Qurbanəli İslamov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı RİHBA yanında Hövsan QİƏD üzrə nümayəndəsi
Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikasında demokratik dövlət quruculuğunun həyata keçirilməsi və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılması obyektiv zərurətə çevrildi. Belə ki, dünya ölkələrinin inkişaf təcrübəsinə əsasən istənilən cəmiyyətdə davamlı sosial-iqtisadi inkişafa və yeniləşməyə yalnız çoxmülkiyyətli iqtisadiyyat, azad rəqabət və liberal qiymətlər şəraitində nail olmaq mümkündür.
Cari ilin 13 mart tarixində Almaniyaya işgüzar səfəri çərçivəsində Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə Respublikamızın Prezidenti cənab İlham Əliyevin dediyi kimi “Azərbaycanın inkişafı bizə öz resurlarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi”. “Biz əslində beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrəyik”.
Ötən əsrin sonlarında Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü potensial yaratmışdır.
Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. İnkişafa aparan yol heç də hamar olmayıb. Müstəqilliyinin ilk illərində Azərbaycan dövləti bir çox siyasi və iqtisadi problemlərlə üzləşib. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkənin inkişafında dönüş yarandı. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən müstəqil Azərbaycanın Prezidenti cənab İlham Əliyev, həm də dünya azərbaycanlılarının lideri və Ulu Öndə Heydər Əliyev yolunun layiqli davamçısıdır.
İşğaldan azad edilmiş ərazilərə sosial-iqtisadi həyatın geri qaytarılmasında özəl sahibkarlar əhəmiyyətli rol oynayır. Dövlət həmin ərazilərə yerli və xarici biznes nümayəndələrinin investisiya qoyması üçün əlverişli mühitin yaradılmasını prioritet istiqamətlərdən biri kimi götürüb. Bu məqsədlə 2022-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənib. Proqramın əsas hədəf göstəricilərindən biri azad olunmuş ərazilərdə iqtisadiyyatın yenidən qurulması üçün yeni investisiyaların cəlb olunması ilə sahibkarlıq mühitinin formalaşdırılmasıdır. Sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək də Dövlət proqramının əsas məqsədlərindəndir.
Cənab Prezidentimizin imzaladığı müvafiq sərəncamla təsdiqlənən sənəddə yeni strateji mərhələdə ölkəmizdə reallaşdırılması nəzərdə tutulan 5 milli prioritet müəyyənləşdirilib. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi, işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” kimi mühüm prioritetlərdir. Artıq “Böyük Qayıdış” milli prioritetinin həyata keçirilməsinə başlanıb.