Neft-qaz ölkəsi olan Azərbaycanın “yaşıl enerji”yə keçid istiqamətində atdığı addımlar iqtisadi, ekoloji, geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır

Neft-qaz ölkəsi olan Azərbaycanın “yaşıl enerji”yə keçid istiqamətində atdığı addımlar iqtisadi, ekoloji, geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır
Yasin Quliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin direktoru

Torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan daha böyük iqtisadi yüksəlişdədir. İstər işğaldan azad edilmiş ərazilərdə, istərsə də bölgələrdə müxtəlif sənaye obyektləri istifadəyə verilir, yeni infrastrukturlar yaradılır, elm və texniki yeniliklər istehsal prosesinə daha intensivliklə tətbiq edilir. Son on ildə dünya enerji böhranı ilə üzləşib. Bu problemin həllində Azərbaycan da dünyəvi xidmətdədir. Bunun üçün həm də ölkədaxili enerji potensialını yüksəltməkdədir.

Son illərdə dünyada enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri və dayanıqlı inkişaf məsələləri qlobal gündəmin əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu kontekstdə Azərbaycan Respublikası da öz enerji siyasətini yeni çağırışlara uyğun şəkildə yenidən formalaşdıraraq bərpa olunan enerji mənbələrinin inkişafını strateji prioritet elan etmişdir. Neft-qaz ölkəsi kimi tanınan Azərbaycanın “yaşıl enerji” yə keçid istiqamətində atdığı addımlar həm iqtisadi, həm ekoloji, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır.

Azərbaycan ənənəvi enerji resurslarının həm hasilatçısı, həm də ixracatçısıdır. Yəni, ölkəmiz dünyada neft və qaz ölkəsi kimi tanınır. Buna baxmayaraq, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə müvafiq infrastrukturun qurulması istiqamətində çox iri addımlar atan, böyük investisiyalar cəlb edən nadir neft-qaz ölkələrindəndir və bu iş hazırda sürətlə davam etdirilir.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin investisiya şirkətləri ilə bağlanan müqavilələr nəticəsində Azərbaycanda bərpaolunan enerji infrastrukturu sahəsində möhtəşəm nəticələr əldə olunur, eyni zamanda ölkəmiz digər dövlətlərlə də ikitərəfli əlaqələrdə maraqlıdır və bunu geniş şəkildə nümayiş etdirir.

Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edib. Dövlət başçısı “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsini Azərbaycanın energetika sektorunda mühüm hadisə kimi qiymətləndirib. Bildirilib ki, stansiyanın fəaliyyəti ölkənin enerji potensialının artırılmasına, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, habelə ümumi sosial-iqtisadi inkişafa əhəmiyyətli töhfə verəcək.

Dövlət başçısı stansiyanın tikintisində əməyi olan bütün qurumlara minnətdarlığını bildirərək, xüsusilə investor “ACWA Power” şirkətinin rolunu vurğulayıb. Qeyd edilib ki, bu layihə “ACWA Power” şirkətinin Azərbaycanda reallaşdırdığı ilk bərpaolunan enerji layihəsidir. Prezident İlham Əliyev bildirib ki, şirkətin ölkəmizdə bərpaolunan enerji, su ehtiyatlarının idarə olunması və digər strateji sahələr üzrə daha geniş investisiya planları mövcuddur və Azərbaycan dövləti bu təşəbbüsləri tam dəstəkləyir.

Prezident İlham Əliyev, eyni zamanda, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə ölkədə ilk layihənin də “ACWA Power” şirkəti tərəfindən investor qismində icra ediləcəyini qeyd edib. Bu layihənin ölkənin su təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacağı vurğulanıb.

“Bu gün isə biz bu gözəl hadisəni qeyd etməklə həm görülmüş işlərə bir növ yekun vururuq və ən əsası gələcək planlarla bağlı da öz baxışlarımızı bölüşürük. Çünki yenə də deyirəm, Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir”-bunu Prezident İlham Əliyev “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

“Bu layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Mən bir daha həm xarici, həm yerli investorların fəaliyyətini bu qərara görə qiymətləndirirəm və onlara bir daha deyirəm ki, Azərbaycana sərmayə qoyun. Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur, bizim bir çox neft kontraktlarımız artıq uzun illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir”, - Azərbaycan dövlət başçısı qeyd edib.