MİLLi İDEYALARA SƏDAQƏT NÜMUNƏSİ-HEYDƏR ƏLİYEV!
Dadaş Baba-zadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədri
Suraxanı rayonu 89 nömrəli tam orta məktəbin direktoru
Milli dövlətə mənsubluq əsrlər boyu hər bir xalqın nəyə qadir olduğunu, şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirmişdir. Bu mənada, xalqların qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir. Yalnız özünü milli etnos kimi dərk edən xalqlar milli dövlət quraraq onun mövcudluğunu qoruyub saxlaya bilmişlər.
Təcrübə göstərir ki, hər bir xalqın əlverişli tarixi şəraitdə milli-etnik soykökünə qayıdışı, əsrlər boyu əxz etdiyi milli-mənəvi dəyərlər və düşüncə sisteminə söykənərək özünəməxsusluğunu qorumaq fürsəti əldə etməsi tarixi şəxsiyyət fonemeninin fövqaladə missiyası ilə şərtlənir. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan ideya formasında yaranmışdır. Azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini -əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq əsrin sonlarına doğru-mustəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurdu. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri misilsizdir. Onun Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır. 1991 -ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Ümummilli lider Heydər Əliyevin gərgin işgüzarlıqla göstərdiyi səy nəticəsində Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Naxçıvan Muxtar Respublikasında dövlət rəmzləri bərpa edildi, milliləşdirilmə siyasəti uğurla həyata keçirildi.
Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən dövlət quruculuğu ilə yanaşı milli ideologiyanın yaradılması kimi əhəmiyyətli tarixi faktı da vurğulamaq gərəkdir. Məlum olduğu kimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan vətəndaşları deyil, eyni zamanda bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi.
Bu gün müasir Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Onun əsasını qoyduğu siyasət, milli ideyalar layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edən Azərbaycan dünya miqyasında böyük zirvələr fəth etməkdə davam edir.