Ölkəmiz ciddi səylər göstərir, tədbirlər həyata keçirir

Ölkəmiz ciddi səylər göstərir, tədbirlər həyata keçirir
Sevinc Hacızadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 79 saylı tam orta məktəbin direktoru
Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Şuşa həm də bizim cəsarətimizin rəmzidir. İki ölkə arasında mövcud qardaşlıq əlaqələri regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Türkiyə və Azərbaycan xalqları arasında olan münasibətlər uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur.
İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik. Hazırda daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir. Azərbaycanın iqtisadiyyatı özünü təmin edir, biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik mövcuddur.
Bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə İkinci Qarabağ müharibəsi bitən kimi müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq. Hal-hazırda ordumuz üç il əvvəlki ordudan daha güclüdür. Bu gün beynəlxalq hüquq normaları kobud şəkildə pozulur. Biz uzun illər bu yanaşmaya məruz qalmışıq. Rusiya kütləvi informasiya vasitələrində Azərbaycana münasibətdə və Azərbaycan kütləvi informasiya vasitələrində Rusiyaya münasibətdə gördüyümüz kiçik nahamarlıqlar Azərbaycan və Rusiyanın siyasətinə heç bir təsir göstərmir.
Bu gün Azərbaycan mediası çox böyük işlər görür. İşğal dövründə biz hamımız, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı bir məqsədə doğru yorulmadan gedirdi. Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır.
BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa Şurasının, həmçinin Avropa Şurası Parlament Assambleyasının qərarları, hətta Avropa Parlamentinin, - baxmayaraq ki, hazırda kifayət qədər ermənipərəst mövqedədir, onun da qəbul etdiyi qətnamə var idi ki, reallığı əks etdirirdi, - lakin bu sanksiyalar baş vermədi, bunlar Ermənistana qarşı tətbiq olunmadı.
Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilmişdir. Avropa Komissiyasının Prezidenti Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Avropa İttifaqının enerji komissarı Azərbaycanı panAvropa qaz tədarükçüsü adlandırır. Avropaya qaz tədarükümüzün coğrafiyası genişlənir və ilin sonuna qədər əlavə iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək.
Prezident qeyd edib ki, həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanı qaytaracağıq. 30-dan çox şəhər və kəndin Baş planı təsdiqlənib. Bir çox kəndlərin təməli qoyuldu. Şəhərlərin Baş planları təsdiq olunanda həmin şəhərlərdə yaşamış insanların rəyi də nəzərə alınmışdır. Ölkəmiz ciddi səylər göstərir, tədbirlər həyata keçirir ki, minalardan azad olaq. Biz avadanlıq almışıq, xüsusi maşınlar gətirmişik. Yerli şirkətlərdən biri artıq Azərbaycanda onları istehsal etməyə başlayıb.
Özəl şirkətləri dəvət etmişik və bu istiqamətdə bir neçə özəl şirkət yaradılıbdır, onlar da bu prosesə qoşulublar. ANAMA Müdafiə Nazirliyinin müvafiq bölmələri və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə gecə-gündüz çalışırlar ki, əraziləri minadan təmizləsinlər. Bizdə olan hesablamaya görə, ərazilərimizdə bir milyondan artıq mina basdırılıb. Ermənilərin isə bizə verdiyi xəritə təqribən 400 min minanı əhatə edir. Bizim yerli şirkətlərimiz və ANAMA minatəmizləmə fəaliyyətini beynəlxalq şirkətlərlə müqayisədə 8 və ya 10 dəfə ucuz həyata keçirir.
Biz utana biləcəyimiz və ya “bəli, bax, burada biz haqsızıq” deyəcəyimiz heç bir şey etməmişik. Azərbaycan öz hərbi üstünlüyünü hər zaman nümayiş etdirib. Fərrux əməliyyatı, 2021-ci ilin mayında Ermənistan-Azərbaycan sərhədində vəziyyət, 2022-ci ilin sentyabrında sərhəddə vəziyyət, habelə nəzarət-buraxılış məntəqəsinin açılışı üstünlüyümüzün sübutlarıdır.
Ticarət dövriyyəmiz böyük profisitlə həyata keçirilir. Son altı ay ərzində ixrac-idxalla müqayisədə bizim profisitimiz 10 milyard dollara bərabər idi. Siyasi vəziyyət sabitdir. Azərbaycan özünü neft-qaz sahəsində etibarlı tərəfdaş kimi sübut edib və bu gün coğrafi yerləşməni, artıq çox müasir nəqliyyat infrastrukturunu nəzərə alaraq əlaqələndirmə məsələlərində fəal çalışır. Bakını yaxşı tanıyan insanlar bilirlər ki, Bakı çox küləkli şəhərdir. Külək Xəzər dənizində də böyük gəlir gətirəcək.
Artıq Beynəlxalq Maliyyə Korporasiyası hesablama aparıb. Hesablamaya görə, təkcə Xəzər dənizində 157 qiqavat həcmində potensial var. Yeni bərpaolunan enerji sahəsində şirkətlər artıq fəaliyyət göstərir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş imzalandı və Avropa İttifaqının Prezidenti də orada iştirak edirdi. Həmin layihəyə əsasən, biz Azərbaycandan Avropaya Qara dənizin dibi ilə yaşıl enerji xətti inşa edəcəyik.
Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Böyük Qayıdış Proqramı qəbul edilib. Proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. Bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq. Birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır.
Laçın şəhəri cəmi səkkiz ay ərzində tamamilə yenidən quruldu və orada 700-dən çox ailə üçün bu gün şərait var. Həm fərdi evlər, həm çoxmənzilli evlər. Sentyabrın 15-dək məktəb də hazır olacaq, uşaq bağçası da hazır olacaq, xəstəxana da hazır olacaq və digər sosial obyektlər də inşa edilir. Azərbaycanın müdafiə qabiliyyəti diqqət mərkəzində qalacaqdır. İkinci Qarabağ müharibəsinin təcrübəsi bizə daha çox lazım olanları, daha az lazım olanları, daha çox nəyin istifadə olunduğu, daha az nəyin istifadə edildiyini göstərdi. Bunlar hamısı nəzərə alınmalıdır.
Zəngəzur dəhlizini heç kim ləğv etməyib, bu layihə gündəlikdə qalmaqdadır və həyata keçirilməyənədək gündəlikdə qalacaq. Bu isə olduqca böyük potensial açır. Afrika ölkələri ilə bizim əlaqələrimiz sürətlə inkişaf edir. Bir müddət bundan əvvəl Afrika İttifaqında səfirliyimiz də açılmışdır. Bununla bərabər, biz Qoşulmama Hərəkatı çərçivəsində Afrika ölkələri ilə sıx əlaqədəyik. COVID dövründə bizim göstərdiyimiz humanitar yardımın bir hissəsi Afrika qitəsinə də istiqamətləndirilmişdir.
Füzulidə məktəb səxavətli şəkildə Özbəkistan tərəfindən inşa edilməkdədir. Qazaxstan tərəfindən isə incəsənət mərkəzi ianə kimi ayrılıb. Hər ikisi hazırda inşa mərhələsindədir. Məktəb avqustun sonuna qədər, gənclər üçün olan incəsənət mərkəzi isə ilin sonuna qədər hazır olmalıdır. Bu, iki dəstək rəmzidir və müharibədən sonra xaricdən aldığımız dəstək bu qədər olmuşdur. Azərbaycanın nəqliyyat infrastrukturu müasirdir və yükdaşıma potensialı çox yüksəkdir. Biz Mərkəzi Asiya ölkələri ilə rabitə və nəqliyyat əlaqələrinin qurulması üzərində işləyirik. Asiyadan gələn yüklər Xəzər dənizindən keçməklə Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxmalıdır. Bu yol Mərkəzi Asiya ölkələri üçün ən mühüm nəqliyyat marşrutlarından biri olacaq.
Prezident İranlı jurnalisti dinləyərkən bildirib ki, məsuliyyətli KİV qonşu ölkələr arasında münasibətlərin güclənməsinə müsbət təsir göstərə bilər. Ən yaxşı üsul İrandakı auditoriyanı Azərbaycandakı reallıqlar, Qarabağın və Şərqi Zəngəzurun bərpa prosesi haqqında məlumatlandırmaqdır. 3-4 il ərzində Şuşa təkcə Azərbaycanın və Qafqazın deyil, dünyanın ən gözəl şəhəri olacaqdır. Şuşanın infrastrukturu inkişaf etdirilir. Ermənilər qaçarkən burada supaylayıcı şəbəkəni dağıtmışdılar. Ona görə də şəhərdə sıfırdan yeni supaylayıcı sistemi qurulub.
Baş plan çərçivəsində Şuşa şəhərinin bütün infrastrukturu yenidən qurulub, yeni yollar yaradılıbdır. Bu ilin sentyabr ayında min şagird yerlik məktəbin açılışı nəzərdə tutulub və 90 çarpayılıq xəstəxana da ilin sonuna qədər hazır olacaqdır. Azərbaycan rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır. Rusiya və Amerika silahlı qüvvələrinin yüksək səviyyəli nümayəndələri, NATO komandanları görüşlər üçün hər zaman Bakını seçiblər. Bu isə bizə olan etimadın, etibarın göstəricisidir. Belə görüşlər dörd və ya beş dəfə keçirilib. Bu da onu göstərir ki, Azərbaycan maraqları birləşdirən ölkədir, hətta elə ölkələr arasında ki, onlar hər zaman rəqabətdədir.
Ermənistan rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Sosial medianın rolu durmadan artır. Azərbaycan kimi ölkədə insan 24 saat işləməlidir və istənilən xəbərə, yaxşı və ya pis xəbərə hazır olmalıdır. Sosial media cəmiyyətin nəbzini hiss etməyə kömək edir. Cəmiyyətin nəbzini hər zaman hiss etmək lazımdır. Məsələlərdən xəbərdar olmaq və ona dərhal reaksiya vermək üçün sosial medianın potensialına mütləq müraciət olunmalıdır.