Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş İnqilab Qasımzadənin il mərasimi keçirilib

Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş  İnqilab Qasımzadənin  il mərasimi keçirilib
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu Qasımzadə İnqilab Füzuli oğlunun il mərasimi keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, RİHB-nin müavinləri, şəhid ailələri, rayon ictimaiyyəti iştirak ediblər.
İlk öncə Zığ qəsəbə məzarlığında şəhidin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Daha sonra Rayon İcra Hakimiyyəti tərəfindən açılan ehsan süfrəsində canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş bütün şəhidlərimizin əziz xatirələri yad edilib.
RİH başçısı Adil Əliyev çıxış edərək bildirib ki, müdrik rəhbər, qətiyyətli sərkərdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımız və rəşadətli ordumuz düşmən üzərində parlaq qələbə qazandı. Otuz ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız hərbi və siyasi-diplomatik yolla azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. O, qeyd edib ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə aparılan antiterror əməliyyatları nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib.
Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.