“Pandora sənədləri” adi jurnalist araşdırması deyil, ermənipərəstlərin oyunudur
Ölkəmiz inkişaf etdikcə, meqa layihələr həyata keçirildikcə bizə qarşı maraq artmaqla yanaşı, əsassız və qeyri-obyektiv ittihamlar da səslənməyə başlayır. Əlbəttə, ədalətin güclü olduğu bir dünyanın mövcud olmasını biz çox arzu edirik. Lakin Azərbaycanın 30 illik müstəqillik dövrü göstərdi ki, əgər güclüsənsə ədaləti də bərqərar edə bilirsən. 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz Zəfər buna əyani və bariz sübutdur.
Regionda sayəmizdə müsbət istiqamətdə hər gün yeni və mütərrəqi addımlar atılmaqdadır. Azərbaycan öz ərazilərini bərpa edir və bütün dünya şirkətləri maraqlıdırlar ki, ölkəmizlə yaxın münasibətlər qursunlar. Bununla yanaşı, bölgədə siyasi inkaşaf meyillərindən kənarda qalan və yaxud da öz əməlləri ilə özlərini kənarda saxlayan qüvvələr var ki, onlar sülh naminə əməkdaşlığı, qonşuluq münasibətlərini deyil güc yolu ilə diktəetməni seçirlər. Əlbəttə ki, 21-ci əsrdə 5-ci nəsil müasir müharibədə qalib gələn bir dövlətlə bu ritorika ilə danışıla bilməyəcəyini dövlət başçısı müxtəlif vasitələrlə diqqətə çatdırır. Bu vasitələrdən birincisi və düşünürəm ki, ən önəmlisi problemin ictimai diplomatiya vasitəsi ilə dünya əhalisinə çatdırılmasıdır ki, Prezident İlham Əliyev bunu böyük məharətlə bacarır. Prezident İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibə lokanik, eyni zamanda da regionu maraqlandıran suallara dolğun cavablarla yadda qalmışdır.
Əsas məsələ əlbəttə ki, bir ilə yaxın vaxtdır Azərbaycanın Qarabağ regionunda müvəqqəti fəaliyyət göstərən Rusiya sülhməramlılarının fəaliyyətidir. Avropalı jurnalistin bu məsələyə həssas yanaşıb sual verməsi Avropanın siyasi institutlarının və ümumillikdə Qərbin regionda olan maraqlarından xəbər verir. Ümumiyyətlə, yenidən ATƏT-in Minsk qrupunun “oyadılmasının” mümkünlüyünün azadılması regionda daha konstruktiv siyasi təşkilatların fəaliyyət göstərməsini əsaslandırır. Əlbəttə, məsələ öz siyasi və hərbi həllini tapıb. Lakin hümanitar məsələlərinn həlli, bərpa prosesinin sürətləndiriləməsi, minalı ərazilərin dəqiq xəritələrinin verilməsi və xüsusiilə də keçmiş qaçqın və məcburi köçkünlərin öz ata-baba torpaqlarına qaytarılmasında siyasi institutlar fəal iştirak edə bilərlər. Qaldı Sülhməramlıların işi ilə bağlı düşünürəm ki, hər şey qaydasındadır. Dövlət başçısı da bu məsələyə eyni pəncərədən baxdığını ifadə etdi. Əlbəttə, onların fəaliyyətini ideal adlandırmaq doğru olmazdı. Rusiyanın 30 illik münaqişə dövründə mövqeyi bəlli idi. Müdrik siyasətimiz nəticəsində onların bizə qarşı olan münasibətlərini neytrallaşdıra bilmişik. Lakin bu gün 10 noyabr birgə Bəyanatı yerinə yetirilir. Yeni inkişaf və tərəqqi üçün bu sürət hələ ki, kifayətdir. Ərazilərin qurulmasından və bərpasından sonra sülhməramlı fəaliyyətə elə də böyük ehtiyac duyulacağını düşünmürəm. Artıq əldə olunan müsbət əməkdaşlıq üçün siqnallar Azərbaycan və Ermənistan arasında birbaşa danışıqların ola bilmə ehtimalı kənar yardımların təsirinin azalmasına səbəb olacaqdır.
Regiona qoyulan böyük məbləğdə sərmayələr bütün dövlətlər kimi, İtaliya üçün də maraqlıdır. 1.3 milyard dollar sərmayənin bərpa prosesinə ilkin mərhələdə qoyulması dünya şirkətləri üçün böyük bazar olsa da, biz bu məsələdə də milli maraqlarımıza söykənirik. Hətta müharibənin ilk günlərində Prezident İlham Əliyev bildirmişdir ki, bizə qarşı olan dövlətlər sabah Qarabağda bərpa prosesində iştirak üçün müraciət edəcəklər. Bu söz bu gün öz təsdiqini tapır. Biz isə dost və qardaş ölkələrin şirkətlərinin ölkəmizdə bərpa prosesinə cəlb olunmasında maraqlıyıq. Məlumat üçün deyim ki, bərpa prosesində birinci yeri qardaş Türkiyənin, ikinci yeri isə dost İtaliyanın şirkətləri tutur. İtaliya şirkətləri infrastruktur layihələrlə yanaşı, daha bir strateji işlə məşğul olurlar. Bilirsiniz ki, şəhərlərimizdə Zəfər tariximizin təbliği ilə əlaqədar Zəfər müzeyləri ilə yanaşı, ermənilərin başımıza gətirdikləri müsibətlərin unudulamaması üçün İşğal müzeylərinin tikintisi ilə məhz italiyan şirkətləri məşğuldur. Bu məqam özü belə İtaliya-Azərbaycan əməkdaşlıq meyillərinin yalnız maddi deyil, mənəvi dəyərlərə də əsaslandığını bariz nümayiş etdirir. Prezident özü də İtaliya və Azərbaycan xalqlarının ailə dəyərlərinə verdikləri önəmi ifadə etməklə münasibətlərimizin dərin izlərə malik olduğunu dolayısı ilə ifadə etmiş oldu.
İtaliyada mövcud dostlarımızla yanaşı, “gözəgörünməz”, “yeraltından çıxıb” bizə zərbə vuracağını düşünən qrupların da olduğunu “Pandora sənədləri” ilə bağlı sualda da sezmək olur. Lakin düşünürəm ki, dövlət başçısı olmazdan əvvəl Prezidentin uğurlu bir iş adamı olması və öz sahibkar hüquqlarını övladlarına ötürməsi günah hesab olunmamalıdır. Xüsusən də düşünsək ki, o şirkətlərdən qazanılmış pullar xalqın rifahı naminə görülən işlərə, sosial layihələrə xərçlənirsə. Ölkəmizə və dövlət başçımıza qarşı bu əsassız iddiaların məqsədi aydındır. Biz tərəqqi etdikcə və regionda yeni güc mərkəzlərinin yaranmasına səbəb olduqca dünyada olan ənənəvi mərkəzlər ya bizimlə, yaratdığımız reallıqlarla barışmalı, əməkdaşlıq etməlidirlər və ya müəyyən qeyri-etik yollarla qarayaxma kampaniyası həyata keçirməlidirlər. Düşünürəm ki, “Pandora sənədləri” adi jurnalist araşdırması deyil və bunun arxasında Avropanın ermənipərəst qüvvələri dayanır.
Azərbaycan dünyada coğrafi mövqeyindən asılı olmayaraq istənilən dövlətlə əməkdaşlıq etməyə hazırdır. Lakin o ölkələrdə qanunlar və legitim hakimiyyət olmalıdır ki, əməkdaşlığımız beynəlxalq hüquq normalarına əsaslana bilsin. Əfqanıstanda baş verən hadisələri müşahidə etmək, yeni qanuni hakimiyyətin müəyyən olunması və Azərbaycanla əməkdaşlıq mühitinin formalaşması arzu ediləndi. Bu şərtlər əgər təmin edilərsə Əfqanıstanla əməkdaşlıq aktuallaşa bilər. Lakin bizim Əfqanıstanla bir başa əlaqəli və zəruri əlaqələrimiz mövcud deyildir. Bu mövzu ilə bağlı suala cavab verərkən cənab Prezident Əfqanıstanda son ana qədər cəsarətlə mübarizə aparan sülhməramlı missiyamıza da toxunmuşdur. Bu, tarixi və uğurlu missiya hesab olunmalıdır. Dünyada mövcud olan digər sülhməramlı missiyalara da nümunə kimi göstərilə bilər.
Əlbəttə, son zamanların ən çox müzakirə olunan mövzusu İran-Azərbaycan münasibətləri haqqında Prezidentin fikirləri vacibdir. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də çox səmimi lakin qəti mövqeyindən İran İslam Respublikasının rəhbərliyi nəticə çıxarmalıdır. Dünyada iki yüzə yaxın suveren dövlət vardır ki, onların hər biri azad və müstəqildir. Bizim xarici siyasətimizdə iki ana xətt var ki, onlar müstəqillik və praqmatiklikdir. Bizimlə başqa ritorika və üzərimizdə hökmranlıq etmək həvəsi ilə danışmaq olmaz. Necə ki, İran illərdir Ermənistan və separatçı rejimlə əlaqələr qürur, bizim də istənilən mövzu ətrafında, istədiyimiz dövlət ilə münasibətlər qurmaq kimi ümdə və müstəsna hüququmuz var. Qaldı ki, bu, çox açıq bəhanədir. İranla sərhəddə, işğaldan azad olunmuş ərazilərdə nəinki israilli, xarici, ümumiyyətlə, insan yoxdur. Bərpa prosesi hələ tam başa vurulmamışdır. Dövlətin ciddi idarəetmə prinsiblərinə sığmayan, kövrək uşaq qərarlarına bənzər bəyanatlar verən İran hakimiyyəti yaxşı olardı ki, 30 ilə yaxın davam edən işğal zamanında Azərbaycan torpaqlarında baş vermiş qanunsuz qaçaqmalçılıq meyillərini araşdırsın. İranın yeni seçilmiş hakimiyyətindən tələbimiz birmənalıdır. Azərbaycanın suveren sərhədlərinə hörmətlə yanaşmaq və Rusiya sülhməramlı heyətinin müvəqqəti yerləşdiyi əraziyə icazəsiz İran yük maşınlarının daxil olmaması bizim tələbimizdir. Lakin biz bunu bir necə dəfə müxtəlif vasitələrlə və diplomatik yolla həll etməyə çalışdıqca İran qeyri-adekvat addım atır. Birdəfəlik başa düşülməlidir ki, Azərbaycanla münasibətlər qurarkən bərabərhüquqlu və beynəlxalq münasibətlərin qaydaları çərçivəsində davranmaq lazımdır.
Hesab edirəm ki, ən önəmli məqam ondan ibarət olmalıdır ki, özünü müsəlman qardaş kimi təqdim edən İran İslam Respublikası ilk növbədə islam dininin mənəvi dəyərlərinə hörmətlə yanaşmalıdır.
Ümumillikdə cənab Prezidentin dünyaya sülhsevər və əməkdaşlığa meyilli ismarıcları dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Müharibə ərəfəsində dostlarımızın sayının artması, bizə dəstək verənlərin fikirlərini açıq ifadə etmələri və bizim siyasi mövqeyimizi müdafiə etmələrində cənab Prezidentin uzaq görən siyasətinin rolu müstəsnadır.
Ənvər Haqverdiyev