Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi Avropanın yeni enerji xəritəsini müəyyən edəcək
Gülnar Həsənova
YAP Suraxanı rayon təşkilatının üzvü
Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının müəllimi
Azərbaycan dünyanın aparıcı dövlətləri ilə əlaqələrini ümummilli mənafelərə əsaslanan xətlə inkişaf etdirməkdədir. Ölkəmizin iqtisadi potensialını düzgün qiymətləndirən nüfuzlu dövlətlər də respublikamızla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər.
Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır. Dekabr ayının 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər. “Strateji tərəfdaşıq”, - deyən ölkə başçısı bildirdi ki, imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə əməkdaşlıq əlaqələrinin yüksək statusundan xəbər verir.
İqtisadi amillərdən söz açan dövlət başçısı qeyd etdi ki, interkonnektorun fəaliyyəti ölkələrin sənaye inkişafına böyük töhfə verəcəkdir. Azərbaycan və Bolqarıstanı strateji tərəfdaşlıq sazişi bağlayır. Münasibətlərimiz çox dinamik, dostluq və strateji tərəfdaşlıq üzərində qurulub. Gələcək planlar qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Əsas iqtisadi hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır.
Mərasimdə İlham Əliyev ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə imzalanmış Anlaşma Memorandumu xatırlatmışdır. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır.
Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında diplomatik münasibətlərin qurulması Azərbaycanın dövlət müstəqilliyinin ilk dövrünə təsadüf edir. Ölkə başçılarının qarşılıqlı səfərləri son illərdə sürətlə inkişaf edən ikitərəfli münasibətlərə əlavə impulslar vermiş və bir sıra uğurlu nəticələrlə yadda qalmışdır. Bu gün ölkələrimiz arasında mövcud olan münasibətlərin xarakteri deməyə əsas verir ki, dünya siyasətində özünəməxsus yeri olan Bolqarıstan Azərbaycanla mövcud əlaqələrin daha da genişləndirilməsində maraqlıdır.
Ölkəmizin Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başlamışdır. Bu ölkəmiz üçün əhəmiyyətli addım idi.2006-cı ilədək Rusiyadan qaz idxal edən Azərbaycan məhz “Şahdəniz” yatağından hasil olunan təbii qaz hesabına nəinki öz tələbatını ödəmək, hətta mavi yanacağını Avropa bazarlarına çıxarmaq imkanı qazanmışdır. 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanmışdır. Bu da öz növbəsində ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir.