatacaqdır.
Vətən müharibəsi Azərbaycan xalqının tarixində ən böyük zəfəridir. Bu zəfərin bir nömrəli banisi cənab İlham Əliyevdir. Zəfərdən əvvəl və sonra həyata keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Prezidentin şəxsi təşəbbüsləri sayəsində dünyada dostlarımızın sayı artmış və bizə qarşı atılacaq addımların önü kəsilmişdir. Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarında təmsil olunur, ən hörmətli beyin mərkəzləri Azərbaycanda gedən prosesləri izləyir, Azərbaycan Prezidenti ən etibarlı tərəfdaş kimi dünya tərəfindən qəbul olunur. Əlbəttə, sözümüzün imzamız qədər güclü olması, haqqımızda dünyada məğrur, qalib, doğru və dürüst bir imicin formalaşması cənab Prezidentin həm insani, həm əxlaqi, həm liderlik xüsusiyyətlərinin nəticəsidir.
Bir Prezident düşünün ki, bütün sevincini, kədərini xalqı ilə bölüşür. Sadə bir həyat yaşayır. Öz fəaliyyəti ilə, yaşayış tərzi ilə örnək olur. Prezident daim sadə insanların yanındadır. Həyatındakı əlamətdar, sevincli günləri xalqı ilə bölüşür. Müzəffər Ali Baş Komandan olan cənab İlham Əliyev bütün doğum günlərində xalqın arasındadır. Əvvəllər doğum günlərində məcburi köçkün ailələrini ziyarət edən Prezident indi isə azad olunmuş ərazilərdə bərpa işləri ilə tanış olur, yeni istifadəyə verilmiş hərbi hissələrin açılışında iştirak edir. Azərbaycan xalqını dəmir yumruğun ətrafında birləşdirən cənab Prezidentin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsünə çevrilmişdir. Bu şüar pandemiya dönəmində meydana çıxsa da, daha sonra bütün mübarizələrimizin rəhni olmuşdur.
Prezident cənab İlham Əliyev 19 illik fəaliyyəti dövründə yeni bir cəmiyyət, yeni bir milli iradə formalaşdırmış, ölkənin bütün sahələrini inkişaf etdirmişdir. İqtisadiyyatdan mədəniyyətə, elmdən təhsilə, kosmik texnologiyalardan hərbi-ordu quruculuğuna qədər dərindən əhatə edilmiş dövlət siyasətimizin memarı məhz Prezidentin özüdür. Onun müasir dünya görüşü siyasi fəaliyyətimizin də əsasını təşkil edir. Demokratik münasibətlərin dərinləşməsinə xidmət edən institusional dəyişikliklər, siyasi sahədə həyata keçirilmiş islahatlar, vətəndaş cəmiyyətinin inkişafına xidmət edən qərarlar ölkədə sağlam siyasi mübarizə mühiti formalaşdırmışdır. Prezidentin formalaşdırdığı demokratik vətəndaş cəmiyyəti indi milli maraqların müdafiəsində ön cəbhədə dayanır.
Möhtərəm Prezident cənab İlham Əliyev həm də ölkənin ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının sədridir. Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III Qurultayında Partiyanın yeni sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir. Onun sədr seçilməsi ilə doğma partiyamız böyük inkişaf yolu keçmişdir. Cəmiyyətin bütün təbəqələrinin təmsil olunduğu doğma partiyamız yeni hədəflərə, yeni çağırışlara doğru inamla addımlamaqdadır. YAP cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə mövcud əksər siyasi təsisatları milli maraqlar naminə birləşdirə bilmişdir. Ölkənin siyasi palitrasında təmsil olunan partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlərinin imzalaması həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi təcrübədir. Yenidən formalaşan Prezident Administrasiyasında siyasi partiyalarla işin təşkil olunmasına xidmət edən bir strukturun yaradılmasının özü belə demokratik mühitin formalaşmasında hakimiyyətin nə qədər maraqlı olduğunu göstərən amildir. Bütün siyasi islahatları Prezidentin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası və Azərbaycan cəmiyyəti özü birbaşa həyata keçirir. Bütün tərəflər cəmiyyətimizdə qərarların qəbul olunmasında fəal iştirak edirlər.
Cəmiyyətimizin bütün vətənpərvər, milli maraqları müdafiə edən üzvləri kimi biz də ölkə Prezidenti, YAP sədri cənab İlham Əliyevin böyük siyasətini dəstəkləyirik. Son illər əldə etdiyimiz uğurlar sübut etmişdir ki, müdrik xalqımız seçimində nə qədər haqlıdır. Əminəm ki, bundan sonra da Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında daha böyük uğurlara imza atacağıq.
Uca Tanrı müdrik Azərbaycan xalqını, Rəşadətli Azərbaycan ordusunu və Müzəffər Ali Baş Komandanı qorusun!