Novruz bayramı münasibətilə "Azərbaycan - multikultural ölkədir" adlı tədbir keçirilmişdir

Novruz bayramı münasibətilə "Azərbaycan - multikultural ölkədir" adlı tədbir keçirilmişdir
19 mart 2025-ci il tarixində Suraxanı rayonu 114 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə "Azərbaycan - multikultural ölkədir" adlı tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşı Gülşən Şıxlarova, ATİAHİ Suraxanı rayon komitəsinin sədri Fərhad Həsənov, 226 nömrəli tam orta məktəbin direktoru Arzu Məmmədova, 327 nömrəli tam orta məktəbin direktoru Könül Əliyeva, məktəbin müəllim-şagird kollektivi və digər rəsmi şəxslər iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib. 114 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynova tədbiri giriş sözü ilə açaraq qonaqları və tədbir iştirakçılarını salamlamış, Novruz bayramına həsr olunmuş tədbir haqqında məlumat vermiş, multikulturalizm ənənələrinin qorunub saxlanmasının, daha da inkişaf etdirilməsinin və geniş təbliğ olunmasının daim ölkə rəhbərinin diqqət mərkəzində olduğunu, eyni zamanda tədbirin keçirilməsinin əsas məqsədinin xalqımızın adət-ənənələrinin yaşadılması, bayram adətlərinin yeni nəslə ötürülməsi, şagirdlərin milli ruhda yetişdirilməsinin təmin edilməsi olduğunu diqqətə çatdırdı.
Tədbirdə rəsmi qonaq qismində iştirak edən Salman Əbdülov, Gülşən Şıxlarova və Fərhad Həsənov çıxış edərək bildirdilər ki, cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda yaşayan müxtəlif xalqların milli-mənəvi dəyərləri, dini etiqadı və adət-ənənələri qorunub saxlanılmış və multikultural dəyərlərə hörmət dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan nəinki regionda, hətta bütün dünyada multikulturalizmin və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən biridir. Mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması sahəsində atılan addımlar nəticəsində ölkəmizdə yaşayan bütün xalqlar mehriban ailə, dost qardaş kimi yaşayır və bu birlik gündən-günə daha da möhkəmlənir.
Daha sonra aparıcılar Novruz bayramı haqqında ümumi məlumat veriblər. Tədbir məktəb şagirdləri tərəfindən hazırlanmış Azərbaycanda yaşayan 10 ölkə - Azərbaycan, Türkiyə, Amerika, Gürcüstan, Qazaxıstan, Ukrayna, Yaponiya, Almaniya, İspaniya, İtaliya xalqlarının geyimlərinin, milli adət-ənənələrinin, rəqslərinin və musiqisinin nümayiş olunması ilə davam etmişdir.
Bayram şənliyində Keçəl və Kosa obrazlarının çıxışı xüsusi maraqla qarşılanıb. Şagirdlər Novruza həsr olunmuş müxtəlif şeirlər səsləndirib, qədim Novruz ənənələrini yaşadaraq milli dəyərləri nümayiş etdiriblər.