Ortaq Keçmişdən Vahid Gələcəyə: Türk Dünyasının Təhlükəsizlik və İnteqrasiya Strategiyası
Aynurə Əzizova
1 saylı Birləşmiş Uşaq Xəstəxanasının ümumi cərrahı
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Tarixin mürəkkəb dönəmlərində xalqları birləşdirən ən güclü bağ mənəvi dəyərlər və tarixi köklər olub. Türk xalqları arasındakı münasibətlər də məhz belə sarsılmaz təmələ əsaslanır. Eyni dil ailəsi, ortaq tarixi yaddaş, zəngin mədəni irs və adət-ənənələr Türk dünyasını bir-birinə bağlayan əsas sütunlardır.
Bu gün Azərbaycan tarixi bağları müasir dövlətlərarası münasibətlər səviyyəsinə qaldırır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Türk dünyası ilə əlaqələr xarici siyasətimizin prioritet istiqamətinə çevrilib. Dövlət başçısının “Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur” strateji bəyanatı bu siyasətin siyasi-fəlsəfi mahiyyətini aydın ifadə edir.
Bu uğurlu siyasətin təməlində Ümummilli Lider Heydər Əliyevin məşhur “Bir millət, iki dövlət” ifadəsi Azərbaycan-Türkiyə qardaşlığının rəmzinə çevrilib. Lakin Ulu Öndərin baxışı bununla məhdudlaşmırdı. O, Mərkəzi Asiyanın türk dövlətləri ilə əlaqələrin inkişafını Azərbaycanın strateji marağı hesab edirdi. Bu gün Prezident İlham Əliyev bu irsi müasir geosiyasi reallıqlara uyğun şəkildə qətiyyətlə davam etdirir.
Müasir dövrdə qlobal təhlükəsizlik sisteminin aşınması Türk dünyasının qarşısına yeni vəzifələr qoyur. Türk dövlətləri artıq yalnız mədəni və iqtisadi sahədə deyil, həm də hərbi-strateji və təhlükəsizlik müstəvisində vahid güc mərkəzi kimi çıxış edir.
Bu kontekstdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibini və üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Bakıda keçirilən bu mühüm görüş, təşkilata üzv ölkələr arasında təhlükəsizlik sahəsindəki koordinasiyanı yeni strateji mərhələyə daşımışdır.
Prezident İlham Əliyev qəbul zamanı TDT-nin qlobal nüfuzunun artdığını və müzakirə edilən mövzuların birbaşa kibertəhlükəsizlik, nəqliyyat və ideoloji təhlükəsizliyi əhatə etdiyini bildirmişdir:
Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenasda TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Dövlət başçısı, həmçinin kənar güclərin milli həmrəyliyi hədəf alan informasiya hücumlarına qarşı birgə mübarizənin və gənc nəslin milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunmasının vacibliyini ön plana çəkib.
Azərbaycanın fəal təşəbbüsləri ilə Türk dünyası addım-addım daha sarsılmaz bir güc mərkəzinə çevrilir. Bakıda keçirilən təhlükəsizlik rəhbərlərinin görüşü qlobal böhranlar fonunda ortaq müdafiə immunitetini gücləndirməyi hədəfləyir.
Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və Prezident cənab İlham Əliyevin qətiyyətli strategiyası sayəsində TDT həm iqtisadi, həm mənəvi, həm də təhlükəsizlik baxımından böyük bir ailə olaraq gələcəyə inamla addımlayır.