Talıb Talıblı
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin müəllimi
Xalqımızın Ümummilli lideri, bütün yüzilliklər üçün dahi şəxsiyyət olan Heydər Əliyevin belə bir müdrik kəlamı var: “Mədəniyyəti inkişaf etdirmək üçün milli ruhu yaşatmaq lazımdır”. Ulu öndər istər Azərbaycan SSR-ə, istərsə də Azərbaycan Respublikasına rəhbərliyi dövründə bu kəlamı əsas prinsip kimi devizə çevirmişdir. Heydər Əliyev daima mədəniyyətimizin, ədəbiyyatımızın, milli dəyərlərimizin inkişafı üçün böyük xidmətlər göstərmişdir. Ümummilli liderimizin respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycan mədəniyyəti özünün intibah dövrünü yaşamağa başladı. Bu onun nəticəsi idi ki, dahi şəxsiyyət sənətə və sənətkarlara dərin hörmət və ehtiramla yanaşdı.
Mədəniyyətimizin və incəsənətimizin tanınmış nümayəndələrinin xatirəsini əbədiləşdirmək üçün böyük ölçüdə işlər gördü. İstər paytaxtımız Bakıda, istərsə də respublikamızın ayrı-ayrı bölgələrində əzəmətli abidələr ucaltdırdı. Ulu öndərin təşəbbüsü ilə bir çox elm və mədəniyyət xadimlərinin ev muzeyləri açılmış, onların xatirəsini əbədiləşdirmişdir. Belə ki Nəsimi, C.Cabbarlı, C.Məmmədquluzadə, H.Cavid, M.Füzulinin və digərlərinin şərəfinə tikilən abidələr şəhərlərimizin ümumi görkəminə, onun zənginləşməsinə xüsusi yaraşıq vermişdir.
Heydər Əliyevin 1994-cü ilin fevralın 9-da Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Azərbaycan mədəniyyətinə, onun xadimlərinə necə dəyər verdiyi bir daha özünü göstərir: “XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər”.
Ulu öndər Azərbaycan mədəniyyətinin Avropa mədəniyyəti ilə əlaqələndirilməsi üçün 1997-ci ildə Azərbaycanı Avropa Mədəniyyət Konvensiyasına qoşmuşdur. Heydər Əliyevin siyasi məsələlərdə olduğu kimi, mədəniyyət məsələlərində də əsasını qoyduğu kurs bu gün cənab Prezident İlham Əliyev tərəfindən yüksələn xəttlə davam etdirilir.