Nəzakət Həmzəyeva
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu 101 nömrəli tam orta məktəbin müəllimi
Əlcəzair Xalq Demokratik Respublikası ərazisinin böyüklüyünə görə ərəb dünyasında və Afrika İttifaqında ən böyük, dünyada isə 10-cu ölkədir. Ölkə əhəmiyyətli təbii qaz (istehsalda dünyada 5-ci, ixracatda 4-cü) və neft (istehsalda 13-cü, ixracatda 9-cu) istehsalçısı və ixracatçısıdır. Bu gün Azərbaycan da öz iqtisadi inkişaf potensialına və milli resurslarına görə faktiki olaraq regionun lider ölkəsinə çevrilmişdir. Cənubi Qafqazın insan resurslarının təxminən 60%-i, yanacaq-enerji və maliyyə resurslarının 90%-i, iqtisadi potensialının isə 75-80%-i Azərbaycanın payına düşür. Hazırda həm qonşu dövlətlər, həm də dünyanın əksər geosiyasi aktorları bütün ölçülər üzrə regionun "lider ölkəsi" statusunu daşımaq imkanını məhz Azərbaycana aid edirlər.
Mütəxəssislərin fikrinə görə, Azərbaycanın bölgədəki əksər geosiyasi hadisələrə görə getdikcə artan məsuliyyəti fonunda həm də regional proseslərə təsir gücü günü-gündən yüksəlir. Beynəlxalq aləm Xəzər hövzəsi və Cənubi Qafqazın regional problemlərinin, bu məkanda reallaşdırılan əksər transmilli layihələrin və s. həllində ilk növbədə Azərbaycanın mövqeyini əsas götürür və onunla hesablaşmaq məcburiyyəti ilə üzləşirlər.
Həm Azərbaycan, həm də Əlcəzair tarixən ədalətsizliklərlə üzləşmiş, soyqırıma məruz qalmışlar. Əlcəzair və Azərbaycan xalqlarının tarixinə nəzər salsaq, hər iki xalqın müstəmləkə zülmünə qarşı mübarizəsi, verdiyi qurbanlar və qələbə əzmi oxşarlıq təşkil edir. Əlcəzair 1830-cu ildə Fransa tərəfindən işğal edilib. Sakit keçən Osmanlı dövrü ilə müqayisədə Fransanın 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq əlcəzairli fransızlar tərəfindən öldürülüb. Buna görə, Əlcəzair bəzən “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairlinin fransız müstəmləkə dövrünün qurbanı olduğu bildirilir. Amma repressiya və kütləvi qətliamlar Əlcəzair xalqının əzmini qırmır.
1954-cü il noyabrın 1-də ölkədə başlayan inqilab müstəqilliyin əldə edilməsi ilə başa çatır. Milli Azadlıq Hərəkatı məhz 1 noyabrda başladığı üçün Ərəb Dövlətləri Liqasının Sammiti də məhz bu əlamətdar tarixə salınıb. Fransanın Əlcəzairdə apardığı siyasətlə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Qarabağ bölgəsində apardığı siyasət arasında paralellər aparmaq olar. Rəsmi Parisin ermənipərəst siyasətinin kökündə həm də bu yanaşmanın dayandığını qeyd etməliyik. Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edən Fransa, ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan artıq əhalisinə muxtariyyət belə verməkdən imtina etmişdi.
Əlcəzairin paytaxtında keçirilən Zirvə toplantısının yüksək tribunasından çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycan xalqının səsini bütün dünyaya çatdırdı. Səfər çərçivəsində Prezident İlham Əliyev paytaxt Əlcəzairdə Şəhidlər Abidəsinin önünə əklil qoyub, bu ölkənin müstəqilliyi uğrunda Milli Mücahidlər Muzeyini ziyarət edib. Sosial şəbəkələrin istifadəçiləri bizim Prezidentin həmin muzeyi ziyarət edərkən Fəxri Qonaqlar Kitabında yazdığı mətnə heyran olduqlarını bildirirlər. Proqramın bu hissəsi bəlkə də ən emosional hissə idi, çünki muzeydə sərgilənən eksponatlar fransız müstəmləkəçilərinin törətdiyi vəhşilikləri xatırladırdı. Prezident İlham Əliyev dərin məzmunlu çıxışında hər şeyi öz adı ilə adlandırdı. Qeyd edək ki, “insan haqları” üzrə xüsusi kursun bu özündənrazı “mühazirəçiləri” parlament seçkilərində ermənilərin səslərini qazanmaq üçün uydurma “soyqırımları”nın tanınması haqqında qətnamələr qəbul edərkən öz gözlərindəki tiri görmürlər.
Cənab Prezident İlham Əliyev çıxışında bu gün Qərbdə hökm sürən ikili standartlara diqqəti bir daha cəlb etdi. Fransanın Əlcəzairdə törətdiyi dəhşətli qətliamlara müharibə cinayətlərindən başqa ad vermək mümkün deyil! İndi öz Senatında Azərbaycana qarşı heç bir mənası olmayan qətnamə hazırlayan Fransa bizə “əxlaq” dərsi keçəcək? Bunun əvəzinə, Makron öz sələflərinin bütün cinayətkar əməllərinə görə Əlcəzair xalqı qarşısında təqsirkar olduğunu etiraf etməli, vaxtilə onun əcdadları tərəfindən kölə halına salınmış azadlıqsevər Əlcəzair xalqından üzr istəməlidir-İkinci Dünya müharibəsindən sonrakı dövrdə yenilənmiş Almaniya yəhudilərdən üzr istədiyi kimi!
Makron diz çökməlidir - kansler Villi Brandtın etdiyi kimi. Lakin yeni müstəmləkəçilik siyasəti yürüdən Fransa bunun əvəzinə Cənubi Qafqaza soxulmaq üçün yollar axtarır. Nədən ötrü? Əlcəzairi qana boyadınız, indi də bizi elə etmək istəyirsiniz? Burada sizə yer yoxdur, eşidirsinizmi? Necə deyərlər, “no entry, not welcome”! Bu mesaj Fransa prezidentinin Azərbaycanla bağlı ədalətsiz mövqeyinə tarix üzərindən incə və sərt cavab idi. İlham Əliyevin bir günlük Əlcəzair səfəri Fransa prezidentinin Ermənistan-Azərbaycan münaqişəsi məsələsində tutduğu mövqeyə də tutarlı bir cavab idi.