Müstəqil Azərbaycanımızın firavan gələcəyi də məhz Yeni Azərbaycan Partiyasının siyasi dəst-xətti ilə yazılacaqdır
1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik əldə etsə də ölkədə vəziyyət son dərəcə gərgin idi. Dövlət idarəetməsi tamamilə naşı və səriştəsiz şəxslərin əlinə keçmiş, nəticədə özbaşınalıq baş alıb gedirdi. Nəinki müstəqilliyin itirilməsi, hətta xalqın, ölkənin parçalanmaq təhlükəsi qaçılmaz idi. İnsanların bu gündən sabaha ümidləri qalmamışdı. Belə bir çətin məqamda xalq nicat yolunu həmin vaxt Naxçıvanda yaşayan Ulu Öndər Heydər Əliyevə müraciət etməkdə gördü. Xalqın dahi şəxsiyyət Heydər Əliyevin ətrafında birləşməsi üçün yeni bir siyasi təşkilata ehtiyac vardı. Məhz bu məqsədlə 91 nəfər Azərbaycan ziyalısı Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Ulu Öndər ziyalıların müraciətinə müsbət cavab verdi və Yeni Azərbaycan Partiyasını yaratmaqla insanlara yaşamaq ümidləri bəxş etdi. Təbii ki, Yeni Azərbaycan Partiyasının yaradılması heç də asan deyildi, çünki həmin dövrdə hakimiyyətdə olan şəxslər partiyanın təşkilatlanmasına mane olmaq üçün hər vasitəyə əl atırdılar. Bütün çətinliklərə baxmayaraq Yeni Azərbaycan Partiyası sürətlə təşkilatlanır və inkişaf edirdi.
Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin ideya və amallarını özündə cəmləşdirən Yeni Azərbaycan Partiyası həqiqətən də xalqın nicat, qurtuluş yolu oldu. Xalqın yekdil dəstəyi ilə qısa zaman ərzində iqtidar partiyasına çevrilən Yeni Azərbaycan Partiyası dəfələrlə xalqın etimadını dğruldaraq ümumxalq partiyası statusunu qazandı. Ölkəni və xalqı olmazın böhranlardan, məhrumiyyətlərdən xilas edən Yeni Azərbaycan Partiyasına gənclərin marağı artmağa başladı. Cənab Prezident İlham Əliyevin partiyanın II Qurultayında Sədrin I müavini vəzifəsinə seçilməsi isə partiyada gəncləşmə siyasətinin əsası hesab edilir. Yeni Azərbaycan Partiyası öz Proqramından irəli gələn bütün vəzifələri yerinə yetirərək dövlət müstəqilliyini möhkəmləndirmiş, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi kimi mühüm işləri layiqincə həyata keçirmişdir.
29 il ərzində keçirilmiş hər bir qurultay Yeni Azərbaycan Partiyasının həyatında əlamətdar hadisə olaraq qalmışdır. Lakin bu ilin mart ayının 5-də keçirilən VII Qurultay özünəməxsusluğu ilə seçilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər yeni yeni reallıqlar yaratdı. Həmçinin cənab Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi davamlı islahatlar siyasi sistemdə də özünü təcəssüm etdirməyə başladı. Bütün bu yeniliklərin fonunda Yeni Azərbayan Partiyasının VII Qurultayının keçirilməsi üçün əsaslı zərurət yaranmışdı. Partiyanın VII Qurultayında yeni Nizamnamə qəbul olundu, 40 nəfərdən ibarət İdarə Heyəti formalaşdırıldı və yeni struktur olan Veteranlar Şurası yaradıldı. Həmçinin partiya sədri, cənab Prezident İlham Əliyev tərəfindən İdarə Heyətinə yeni Proqramın hazırlanması tapşırğı verildi. Qısa zaman ərzində yeni vəzifələri özündə ehtiva edən yeni proqram qəbul edildi. Birinci-vitse prezident Mehriban xanım Əliyevanın VII Qurultayda partiya sədrinin birinci müavini seçilməsi eyni zamanda Yeni Azərbaycan Partiyasının həyatında mühüm hadisədir.
Xalqımızın rəğbətini, sevgisini qazanmış siyasi xadim çox hörmətli Mehriban xanım Əliyeva partiyanın gələcək inkişafına öz böyük töhfələrini verəcəkdir. Yeni Azərbaycan Partiyasının məqsəd və məramı müstəqil Azərbaycan dövlətinin davamlı inkişafının və xalqın firavan həyat şəraitinin təmin edilməsidir. 29 il ərzində Yeni Azərbaycan Partiyasının keçdiyi yol, gördüyü işlər belə deməyə əsas verir. Əsas şüarı “Yeni Azərbaycan naminə!” olan Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz, partiyamızın banisi, dahi şəxsiyyət Heydər Əliyevin qeyd etdiyi kimi, dünənin, bu günün, gələcəyin partiyasıdır. Müstəqil Azərbaycanımızın firavan gələcəyi də məhz Yeni Azərbaycan Partiyasının siyasi dəst-xətti ilə yazılacaqdır.
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatı, baş məsləhətçi