25 noyabr 2020 - ci il tarixi - Kəlbəcər rayonunun işğaldan azad edildiyi gündür. Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, yürütdüyü düşünülmüş, möhtəşəm siyasət nəticəsində işgal edilmiş torpaqlarımız düşməndən azad edildi. Ağdam, Laçın şəhərləri olduğu kimi Kəlbəcər rayonu da qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirdi. Bəyanatda qeyd edilən şərtlərə əsasən, Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana 10 gün əlavə möhlət verildi və noyabrın 25-də erməni silahlı birləşmələri və orada qeyri-qanuni məskunlaşdırılan əhali Kəlbəcəri rahat və təhlükəsiz şəkildə boşaldıldı.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilib. Həmin dövrdə hakimiyyətdə olan AXC-”Müsavat” cütlüyünün səriştəsiz və xəyanətkar siyasəti rayonun işğalına şərait yaratdı. Ümumiyyətlə, vaxtilə siyasi hakimiyyətə gəlmək üçün bütün vasitələrə əl atan həmin qüvvələr bu yolda hətta suverenliyimizi belə təhlükə altında qoymaqdan çəkinməmişdilər. Məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız ermənilər tərəfindən ard-arda ələ keçirilmişdi. Həmin dövrdə Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi və nə olursa-olsun, hakimiyyətə gəlmək istəyən Azərbaycan Xalq Cəbhəsi bu yolda bütün xəyanətlərə əl atırdı. 1993-cü ilin aprelində isə onların yaratdığı xaos, siyasi böhran, özbaşınalıq Kəlbəcərin də ermənilər tərəfindən işğal edilməsi ilə nəticələndi. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qalibiyyətin ardından əldə olunan razılaşmaya əsasən, qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüb çıxırlar. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Buna baxmayaraq, Kəlbəcər XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Ermənilər buranı tərk edərkən evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.Rayonda olan tarixi abidələri dağıdıb, meşə ərazilərini yandırıb, təbii sərvətləri talan ediblər. Kəlbəcər Ermənistanla sərhəd rayonudur.
Şimaldan Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdən Tərtər, şərqdən Ağdam, Xocalı, cənubdan isə Laçın rayonları ilə əhatə olunub. Statistikaya görə rayonun 77 min əhalisi var. Rayondan məcburi köçkün düşənlərin 22 faizi Gəncədə, 14 faizi Bakıda, 12 faizi Goranboyda, qalan hissəsi ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşıblar. Kəlbəcər ən qədim insan məskənlərindən biri kimi tanınır və mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri də bu yerlərdə yaradılıb. Rayonun dağ qalaları içərisində ən əzəmətlisi Lex qalasıdır. Lex qalası XIII-XIV yüzilliklərin abidəsidir. Ümumiyyətlə, Kəlbəcərdə dünya əhəmiyyətli 2 tarix-mədəniyyət abidəsi vardır, onlar Gəncəsər və Xudavəng monastrlarıdır. Bundan başqa, rayon ərazisi mədəniyyət abidələri və dini məbədlərlə zəngindir. Qaraçanlı kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədulla ziyarətgahı uzun illər işğal altında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.
44 günlük Vətən müharibəsi erməni vandalizmini, ermənilərin əsl çirkin simasını bir daha bütün dünyaya nümayişı etdirdi. Bu gün işgaldan azad edilmiş torpaqlarımızda, o cümlədən Kəlbəcər rayonunda da bərpa quruculuq işləri sürətlə davam etdirilir. Bu il avqustun 16 da Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna səfəri zamanı Azərbaycan bayrağınının qaldırılması Kəlbəcərlilərlə yanaşı bütün Azərbaycan xalqının böyük qürur və sevincinə səbəb oldu. Dövlətimizin başçısının işğaldan azad edilmiş torpaqlarımıza səfərləri zamanı yerlərdəki vəziyyətlə, artıq başlanmış quruculuq bərpa işləri ilə birbaşa tanış olur, bölgənin perspektivi ilə bağlı planların real tətbiq imkanlarını öyrənir, yeni tapşırıqlar verir. Prezidentimiz işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, bu istiqamətdə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı işlər həyata keçirilib. Kəlbəcərdə Lev çayı üzərində Elektrik stansiyasının bərpa edilməsi, Kəlbəcər- Laçın avtomobil yolunun tikintisi, Kəlbəcərin məşhur İstisu sanatoriyasının əvvəlki vəziyyətinə qaytarılması üçün görülən işlər, Laçın rayonu Qorçu kəndində inşa ediləcək hava limanı və s. məhz bu diqqətin təzahürüdür.
Prezident cənab İlham Əliyevin işğaldan azad olunan ərazilərə dəfələrlə səfər etməsi, yüksək sürətlə davam edən abadlıq, quruculuq işləri ilə şəxsən tanış olması qürur verici haldır və dövlətin ən ali məqsədinin tarixi vətən torpaqlarının bənzərsiz gözəlliyini bərpa etmək olduğunun göstəricisidir. Azərbaycanın 30 ili 44 günlə əvəz etməsi dünyanı heyrətə salmışdısa, eyni zamanda Vətən müharibədən cəmi 1 il keçməsinə baxmayaraq bərpa işlərinin bu səviyyəyə çatdırılması dünyaya qüdrətli ,müzəffər sərkərdə İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın necə bir gücə, necə bir qüdrətə sahib olduğunu göstərir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işgal edilmiş bütün torpaqalrımızı düşmən tapdağından azad etməsi , o cümlədən Ağdam, Laçın kimi, Kəlbəcərin də qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.
Çingiz İbrahimov
YAP Göyçay Rayon təşkilatının məsləhətçisi