Qurbanəli İslamov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı RİHB-nın Hövsan QİƏD üzrə nümayəndəsi, II Qarabağ müharibəsi qazisi
Vətən torpağının hər daşı, qayası insan övladı üçün müqəddəsdir, əzizdir. Saf bulaqları, göz oxşayan meşələri və təmiz havası ilə Vətənimizin dilbər guşələrindən biri də Qubadlı rayonudur. Qubadlı rayonu tarixən qorxmaz, qəhrəman oğullar yurdu olmuşdur. İnsanları istiqanlı, mehriban, qonaqpərvərliyi ilə həmişə başqa bölgələrə nümunə olmuşdur. Zamanın bir çox sınaqlarından üzüağ çıxan Qubadlı rayonu bir sıra tarixi hadisələrin şahidi olmuşdur.
Ötən əsrdə Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalıb. (1915, 1918, 1920) Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılıb, dinc əhaliyə divan tutulub. Bununla belə bütün çətinliklərə və azab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulublar. Qubadlı rayonu 1993-cü il avqustun 31-də Erməmistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçib, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşüb.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Ordumuz 27 sentyabr 2020-ci il tarixdən başlayaraq torpaqlarımızı düşməndən qarış-qarış almağa başladı. 44 gün davam edən döyüşlərdə düşmənə elə bir göz dağı verdik ki, çətin ki, birdə özlərinə gələ bilsinlər. Başladığımız əks hücum əməliyyatı nəticəsində ilkin olaraq bir neçə rayonlarımız və ətraf kəndləri Cəbrayıl, Füzuli rayonları, Suqovuşan qəsəbəsi və digər ərazilər düşmən işğalından azad edildi. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi.
Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmən hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün ilk növbədə yüksəkliklər götürülməli idi. Ona görədə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və sayıqlığı nəticəsində ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən azad etdilər.
Qeyd etmək lazımdır ki, müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Arxa cəbhədə olan vətəndaşlar vuruşan orduya kütləvi yardım kampaniyaları keçirir, qanvermə aksiyaları təşkil edir, həmçinin müxtəlif formalarla mənəvi dəstək olurdular.
Bütün bunlara görə, Ali Baş Komandan, böyük sərkərdə, bu Qələbənin bizə yaşadan cənab İlham Əliyevə borcluyuq. Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. 30 ildən çoxdur əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Azərbaycanın həmin guşələri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına dönəcək. Qarabağ Azərbaycandır! Yaşasın müstəqil, azad Azərbaycan!