Elçin Seyfullayev
Suraxanı RİHB-nin Bülbülə QİƏD üzrə nümayəndəsi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı çıxış etmiş və “Euronews” televiziyasına müsahibə vermişdir. Müsahibə zamanı tədbirin enerji sənayesi üçün əhəmiyyətindən, ”Cənub Qaz Dəhlizi”nin uğurlu istismarı və inkişafındakı nailiyyətlərindən və gələcək addımlarından danışan Prezident İlham Əliyev demişdir ki, “Bu layihəyə başlayanda bunun necə olacağına dair çoxlu, müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür”.
Həqiqətən də Prezident İlham Əliyevin bəyan etdiyi kimi bütün layihələrdə Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Dövlət başçısı hər dəfə əminliklə vurğulayıb ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcək. Tarixə nəzər salsaq, “Cənub qaz dəhlizi”nin təməli 2014-cü il sentyabrın 20-də, “Əsrin müqaviləsi”nin 20 illiyi qeyd olunan gün Səngəçal terminalında qoyulub. Layihə geniş beynəlxalq əməkdaşlıq şəraitində gerçəkləşib. Odur ki, dörd seqmentdən ibarət bu nəhəng layihənin uğurla həyata keçirilməsi bütün iştirakçı dövlətlərin və şirkətlərin, geniş-miqyaslı işlərdə əməyi olan hər kəsin nailiyyətidir. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı”Cənub Qaz Dəhlizi” dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir.
Azərbaycan həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir: Dövlət başçısının bəyan etdiyi kimi, bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Ötən bir il ərzində bu layihələr arasında Azərbaycanda açılışını etdiyimiz ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcıdır. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Ölkəmizin bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir.
Dövlətimizin başçısının dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirməklə,yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək.
Prezident İlham Əliyev nitqində, bundan sonra elektrik enerjisinin böyük hissəsinin bərpaolunan enerji hesabına istehsal ediləcəyini, bununla da Azərbay¬canın iqlim dəyişikliyi məsələlərinə öz töhfəsini verəcəyini əminliklə vurğulayıb.