Litva prezidenti ilə görüşdə cənab İlham Əliyev dinamik inkişafı təmin edən siyasətin uğurla həyata keçirildiyini bildirdi

Litva prezidenti ilə görüşdə  cənab İlham Əliyev dinamik inkişafı təmin edən  siyasətin uğurla həyata keçirildiyini bildirdi

Rahidə İsmixanova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 290 nömrəli tam orta məktəbin direktoru

Litva Prezidenti Gitanas Nausedanın  mayın 18-də Azərbaycana səfər etməsi, o cümlədən   Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunda iştirak etməsi Azərbaycan Litva əlaqlərinin yüksək səviyyədə olmasının göstəricisidir. Forumun əsas məqsədi Azərbaycan və Litva arasında ticarət sahəsində tərəfdaşlığın gücləndirilməsi, potensial tərəfdaşların axtarışı, Azərbaycan şirkətləri ilə yeni işgüzar əlaqələrin qurulması idi.

Forumdakı çıxışında ölkə başçımız İlham Əliyev bildirdi ki, Azərbaycan qalib dövlət kimi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində çalışır. Lakin Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurur. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin, aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Ermənistan 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsindən də imtina etdi. İşə başlamaq üçün Ermənistandan hər hansı yeni tarixləri gözləyirik. Azərbaycan 2 ölkə arasındakı münasibətləri sülh və əməkdaşlıq müstəvisinə gətirə biləcək 5 baza prinsipi təqdim edib. Bu 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur. Özündə  dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması kimi prinsipləri əxz edən bu sənəd ümumilikdə Qafqazda uzunmüddətli və dayanıqlı sülhün əsası ola bilər.

Ermənistandan fərqli olaraq Azərbaycan iqtisadi cəhətdən daha inkişaf etmiş ölkədir. Litva prezidenti Gitanas Nauseda ilə görüşündə  dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycanın son illərdə dinamik inkişafını təmin edən başlıca amillərdən biri iqtisadiyyatının şaxələləndirilməsi siyasətinin uğurla həyata keçirilməsi, habelə prioritet istehsal sahələrinin uzlaşdırılması, inkişaf potensialının qarşılıqlı kömək mexanizmi əsasında reallaşdırılmasıdır. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı, həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmin olunması baxımından vacib əhəmiyyət kəsb edir.

 

Qlobal böhranın Azərbaycana ciddi sirayət etməməsinin əsas səbəblərindən biri kimi regionlarda əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizəsi, daxili istehsalın təşviq edilməsidir. Daxili investisiya qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə artması, xaricdən maliyyə asılılığının minimuma endirilməsi, real sektorun, istehsalla məşğul olan müəssisələrin hərtərəfli dəstəklənməsi, daxili bazarın qorunması da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dövlətinin əsasını təşkil edən tarixilik, realizm, mənəvilik, mədəniyyəttutumlu müstəqillik millətin xarici siyasi mentallığı ilə təmin edilir.

Prezident İlham Əliyev tərəfindən Azərbaycanın həyata keçirdiyi siyasət milli və bəşəri maraqların tarazlığı üzərində qurulmuşdur. Məhz buna görədir ki, Azərbaycan dövlətinin problemlərin siyasi həlli modeli bütün dövlətlərlə qarşılıqlı surətdə səmərəli əməkdaşlıq perspektivləri açır. Hazırda müstəqil ölkə kimi müstəqil siyasət aparan ölkəmiz xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Düşünülmüş siyasət olan yerdə inkişaf da var. Azərbaycanda düşünülmüş siyasət aparılır. Məhz buna görə biz bütün bölgədə, dünyada yaşanan böhranlı şəraitdən, sınaqdan şərəfli çıxırıq”.