Macarıstan və Azərbaycan iki dost ölkə kimi qarşılıqlı dəstəyi bir-birinə əsirgəməyəcək
Elmira Ələkbərova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 87 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan iqtisadiyyatda yüksək artıma, habelə sabit siyasi sistemə malik, sürətlə inkişaf edən gənc demokratik ölkədir. Azərbaycan yaxın münasibətdə olduğu dövlətlərdən biri də, Macarıstandır. Azərbaycan-Macarıstan dostluğu dərin köklərə malikdir. Azərbaycan və Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq ruhunda yüksək səviyyədə inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin mühüm yerlərdən birini tutur. Macarıstan ölkəmizin Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. 2022-ci ildə diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib.
Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm də Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən, Macarıstan və Azərbaycan dost ölkələrdir. Uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı.
Azərbaycanda Macarıstan şirkətlərinin uğurlu fəaliyyətindən və Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan böyük quruculuq işlərində də macar şirkətlərinin iştiraka maraq göstərmələrindən məmnunluq ifadə edilib İşğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində iştiraka Macarıstan şirkətləri böyük maraq göstərirlər və bununla bağlı müvafiq layihələr təqdim ediblər. Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25.000 avro ianə edib. Bununla paralel olaraq, bu gün, eyni zamanda, macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılmışdır.
Yaxın gələcəkdə, bəlkə də bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Biz çox maraqlıyıq ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, biz birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb və biz, əlbəttə ki, bu bölgələri yenidən canlandıracağıq. Artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib.
İki ölkənin dost münasibətləri, strateji tərəfdaşlıq əsasında əlaqələrinin daim uğurla inkişaf edəcək və qarşıdakı dövrdə də bu əlaqələr genişlənməkdə davam edəcək. İki ölkə arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının əyani təsdiqidir.
2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə isə 47,4 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir. Bu səfər Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana dördüncü səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Dövlətimizin başçısının Macarıstana səfəri Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisidir.