Müsahibədə vurğulanan Azərbaycan–Özbəkistanın  ortaq tarixindən müasir dövrə uzanan münasibətləri

Müsahibədə vurğulanan Azərbaycan–Özbəkistanın  ortaq tarixindən müasir dövrə uzanan münasibətləri

Ləman Məsimova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu  65 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi 

Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər, birlik və həmrəyliyə əsaslanan möhkəm təmələ malikdir.Tarixin yaddaşında iz buraxan ortaq dəyərlər zaman keçdikcə xalqları bir-birindən uzaqlaşdırmır, əksinə, onları daha möhkəm bağlara qovuşdurur. Azərbaycan və Özbəkistan münasibətlərinin təməlində yalnız dövlət maraqları deyil, əsrlərin sınağından keçmiş mənəvi yaxınlıq dayanır. 

 Son illərdə Azərbaycan–Özbəkistan əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyaraq müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Dövlətlərarası münasibətlərin yüksək səviyyəyə çatmasında Azərbaycan və Özbəkistan prezidentləri arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad xüsusi əhəmiyyət daşıyır. Son beş ildə ən yüksək səviyyədə həyata keçirilmiş 15 qarşılıqlı səfər və sıx təmaslar iki ölkə arasındakı siyasi dialoqun ardıcıl və dinamik inkişafına əlverişli şərait yaradıb.        

Ortaq tarix iki xalqın keçmişini birləşdirən körpüdürsə, bu gün qurulan dostluq həmin körpünü gələcəyə aparan yoldur.2024-cü ilin avqustunda Azərbaycanın Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidenti Şafkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı imzalanmış sənədlər, xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasındakı əlaqələrin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib.

2023-cü ilin avqustunda yaradılmış Ali Dövlətlərarası Şura da Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında mühüm institusional mexanizmə çevrilib. Şuranın fəaliyyəti uzunmüddətli əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsinə, yeni təşəbbüslərin təşviqinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsinə xidmət edir.      

Azərbaycan–Özbəkistan münasibətlərində tarix keçmişdə qalmış bir yaddaş deyil, bu günün əməkdaşlığına istiqamət verən canlı bir dəyərdir. Bu gün siyasi münasibətlər iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıqla tamamlanır.

İqtisadi-ticari münasibətlər də iki ölkə arasındakı əməkdaşlığın mühüm istiqamətlərindən biridir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar–may aylarında isə ticarət dövriyyəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artım qeydə alınıb. Üç il əvvəl 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılmış  Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti də investisiya əməkdaşlığının inkişafında mühüm platforma kimi çıxış edir.

Qardaşlıq yalnız sözlə ifadə olunan münasibət deyil; o, qarşılıqlı etimadda, həmrəylikdə və çətin məqamlarda bir-birinə dayaq olmaqda özünü göstərir.Energetika və yaşıl enerji sahəsində əməkdaşlıq da inkişaf etməkdədir. Neft-qaz sahəsində 2016-cı ildən fəaliyyət göstərən “Neftegaztexnologiya” birgə müəssisəsi, 2024-cü ildə yaradılmış “Turan Energy AFEZCO” və 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika idarələri tərəfindən yaradılmış “Yaşıl Dəhliz Birliyi” bu əməkdaşlığın nümunələridir. Yaşıl enerji dəhlizi layihəsi bərpaolunan enerjinin ixracı və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarının əlaqələndirilməsini nəzərdə tutur.

 Nəqliyyat və tranzit sahəsində də müsbət dinamika müşahidə olunur. 2025-ci ildə tranzit daşımaların həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. 2026-cı ilin yanvar–iyun aylarında isə 12,2 faizlik artım qeydə alınıb. Füzuli rayonunda salınan 100 hektarlıq “Dostluq bağı”, “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlıq iqtisadi münasibətlərin konkret nəticələri kimi qeyd olunur.

 Bir xalqın irsinə göstərilən hörmət digər xalqın tarix və mədəniyyətinə göstərilən hörmətlə birləşdikdə, dostluq daha dərin məna qazanır. Tarix müəllimi olaraq bu münasibətləri dəyərləndirmək yalnız siyasi hadisələri sadalamaq deyil, xalqların keçmişdən gələcəyə uzanan bağlarını görməkdir.

Bu gün qurulan əməkdaşlıq sabahın tarixində iki qardaş xalqın birliyinin yeni səhifəsi kimi yadda qala bilər. Ortaq mənəvi dəyərlər zamanın dəyişdiyi, siyasi və iqtisadi şərtlərin yeniləndiyi bir dünyada xalqları bir arada saxlayan möhkəm dayaqlardandır.Azərbaycan və Özbəkistanın əməkdaşlığı göstərir ki, ortaq keçmiş gələcək üçün də ortaq yol aça bilər.Belə ki, Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlər qarşılıqlı investisiyalarla da zənginləşir.  Eyni zamanda Azərbaycan şirkətləri də Özbəkistanda layihələr həyata keçirirlər. Daşkənddə “The Ritz-Carlton” brendi altında inşa edilən hotel və yaşayış kompleksi, eləcə də Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” turizm və yaşayış kompleksi bu layihələr sırasındadır.

Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri də mədəni-humanitar əməkdaşlıqdır. Bu əməkdaşlığın əsasını xalqlarımızın ortaq kökləri, dil və mədəni yaxınlığı, əsrlər boyu formalaşmış mənəvi dəyərləri təşkil edir. Mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər və təhsil proqramları xalqlar arasında qarşılıqlı anlaşmanın, etimadın, dostluğun və qardaşlığın möhkəmlənməsinə xidmət edir. 2023-cü və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə isə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib. Həmin il Xivə şəhərində “Şuşa Günləri” keçirilib.

Tarix və mədəniyyət baxımından diqqətçəkən məqamlardan biri də Özbəkistan Milli Pedaqoji Universitetinin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşımasıdır. Bakının mərkəzində təməli qoyulan və 5 hektar ərazini əhatə edən “Özbəkistan” parkı da iki xalq arasındakı qardaşlığın rəmzlərindən biri kimi təqdim olunur.

Təhsil sahəsində əməkdaşlıq mədəni-humanitar tərəfdaşlığın aparıcı istiqamətlərindən biridir. 2025–2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşı Özbəkistanda təhsil alıb. Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına orta məktəb iki ölkə arasındakı təhsil əməkdaşlığının parlaq nümunəsi kimi göstərilir. Bu təşəbbüs, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa və tikinti işlərinə göstərilən dəstək Azərbaycan–Özbəkistan qardaşlığının daha bir ifadəsidir.

Xalqların bir-birini daha yaxından tanımasında media, qeyri-hökumət təşkilatları, turizm və regionlararası əlaqələr də mühüm rol oynayır. 2024 və 2025-ci illərdə Azərbaycan–Özbəkistan media forumlarının keçirilməsi, 2023 və 2024-cü illərdə QHT Əməkdaşlıq Forumlarının təşkili, 2026-cı ildə isə iki ölkənin birlikdə QHT-lər üçün ilk dəfə qrant müsabiqəsi elan etməsi əməkdaşlığın yeni istiqamətlərinin formalaşdığını göstərir.

Turizm sahəsində də artım müşahidə olunur. Özbəkistandan Azərbaycana 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar–avqust aylarında isə 44 min vətəndaş səfər edib. Regionlararası əməkdaşlığın inkişafı da xalqlarımız arasındakı əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bakı–Daşkənd, İsmayıllı–Riştan, Şuşa–Xivə, Lənkəran–Buxara, Şəki–Kokənd və digər şəhərlər arasında qardaşlaşma və tərəfdaşlıq münasibətləri yaradılıb.

Azərbaycan–Özbəkistan əməkdaşlığı Türk Dövlətləri Təşkilatı çərçivəsində də xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkə TDT-ni yalnız dövlətlərarası əməkdaşlıq platforması deyil, həm də ortaq tarix, mədəniyyət və mənəvi dəyərləri gələcəyə daşıyan mühüm birlik kimi qiymətləndirir. Siyasi dialoq, iqtisadi əlaqələr, nəqliyyat və logistika, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlıq türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə xidmət edir.Düşünürük ki, bu münasibətlərin diqqətçəkən cəhətlərindən biri ortaq türk irsinin qorunması və gələcək nəsillərə ötürülməsidir. Özbəkistanın 2025-ci ilin mayında Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzvü qəbul edilməsi türk dünyasının ortaq irsinin qorunması və təşviqi istiqamətində əməkdaşlıq imkanlarını genişləndirən mühüm hadisə kimi təqdim olunur.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri də son illərdə müttəfiqlik, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Tarixi və mədəni yaxınlıq, ortaq mənəvi dəyərlər bu əlaqələrin möhkəm təməlini təşkil edir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərar regional əməkdaşlıq baxımından yeni imkanlar yaradıb. Azərbaycanın bu prosesə qoşulması nəticəsində əvvəllər “C5” adlanan əməkdaşlıq formatı faktiki olaraq “C6” formatına çevrilib.

Nəticə olaraq, təqdim olunan müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin çoxşaxəli xarakter daşıdığını göstərir. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər dayanır. Siyasi dialoq, iqtisadi tərəfdaşlıq, investisiya, enerji, nəqliyyat, təhsil, elm, mədəniyyət, humanitar əlaqələr və regionlararası əməkdaşlıq bu möhkəm təməli daha da gücləndirir. Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda əməkdaşlığı isə ortaq dəyərlərin gələcəyə daşınmasına xidmət edir. Xalqlar arasında əsrlər ərzində formalaşmış dostluq və qarşılıqlı rəğbət müasir dövrdə dövlətlərarası əməkdaşlığın möhkəm əsasına çevrilib.

Bu əməkdaşlıq yalnız bu günün münasibətlərini deyil, həm də ortaq tarixi və mədəni irsin gələcək nəsillərə ötürülməsini əhatə edən strateji humanitar körpü kimi təqdim olunur. Bu gün qurulan dostluq və əməkdaşlıq sabahın tarixini yazacaq. Çünki tarix yalnız keçmişdə baş verənləri yadda saxlamaq deyil, bu gün atılan addımların gələcək nəsillərin yaddaşında necə yaşayacağını da düşünməkdir. Azərbaycan və Özbəkistanın ortaq tarixə, mədəniyyətə və mənəvi dəyərlərə söykənən münasibətləri göstərir ki, keçmiş bizi birləşdirirsə, bu günümüz bizi yaxınlaşdırır, gələcəyimiz isə bizi eyni yolun yolçusuna çevirir.

Paylaş