Milli Qurtuluş Günündən başlanan şərəfli inkişaf yolu

Milli Qurtuluş Günündən başlanan şərəfli inkişaf yolu
Yusif İbrahimov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi   

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il 15 iyun tarixinin önəmi, əhəmiyyəti hər birimizə aydındır. Daxili çəkişmələr, Ermənistanın təcavüzü, ölkəyə rəhbərlik edənlərin şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmalarının yaratdığı problemlər, faciələr, anarxiya, özbaşınalıq, dövlət müstəqilliyini itirmək təhlükəsi məhz müstəqilliyimizin ilk illərinin səciyyəvi xüsusiyyətləri idi. Belə çətin məqamda Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdi. Xalqı ilə birlikdə olduğunu bəyan edən Ulu Öndər Heydər Əliyevin iyunun 9-da Bakıya gəlişi, qardaş qırğınının qarşısını almaq istiqamətində göstərdiyi səylər o dövrün hadisələrinin şahidi olanların yaddaşlarındadır.
Ümummilli Liderimizin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır.
Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur. Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. Milli Qurtuluş Gününə qədər baş verən prosesləri obyektiv analiz etdikdə bir daha aydın olur ki, Ulu Öndər Heydər Əliyev üçün necə ağır bir miras qalmışdı.
Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəni parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir.
Azərbaycan xalqı hər zaman əmin idi ki, məhz Heydər Əliyev siyasətinin davam etdirilməsi torpaqlarımızı işğaldan azad edəcək və ərazi bütövlüyümüz bərpa olunacaq. Heydər Əliyev siyasəti davam edir və davam edəcək.
Dünya dəyişib, amma xalqa sədaqətlə xidmət, dövlətçilik, azərbaycançılıq kimi fundamental dəyərlər dəyişməyib. Məhz bu prinsiplərlə inkişaf edən Azərbaycan tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü bərpa etdi.