Ölkəmiz “yaşıl enerji” ixracatçısına çevrilmə mərhələsinə qədəm qoyub

Ölkəmiz “yaşıl enerji” ixracatçısına çevrilmə mərhələsinə qədəm qoyub

Günel Məmmədova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü\

Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin müəllimi

Hazırkı dövrün əsas çağırışlarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Tədbirdə çıxış edən Prezident İlham Əliyev bir çox mühüm mesajlar verərək dövlətimizin təkcə ənənəvi enerji resursları sahəsində deyil, həm də gələcəyin “yaşıl iqtisadiyyatı” üzrə strateji vizyonunu dünyaya bəyan etdi. 

Azərbaycanın enerji diplomatiyasının ən böyük iqtisadi nəticəsi özünü ixrac coğrafiyasının sürətli genişlənməsində göstərir. Hazırda boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə Azərbaycanın dünyada ön sıralarda olması təsadüfi deyil. Bu, gəlirlərin sabitləşməsi və geosiyasi risklərin minimuma endirilməsi deməkdir. Almaniya və Avstriya kimi nəhəng iqtisadiyyatların Azərbaycan qazını alan ölkələr sırasına qoşulması ölkəmizin Avropa bazarında mövqelərinin sarsılmaz olduğunu nümayiş etdirir.

İxracın şaxələndirilməsi strategiyası çərçivəsində Suriyaya 1,5 milyard kubmetr həcmində qaz tədarükünün başlanması Azərbaycanın yeni və fərqli bazarlara çıxış imkanlarını genişləndirir. Bu addım göstərir ki, Azərbaycan üçün şaxələndirmə yalnız istehlakçılar üçün deyil, bir istehsalçı kimi dövlətimizin iqtisadi dayanıqlığının əsas elementidir.

Prezident İlham Əliyevin çıxışında ən mühüm mesajlardan biri Azərbaycanın bərpaolunan enerji potensialı ilə bağlı idi. Ölkəmiz artıq neft-qaz ixracatçısı olan dövlətdən “yaşıl enerji” ixracatçısına çevrilmə mərhələsinə qədəm qoyub. Belə ki, Xəzər dənizinin nəhəng külək enerjisi və işğaldan azad edilmiş ərazilərin Günəş enerjisi potensialı Azərbaycanı yaşıl enerji dəhlizlərinin mərkəzinə çevirir.

 

Göründüyü kimi, Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaq üçün həm siyasi iradəyə, həm də unikal təbii-intellektual potensiala malikdir. Dövlətimizin həyata keçirdiyi enerji diplomatiyası təkcə bu günümüz üçün deyil, gələcək nəsillər üçün daha firavan, dayanıqlı və təhlükəsiz bir dünya naminə atılan ən böyük töhfədir.