Laçına qayıdış cənab Prezidentin Qarabağ siyasətinin ən mühüm hissəsidir
Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Laçın rayonunda bərpa quruculuq işləri həyata keçirilir. Prezident cənab İlham Əliyev o ərazilərin bərpa olunması, infrastrukturun yaradılması, məcburi köçkünlərin tezliklə öz ata-baba torpaqlarına, doğma yurd yuvalarına qayıtması üçün ciddi işlər həyata keçirir. Bu ciddi fəaliyyətin nəticələrindən biri də mayın 28-də Azərbaycanın Müstəqillik günündə 20 ailənin Laçın şəhərinə qayıtması oldu. Prezident cənab İlham Əliyev bu möhtəşəm günü də məhz öz doğma ocaqlarına qayıdan laçınlılarla birlikdə qeyd edərək həm Azərbaycan xalqına, həm də dünya ictimaiyyətinə çox ciddi mesajlar verdi.
Ölkə başçısı 30 il bundan əvvəl baş verən hadisələrin mahiyyətindən danışmış, bu günkü reallıqların başqa istiqamtədə cərəyan etdiyini diqqətə çatdırmışdır. Cənab Prezident qeyd etmişdir: “İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. İkinci Qarabağ müharibəsindən keçən dövr də gələcək üçün çox önəmli idi. Çünki müharibə başa çatanda, demək olar ki, bu məsələ ilə vaxtilə məşğul olmuş vasitəçilər heç özləri də bilmirdilər ki, bundan sonra onlar nə ilə məşğul olacaqlar. Ermənistan tamamilə aciz vəziyyətdə idi, o, acı məğlubiyyətin ağrılarını, yaralarını hələ də sağalda bilmir. Onlara böyük psixoloji zədə, travma vuruldu, bu, təbiidir. Ona görə Azərbaycan burada yenə də liderlik göstərdi. Yəni, bu gün bizim yaşadığımız reallıq məhz İkinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində əldə edilmiş nəticələr əsasında formalaşıb. Biz demişik ki, ATƏT-in Minsk qrupunun xidmətlərinə, - əslində, bu, ayı xidməti idi, - ehtiyac yoxdur. Biz dedik ki, Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü prinsipi əsas tutularaq sülh müqaviləsi imzalanmalıdır. Biz lazımi addımlar ataraq bu gün Qarabağda Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə istədiyimizə nail olmuşuq. Biz 23 aprel tarixində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoyaraq məsələni birdəfəlik həll etdik, ərazi bütövlüyü məsələlərini birdəfəlik həll etdik. Onsuz da İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edilmişdir. Ancaq sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır.”
Bəli, erməni revanşistləri də, onların havadarları da anlamalıdırlar ki, bu gün regionda Azərbaycanın sözü keçərlidir. Azərbaycanın razılığı olmadan hər hansı layihənin həyata keçirilməsi mümkün deyildir. Nəinki Azərbaycan torpaqlarında hansısa qondarma qurumun varlığı arzu olaraq qalamqdan o tərəfə keçə bilməz. əksinə, bu arzu yolunda ermənilər olan-qalan dövlətlərini də itirə bilərlər. Çünki hazırda yaşadıqları torpaqların kimə məxsus olduğunu özləri də yaxşı bilirlər.
“İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra həm Azərbaycan-Ermənistan sərhədində, həm Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə, həm sərhəd-buraxılış məntəqəsini qoymaqla biz yeni reallıq yaratdıq və Ermənistanı məcbur etdik ki, bizim dediyimizi onlar da təkrarlasın”-deyə müraciətində bildirən cənab İlham Əliyev hazırkı vəziyyətin dəyişməyəcəyini, əksinə daha da irəli addımlar atacağımızın anonsunu verdi.
Bu gün bizi ən çox düşündürən işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası, 30 ildən artıq işğaldan əziyyət çəkən vətəndaşlarımızın öz yurd-yuvalarına qayıtmasıdır. Biz sülh istəyirik, qurub yaradır, bu torpaqların kimə məxsus olduğunu işimizlə, əməlimizlə sübut edirik.
Cənab Prezident də bu kontekstdən çıxış edərək fikrini belə ifadə etmişdir: “İndi isə qurub-yaratmaq vaxtıdır. Bir daha demək istəyirəm ki, bugünkü Laçın şəhərinin siması, - halbuki qeyd edirəm, bu, sadəcə olaraq, birinci mərhələdir, - göstərir ki, biz qurub-yaradan xalqıq və göstərir ki, bu torpaq bizimdir. Bu, həmişə bizim torpaq olub. Sadəcə olaraq, mənfur düşmən öz xarici havadarları ilə birlikdə bizim zəifliyimizdən istifadə edib, hakimiyyətsizlikdən istifadə edib bu torpaqları zəbt etmişdi və burada əbədi yaşamaq istəyirdi.”
Azərbaycanın hər qarış torpağında şəhid qanı var, igid oğullarımızın addım izləri var. Bu torpaqlar müqəddəsdir və toxunulmazdır. Ölkə başçısı bu müqəddəsliyə bundan sonra kimsənin toxuna bilməyəcəyini bir daha diqqətə çatdırdı: “Bax, bu, bir daha onu göstərir ki, hər bir qarış torpaq bizim üçün əziz və doğmadır. Hər şəhər, hər kənd bizimdir və torpaqdan pay ola bilməz. Danışıqlar zamanı müxtəlif mərhələlər olub, müxtəlif məqamlar olub. Təzyiqlər də olub, hədələr də olub və bəziləri bizi işğalla barışmaq üçün böyük səylər göstərirdilər. Ancaq bizim əyilməz mövqeyimiz, iradəmiz bütün bu səyləri alt-üst etmişdir.”
Rəsmi Bakı müharibə, savaş tərəfdarı deyil və bölgənin yenidən hərbi poliqona çevrilməməsi üçün əlindən gələni edir. Azərbaycan sülh təşəbbüsündəki səmimiyyətini istər Vaşinqton, istər son Brüssel görüşündə də aydın şəkildə nümayiş etdirdi.
Avrasiya İqtisadi İttifaqının (Aİİ) Moskvada keçirilən sammitinə də qonaq qismində qatılan Azərbaycanın məqsədi məhz Ermənistan baş naziri ilə növbəti dəfə burada üçtərəfli formatda görüşüb, sülh istiqamətində həlledici addımlar atılması ilə bağlı idi. Amma gördük ki, Ermənistan tərəfi yekun sülhün imzalanmaması üçün bu dəfə də həm həm diplomatik masada, həm də şərti sərhəddə vəziyyəti gərginləşdirmək məqsədi ilə təxribatyönlü qərarları ilə diqqət çəkdilər.
Cənab Prezident bu məslənin fərqindədir. Onun həyata keçirdiyi diplomatiya bu revanşizmin də beşikdəcə boğulmasını təmin etmişdir. Ona görə də bu məsləyə toxunaraq qəti şəkildə bildirdi: “İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq və buna mən şübhə etmirəm. Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi.
Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər.”
Reallıq budur. Bu reallıqla barışmamaq isə separatçıların biryolluq məhvinə aparan yoldur. Hər halda ikinci dəfə seçim haqqı verilməyəcəkdir. Xalqından güc alan, öz daxili və xarici siyasəti ilə dünya güclərinin razılaşmasını təmin edən cənab İlham Əliyevin humanist mövqeyindən vaxtında yararlanmayan hər kəs sonrakı peşimançılığı özü yaşayacaqdır.