Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Səmayə Məmmədova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı rayonu, 126 saylı uşaq bağçası və körpələr evinin müdiri

Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərində qurulması, qısa müddət ərzində yeni ordunun formalaşdırılması, məhz Heydər Əliyevin bütün xalqı bu prosesə cəlb etməsi idi. Heydər Əliyev bu sahədə də bir möcüzə yaratdı, Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yaratdı, ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırdı və Azərbaycan Ordusunu da Azərbaycanın müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirdi.

Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu.  Ulu Öndərin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir.

Gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsi əsas vəzifələrdən hesab edilir. Bu məqsədlə təhsil müəssisələrinin bütün pillələrində gələcəyin memarlarına vətənpərvərlik ruhu aşılanır, onlar Vətənə, dövlətə məhəbbət hissi ilə tərbiyə olunur. Gənclərdə bu hisslərlə yanaşı, hərb peşəsinə məhəbbəti təbliğ edən yarım əsrlik tarixə malik Cəmşid Naxçıvanski adına Hərbi Liseyin müstəsna rolu vardır.  

Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır.  Ordu quruculuğunda ən önəmli məsələ hərbi təhsil ocaqları, onların fəaliyyət dairələrinin genişləndirilməsi, milli zabit kadrlarının hazırlanmasıdır. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.  Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi.

İkinci Qarabağ müharibəsindən qalib çıxmağımız tarixə qızıl hərflərlə yazıldı. Bu müharibədə Azərbaycan Ordusu işğala son qoydu. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın.

“Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayiş etdirmişdir.

: