Mehriban Əliyevanın milli və bəşəri missiyası - tarixi ənənələrlə müasir dəyərlərin vəhdətində
Tahir Budaqov
Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri
Əsrlərdir ki, bəşəriyyətin tərəqqisinə, xalqların intibahına və yüksəlişinə, dövlətlər və millətlərarası münasibətlərin inkişafına, sivilizasiyalar arasında dialoqun təmin olunmasına xidmət edən mütərəqqi ideyaların və fenomenal şəxsiyyətlərin fəaliyyətinin önəmindən söz açılır. Tarixi təcrübə, müxtəlif mənbələr milli maraqlarla ümumbəşəri dəyərlərin vəhdətini yaratmış, ənənələrlə müasir dəyərlərin ahəngini təmin etmiş şəxsiyyətlərin həm öz xalqları və dövlətlərinin tərəqqisi üçün töhfələrini, həm də bəşəriyyətin keçmişi ilə gələcəyi arasında mənəvi-siyasi körpü yaratmalarını təsdiq edir.
Təqdirəlayiq haldır ki, zəngin dövlətçilik tarixinə, bəşəri sərvət kimi dəyərləndirilən mənəvi dəyərlərə, unikal mədəni irsə və qabaqcıl təcrübəyə malik olan Azərbaycan xalqı da bu kontekstdə fərqlənməyi, dünyaya parlaq nümunələr təqdim etməyi bacarıb. Xalqımıza möhtəşəm tarixi nailiyyətlər qazandıran, dövlətimizi inkişaf və Zəfər zirvəsinə yüksəldən qüdrətli liderlərin - Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin qətiyyətli siyasəti bu reallığı təmin və mümkün edən əsas amildir. Ulu Öndər Heydər Əliyevin yaratdığı ənənələr və müzəffər lider İlham Əliyevin yaşatdığı dəyərlər milli maraqlarımızın etibarlı müdafiəsi, Azərbaycanın gələcəyinin təminatıdır. Bununla yanaşı, Birinci vitse-prezident, YAP Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti milli və bəşəri dəyərlərə sadiqlik nümunəsi, güclü və nüfuzlu dövlətimizin dünyaya təqdimatı, xalqımızın yaradıcılıq və quruculuq əzminin nümayişidir.
Ümumiyyətlə, Mehriban xanım Əliyevanın ictimai-siyasi portretinin cizgilərinə və fəaliyyətinin mənəvi-siyasi əsaslarına nəzər saldıqda görürük ki, o, həm milli, həm də bəşəri missiyanın daşıyıcısıdır. Fəaliyyəti xalqının ali mənafeyinin, ölkəsinin dövlətçilik maraqlarının müdafiəsi ilə məhdudlaşmır, ümumbəşəri mahiyyət, qlobal məzmun daşıyır, insan amilinə, humanizm və vətənpərvərlik prinsiplərinə söykənir. Daha dəqiq desək, Mehriban xanım Əliyeva bu günə qədər müxtəlif vəzifələrdə uğurlu fəaliyyət göstərməklə Azərbaycanın tərəqqisində, beynəlxalq müstəvidə nüfuzunun artmasında, hədəflərin reallaşdırılmasında, milli maraqların qorunmasında, bəşəri dəyərlərin təbliğində və təşviqində müstəsna rol oynayıb. O, bu gün də Azərbaycana tarixi nailiyyətlər qazandıran çoxşaxəli fəaliyyətini inamla və əzmlə davam etdirir.
Faktlara nəzər yetirdikdə Mehriban xanım Əliyevanın nümunəvi ictimai-siyasi obraz yaratdığını, xalqımızı şərəflə və ləyaqətlə təmsil etdiyini, xalqın rifahına, ölkənin firavanlığına hədəflənən, Azərbaycanın gücünün artmasına imkan verən işlər gördüyü məlum olur:
- Əvvəla, Mehriban xanım Əliyeva Milli Məclisin deputatı kimi inam və etimadı doğruldub, yeni standartlar və mütərəqqi örnək yaradıb. O, parlamentdə seçiciləri layiqincə təmsil etməklə vətəndaş-dövlət münasibətlərinin möhkəmlənməsinə, ictimai həmrəyliyin, milli birliyin güclənməsinə müstəsna töhfələr verib. Birinci xanımın təşəbbüsü ilə bir çox sosial məsələlərin həlli istiqamətində zəruri işlər görülüb. Amnistiya təşəbbüsləri ilə çıxış etməsi, xeyriyyə aksiyalarının keçirilməsi və digər mühüm işlər xüsusi qeyd edilməlidir. Təsadüfi deyil ki, Azərbaycan xalqı Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətini müsbət qiymətləndirib, seçiciləri ona bir neçə dəfə etimad göstəriblər;
- Mehriban xanım Əliyevanın ideya və təşəbbüsləri tarixi ənənələrin, milli-mənəvi dəyərlərin və dövlətçilik maraqlarının qorunmasını, yeni dəyərlərin təşəkkülünü təmin edib. Bu isə Azərbaycanın siyasi dayaqlarının möhkəmlənməsinə, bəşəriyyətin tarixi və mədəni irsinin zənginləşməsinə layiqli töhfə olub. Xüsusi qeyd etmək lazımdır ki, onun rəhbərliyi ilə Heydər Əliyev Fondu həm ölkəmizdə, həm də respublikamızın inzibati-coğrafi sərhədlərindən kənarda çoxşaxəli fəaliyyət göstərməklə ictimai, mədəni, humanitar nöqteyi-nəzərdən tarixi önəm daşıyan mühüm nailiyyətlərə imza atıb.
Müxtəlif sahələri əhatə edən məqsədyönlü tədbirlər həyata keçirən, səmərəli layihələr reallaşdıran fond həm ölkənin inkişafında, həm də Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə təqdim olunmasında əhəmiyyətli rol oynayır.
Ən əsası, Heydər Əliyev Fondu Ümummilli Liderin zəngin irsinin araşdırılması və bu irsin xalqımızın mənəvi sərvəti kimi gələcək nəsillərə çatdırılmasına müstəsna töhfələr verir. Bu, həm tariximizin taleyüklü məqamlarının öyrənilməsi, həm də Heydər Əliyev irsinin tədqiq və təbliğ olunması üçün vacib əhəmiyyətə malikdir.
Fondun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli fəaliyyəti isə Prezident İlham Əliyevin hücum diplomatiyası siyasətinə və informasiya müharibəsində dövlətin mövqelərinin möhkəmlənməsinə inamlı, qətiyyətli və təsirli dəstəkdir. Heydər Əliyev Fondu erməni yalanlarının ifşası istiqamətində məqsədyönlü iş görüb. Tarixi faktların və mövcud reallıqların diqqətə çatdırıldığı təkmil internet resurslarının yaradılması, müxtəlif dillərdə geniş auditoriyaya istiqamətlənmiş təbliğat aparılması, hər il bir sıra ölkələrdə Xocalı faciəsinə həsr olunan konfransların, tədbirlərin keçirilməsi və digər addımlar sistemli fəaliyyətin tərkib hissəsidir.
Erməni vandalizminin iç üzünün açılmasında və Xocalı faciəsinin soyqırımı kimi tanıdılmasında isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının önəmli rolu var. Prezident İlham Əliyev bildirib ki, fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi: "Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlar uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir".
Milli mübarizəmiz hərb müstəvisində olduğu kimi, informasiya cəbhəsində də aparılır. Ona görə də bu istiqamətdə işlər ardıcıl olaraq - yeni dönəmin reallıqlarına və çağırışlarına uyğun davam etdirilir. İnformasiya müharibəsində Azərbaycanın mövqelərinin gücləndirilməsi üçün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondunun həyata keçirdiyi "Karabakh.Center" layihəsi xüsusi əhəmiyyətə malikdir. Bu, qlobal müstəvidə mövcud reallıqlara obyektiv baxışın əhatə dairəsinin genişləndirilməsi üçün zəruridir.
Eyni zamanda Heydər Əliyev Fondu genişmiqyaslı quruculuq fəaliyyəti ilə xalqımızın ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə sonsuz hörmətini ifadə edir. Fondun dəstəyi ilə Azərbaycanın müxtəlif guşələrində, eləcə də respublikamızın hüdudlarından kənarda məscidlər, kilsələr, sinaqoqlar təmir-bərpa edilir, yenidən qurulur. Bərpa işlərinin dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə etməsi Heydər Əliyev Fondunun beynəlmiləl missiyasını, Azərbaycan xalqının tolerant və multikultural mahiyyətini əks etdirir. Avropanın bir sıra ölkələrində tarixi, dini, mədəni abidələrin bərpası bu kontekstdə ayrıca qeyd edilməlidir. Bununla yanaşı, bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillərə ötürülməsi istiqamətində işlərin görülməsi və digər addımlar Şərqlə Qərb arasında mənəvi körpü rolunu oynayan Azərbaycanın beynəlxalq miqyasda sivilizasiyalararası dialoqun inkişafına töhfəsidir, ölkəmizin humanitar sahədə ikitərəfli əlaqələrinin inkişafına müsbət təsir göstərir.
Yeni mərhələdə Heydər Əliyev Fondu yeni quruculuq missiyası ilə çıxış edir, şanlı, möhtəşəm və tarixi Zəfərimizin ictimai, mənəvi-siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi ilə əlaqədar zəruri işlər görür. İşğaldan azad edilmiş ərazilərdə tarixi, dini abidələrimizin bərpası və inşası istiqamətində həyata keçirilən fəaliyyət bu kontekstdə xüsusi qeyd olunmalıdır. Azərbaycan xalqının öz keçmişinə sadiqliyi, gələcəyə inamlı baxışı, tarixi ənənələrə sahib çıxması və milli dəyərlər əsasında fəaliyyət göstərməsi, o cümlədən qurub yaratmaq, abad etmək əzmi bütün dünyaya nümayiş etdirilir.
Bütövlükdə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun irəli sürdüyü təşəbbüslər və reallaşdırdığı layihələr cəmiyyətin yaradıcı və elmi-intellektual potensialının artırılmasına maddi, mənəvi və təşkilati dəstəyin göstərilməsi, milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin tarixi ənənələr və milli dəyərlər əsasında tərbiyə olunması, vətənpərvərliyin və milli həmrəyliyin gücləndirilməsi, xeyirxahlıq, humanizm kimi ümumbəşəri və ali dəyərlərin təbliğinin həyata keçirilməsi və digər istiqamətlərdə səmərəli nəticələrin əldə olunmasını təmin edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır".
- Azərbaycanın müsbət beynəlxalq imicinin möhkəmləndirilməsi mühüm prioritetlərdəndir. Bunun üçün dövlət siyasəti ilə yanaşı, davamlı fərdi və ictimai təşəbbüslərin irəli sürülməsi faydalı, önəmli və zəruridir. Dövlətin beynəlxalq nüfuzunun qorunması və gücləndirilməsi üçün müxtəlif siyasi mexanizmlərdən istifadə olunur. Bu kontekstdə təsirli vasitələrdən biri də mədəniyyət diplomatiyasıdır.
Mehriban xanım Əliyevanın milli mədəniyyətimizin təbliği, mənəvi irsimizin qorunması, Azərbaycanın zəngin tarixi və mədəni mirasının dünya ictimaiyyətinə çatdırılması istiqamətində genişmiqyaslı fəaliyyəti bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, həmçinin 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə Azərbaycan, ingilis və rus dillərində çap olunan "Azərbaycan - İrs" jurnalının təsis edilməsi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bir çox ölkədə xalqımızın milli-mənəvi dəyərlərinin, Azərbaycan xalqının zəngin mədəniyyət nümunələrinin tanıdılması ilə əlaqədar sərgilərin keçirilməsi kimi addımlar təkcə mədəniyyət hadisəsi deyil, eyni zamanda mənəvi-siyasi məzmuna və tarixi əhəmiyyətə malikdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə bir sıra ölkələrdən nüfuzlu sənət adamlarının, incəsənət xadimlərinin bir araya gəldiyi Qəbələ Beynəlxalq Musiqi Festivalının, eləcə də xalqımızın ənənəvi musiqi sənətinin dünya mədəni irsində layiqli yerini və rolunu nümayiş etdirən Beynəlxalq Muğam Festivalının keçirilməsi və digər addımlar Azərbaycanın beynəlxalq arenada təbliğinə geniş imkanlar yaradır. Qeyd edilənlərdən əlavə, UNESCO platformasından ölkəmizin müsbət və mütərəqqi simasının tanıdılmasında, zəngin mədəniyyətimizin təbliğində geniş istifadə olunur. Heydər Əliyev Fondunun prezidenti və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsində bu zamana qədər İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, "Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti", "Dədə Qorqud irsi", Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Həmçinin Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla evsahibliyi edib. Eyni zamanda bir sıra ölkələrdə sərgilərin, mədəniyyət günlərinin keçirilməsi, görkəmli şəxsiyyətlərimizin abidələrinin ucaldılması fondun Azərbaycanın zəngin mədəniyyətinin dünyada tanıdılması işinə töhfələridir.
Azərbaycanın mədəniyyət paytaxtı və Qarabağın tacı Şuşanın işğaldan azad olunmasından sonra "Xarıbülbül" festivalının, Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi də milli sərvətimiz olan mədəni irsimizin təbliğ və təqdim olunmasına yönələn faydalı təşəbbüslər və aşkar reallıqdır. Bu, əslində, diplomatiyanın fövqündə dayanan fəaliyyətdir;
- Mehriban xanım Əliyevanın siyasi fəaliyyəti məzmun və mahiyyət etibarilə konkret hədəflərə istiqamətlənib və real nəticələr verir. İstiqamət və məqsəd bəllidir - dövlətçilik maraqlarının, xalqın mənafeyinin qorunması, milli həmrəyliyin gücləndirilməsi və s. Bu fəaliyyətin mühüm tərkib hissələrindən biri qurucusu Ümummilli Liderimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası çərçivəsində görülən işlərdir. İnkaredilməz həqiqətdir ki, zəngin və şərəfli yol keçən, Azərbaycanın tərəqqisinə, milli məqsədlərin gerçəkləşdirilməsinə və strateji hədəflərə çatmasına layiqli töhfələr verən Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Partiyamızın nailiyyətləri xalq-lider birliyinin, ictimai-siyasi monolitliyin ifadəsi, Heydər Əliyev ideyaları üzərində təşəkkül tapan reallıq, Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.
Ümummilli Liderimizin siyasi mirası və milli dövlətçiliyin siyasi dayağı olan YAP bu günə qədər öz üzərinə düşən vəzifələri yerinə yetirib, tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atıb. Bu gün də xalqın mənafeyinə və dövlətin maraqlarına xidmət edən siyasi missiyasını uğurla davam etdirir. Başqa sözlə, Yeni Azərbaycan Partiyası inkişaf edir, islahatlar yolu ilə özünü yeniləyir. Xüsusilə də, partiyanın qurultaylarında qəbul edilən qərarlar həm təşkilati, həm də siyasi-ideoloji işin səmərəliliyinin artırılması, qarşıya qoyulan hədəflərin reallaşdırılması baxımından mühüm önəm daşıyır.
Xüsusi qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın partiyanın 2013-cü ildə keçirilmiş V Qurultayında YAP Sədrinin müavini seçilməsi, 2021-ci il mart ayının 5-də baş tutmuş VII Qurultayında isə YAP Sədrinin birinci müavini təyin olunmasından sonra görülən işlər Yeni Azərbaycan Partiyasının ölkə daxilində və beynəlxalq aləmdə nüfuzunun daha da artmasını, yeni nailiyyətlər qazanmasını təmin edib;
- Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı sərəncama əsasən, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması onun gördüyü işlərin real nəticəsidir. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi səmərəli fəaliyyəti Azərbaycanın ardıcıl uğurlar əldə etməsini şərtləndirib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu, inkişafın yeni mərhələsinə qədəm qoymaq və gələcək hədəflərə doğru əmin addımlarla irəliləmək üçün önəmli zəmindir.
Birinci vitse-prezidentin təşəbbüsü ilə ötən müddət ərzində görülən işlər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində insan amilinin, vətəndaşın rifahının və mənafeyinin dayandığını, sosial ədalət prinsipinin əsas götürüldüyünü bir daha təsdiqləyir. Xüsusilə də məcburi köçkünlərə, qaçqınlara, şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə, aztəminatlı ailələrə, erməni vandalizmindən, müharibədən əziyyət çəkən digər kateqoriyadan olan insanlara dəstək göstərilməsi və bu kimi digər addımlar Mehriban xanım Əliyevanın öz vədinə - Vətənə, xalqa və dövlətə sədaqətlə xidmət sözünə əməl etdiyini növbəti dəfə sübuta yetirib. Bu gerçəkliklər onun humanizm və vətənpərvərlik prinsiplərinə əsaslanan çoxşaxəli fəaliyyətinin milli mənafelərin qorunmasına yönəldiyini göstərir.
Mehriban xanım Əliyeva "İnam və səmimiyyət olan yerdə yaradıcılıq əzmi xariqələr yaratmağa qadirdir", - deyə söyləyib. Bəli, Azərbaycanın birinci xanımı ölkə daxilində unikal layihələr reallaşdırdığı kimi, eyni inam və səmimiyyətlə Azərbaycandan kənarda da yaradıcılıq - quruculuq əzmi nümayiş etdirir, müstəsna mədəni-mənəvi, ictimai-siyasi və tarixi önəm daşıyan işlər görür, ilklərə və nailiyyətlərə imza atır.
Təsadüfi deyil ki, adı xeyirxahlıq, vətənpərvərlik anlayışları ilə assosiasiya olunan, milli və bəşəri dəyərlərə bağlılığı ilə fərqlənən, ictimai-siyasi obrazı nümunəvi xarakter daşıyan Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə ölkəmizdə deyil, beynəlxalq miqyasda da yüksək dəyərləndirilir. Müxtəlif mənbələrə nəzər saldıqda ayrı-ayrı dövlətlərin rəsmilərinin, nüfuzlu siyasətçilərin, tanınmış ictimai xadimlərin, alimlərin, tədqiqatçıların Mehriban xanım Əliyevanın milli məzmunlu, qlobal əhəmiyyətli fəaliyyətini ifadə və təqdir edən fikirlərinə rast gəlirik.
Paralel olaraq bir çox mükafatlarla təltif olunması - Azərbaycanın ən ali dövlət mükafatı olan "Heydər Əliyev" ordeninə, həmçinin bir sıra dövlətlərin və təşkilatların nüfuzlu təltiflərinə layiq görülməsi Mehriban xanım Əliyevanın yüksək ideallara əsaslanan, mütərəqqi ideyaları və çağırışları özündə ehtiva edən, bəşəriyyətin təmənna və gözləntilərinə adekvat cavab verən fəaliyyətinin məzmun və mahiyyət etibarilə həm milli, həm də beynəlmiləl xarakter daşıdığını bir daha təsdiqləyir.
Şübhəsiz ki, dövlət adamı, siyasətçi, ictimai-siyasi xadim üçün ən böyük üstünlük ictimaiyyətin güclü dəstəyidir və bu dəstəyə söykənərək cəmiyyətin, dövlətin inamını, etimadını doğrultmaqdır. Mehriban xanım Əliyeva buna müvəffəq olub. Xalqın dərin rəğbəti, tükənməz sevgisi, sarsılmaz inamı və güclü etimadı mənəvi-siyasi sərvət kimi Mehriban xanım Əliyevaya fəaliyyətini inamla və əzmlə davam etdirməyə imkan və stimul verir - qalib dövlətin yeni zirvələr fəth etməsi, suverenliyimizin rəmzi, dövlətimizin güc, xalqımızın isə qürur mənbəyi olan üçrəngli bayrağımızın ən uca məqamda - müstəqillik və Qələbə zirvəsində əbədi dalğalanması üçün və daha güclü Azərbaycan naminə!