Ölkəmizdə elm və təhsil, səhiyyə sahəsində çalışanların böyük əksəriyyəti qadınlardır
Vəfa Bağırova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbin direktoru
Doğma vətənimiz Azərbaycanda ana, qadın həmişə müqəddəs və ailə dəyərlərinin qoruyucusu hesab edilmişdir. Çünki qadınlar zəriflik və ləyaqət, paklıq və toxunulmazlıq simvoludurlar. Ata-babalarımız həmişə anaya, qadına və qız övladlarına xüsusi bir ehtiram göstərmiş, onlara diqqət və qayğı ilə yanaşmışlar. Bu, bu gün də belədir. Müstəqil Azərbaycan Respublikasında qadınlarımızın hüquqları dövlət tərəfindən qorunur və onlar cəmiyyətimizin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Azərbaycan qadını seçib-seçilmək hüququna malik olmaqla dövlət orqanlarında müxtəlif rəhbər vəzifələrdə uğurlu fəaliyyət göstərirlər.
Ulu Öndərimiz Heydər Əliyev qadın hüquqlarına böyük dəyər verərək, gender siyasətinin qadınlara kişilərlə dövlət həyatının bütün sahələrində bərabər hüquqlar verilməsini irəli sürmüşdür. Məhz bu cəhətdən irəli gələrək Azərbaycan Respublikası 1995-ci il iyunun 30-da BMT-nin “Qadınlara münasibətdə ayrısekçiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulmuşdur. Heydər Əliyev 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılması” haqqında sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.
Ümummilli liderimiz 6 mart 2000-ci il tarixində Azərbaycan Respublikasında dövlət Qadın siyasətinin həyata keçirilməsi haqqında fərman imzalamaqla qadınlara dövlət tərəfindən böyük qayğı göstərildiyini ön plana çəkmişdir. Fərmana əsasən ölkəmizdə bütün dövlət qurumlarında qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması qeyd olunmuşdur. Bu gün respublikamızda qadınlarımız dövlət idarəçiliyi sahəsində mötəbər və məsul vəzifələrdə çalışır, sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2004-cü ildə yaradılmış Heydər Əliyev Fondu da müxtəlif məsələlərlə yanaşı qadınlarımızın, analarımızın qayğılarına böyük həssaslıq və diqqətlə yanaşır. Bu gün ölkəmizdə elm və təhsil, səhiyyə sahəsində çalışanların böyük əksəriyyəti qadınlardır. Həm ana, həm də ailə başçısı kimi bir məsuliyyətli vəzifənin əsas məqsədi gələcəyimiz üçün ləyaqətli övladlar yetişdirmək və tərbiyə etməkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 6 fevral tarixli fərmanı ilə qadınlarımıza diqqət və qayğının rəmzi olaraq daha bir Komitə - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Göründüyü kimi dövlətimiz həmişə anaların, qadınların qayğılarını diqqət mərkəzində saxlayaraq, onlara hər daim lazım olan köməkliyi göstərir.