Laçın” sərhəd-buraxılış məntəqəsinin siyasi əhəmiyyəti
Xatirə Piriyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin müəllimi
İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin ərazi bütövlüyü təmin olundu. İşğaldan azad edilmiş ərazilərimizdə sürətli bərpa-quruculuq işlərinə başlanıldı. Minalanmış ərazilərin təmizlənməsinə başlandı, erməni vandalizminin qurbanına çevrilmiş tarixi abidələrimizin, müqəddəs inanc yerlərimizin yenidən bərpa olunması üçün yeni layihələr hazırlandı. Bu məqsədlə yeni yollar, kommunikasiya xətləri çəkilir, ağıllı kənd və şəhərlər salınır, məktəblər, xəstəxanalar tikilir, məcburi yurdlarından didərgin düşmüş soydaşlarımız doğma yurdlarına qayıdır. Ən başlıcası isə görülən bütün bu işlər öz daxili imkanlarımız hesabına həyata keçirilir.
Ermənistan tərəfi isə 10 noyabr 2020-ci ildə imzalanan kapitulyasiya aktına etinasız yanaşır, öz üzərlərinə düşən öhdəliklərdən boyun qaçırmaqla bərabər təbii sərvətlərimizin talan edərək “Laçın” yolu vasitəsilə Ermənistana daşınmasını davam etdirdilər. Buna etiraz əlaməti olaraq Azərbaycan ekofəalları, ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən Laçın-Şuşa-Xankəndi yolu üzərində etiraz aksiyalarına başladılar. Onların şaxta, qar, çovğun demədən 138 gün fasiləsiz şəkildə nümayiş etdirdikləri haqlı mübarizə vətən, xalq naminə edilən əsl cəsarətlilik, fədakarlıq nümunəsi idi. Ermənilərin törətdiyi əməllərin qarşısını almaq üçün dpvlət başçısı İlham Əliyev daha ciddi tədbirlər həyata keçirdi.
Aprel ayının 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Lakin Ermənistan tərəfi elə ilk gündən bunu narazılıqla qarşıladı. Və hər zaman olduğu kimi yenə hiyləyə əl atdı. Ölkəmizi Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirdilər. Bununla Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışırdılar. Çünki Laçın yolunu öz çirkin əməlləri üçün istifadə edən Ermənistana bu ərazidə nəzarətin Azərbaycanda olması böyük maneə yaradırdı. Azərbaycan özünün daxili işlərinə Ermənistanın müdaxilə etməsinə heç bir zaman imkan verməyib və verməyəcəkdə. Ermənistan anlamalıdır ki, apardığı təxribat heç bir işə yaramayacaq.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyevin də bildirdiyi kimi məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır. Sərhəd buraxılış mətəqəsində istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədləri, eləcə də şübhəli bilinən yükləri yoxlanılır. Eyni zamanda, sərhəd-buraxılış məntəqəsinin yaradılması humanitar yardım adı altında Qarabağa gizli yollarla hərbi texnika və silah-sursatın, xüsusilə minaların daşınması təhlükəsinin də qarşısını almaqdadır.
Azərbaycan 30 il sonra bu torpaqların əsl sahibinin kim olduğunu düşmənə sübut etdi. Və bir zamanlar torpaqlarımızı işğal edib soydaşlarımızı öz yurdlarından didərgin salan düşmən indi həmin ərazilərdə Azərbaycan bayrağının altından keçir. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində vurğuladığı kimi: “Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var”.