Macarıstana Azərbaycan qazı tədarük olunmağa başlayıb

Gülər Salmanova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan-Macarıstan əlaqələri iki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən daim yüksələn xətlə inkişaf edir. Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur. Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyədə dialoq mövcuddur. Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.
Bu gün Azərbaycan-Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri, tarixən Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələr hər iki ölkənin rəhbərlərinin səyləri ilə yüksək səviyyədədir.Azərbaycan Prezidenti cənab İlham Əliyevin mayın 20-də Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə dost ölkəyə növbəti işgüzar səfəri bunun bariz nümunəsidir.
İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Macarıstan parlamentində də Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir.
Ölkələrimiz arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf müşahidə olunur. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Azərbaycanda Macarıstan investisiyalı şirkətlər əsasən kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərir.
İki ölkə arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının əyani təsdiqidir. Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir. Dost ölkə Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edib. Macarıstan tərəfi CQD-nin Məşvərət Şurasının illik Nazirlər görüşlərində bir qayda olaraq nazir səviyyəsində təmsil olunur.
Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqda 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanan Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş mühüm yer tutur. Həmin Sazişdən irəli gələrək qeyd olunan ölkələr arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi ilə bağlı layihənin icrası istiqamətində səylər uğurla davam etdirilir.
Azərbaycanla Macarıstan arasında humanitar sahədə də əməkdaşlıq əlaqələri inkişaf edir. Azərbaycan Dillər Universitetində Macar dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Azərbaycan ilə Macarıstan Türk Dövlətləri Təşkilatı (TDT) və digər beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir. 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən Macarıstanın paytaxtı Budapeştdə TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Macarıstanın Baş naziri Viktor Orban 2018-ci ildəki bəyanatında bildirmişdi ki, macarlar özlərini Hun hökmdarı Atillanın nəslindən hesab edirlər və macar xalqı hun-türk köklərinə əsaslanır.
Prezident Əliyevi paytaxt Budapeştdə səmimiyyətlə salamlayan Macarıstanın Baş naziri Viktor Orban da mətbuata bəyanatında Azərbaycanın dar günün dostu olduğunu xüsusi olaraq vurğuladı və dövlətimizin başçısını Macarıstanın köhnə dostu kimi dəyərləndirdi: “Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub.
Hər iki liderin bu cür səmimi dostluq mesajları iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Hazırda iki ölkə arasında mövcud olan strateji münasibətlərin daha da möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artırılması və yeni investisiya imkanlarının müəyyənləşdirilməsi Bakı və Budapeşt üçün əsas prioritet istiqamətlər hesab olunur. Eyni zamanda, Azərbaycan qazının Macarıstana və Avropaya ixracının artırılması, Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi kimi məsələlər də gündəmdədir.
Bildiyimiz kimi keçən il Macarıstana Azərbaycan qazı tədarük olunmağa başlayıb. Eyni zamanda, macar şirkətləri Azərbaycan neft-qaz sektorunda çalışır. Macarıstan Azərbaycanın tranzit potensialından faydalanır. Macarıstanla Azərbaycan enerji sahəsində də əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycan Prezidenti bəyanatında bu sahəyə xüsusi diqqət ayırıb:
“Bizim ikitərəfli gündəliyimiz də kifayət qədər genişdir. Biz bu gün bunu geniş müzakirə etdik. Energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Bu barədə də bu gün fikir mübadiləsi aparıldı. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Mən bütün bu rəqəmləri kontraktlar əsasında deyirəm, yəni bu, reallaşacaq layihələrdir”.
Beləliklə, təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri bir daha möhkəm təmələ əsaslanan münasibətlərimizin gələcək inkişafının aydın mənzərəsini təqdim etdi. Bu səfər eyni zamanda bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq, Azərbaycan-Macarıstan əlaqələrində yeni mərhələ olacaq.