Konstitusiyamız milli-mənəvi dəyərlərə və ümumbəşəri prinsiplərə söykənən sarsılmaz təməldir

Konstitusiyamız milli-mənəvi dəyərlərə və ümumbəşəri prinsiplərə söykənən sarsılmaz təməldir

Eysarə Novruzova

YAP Suraxanı rayon təşkilatının gənc fəalı

Bakı  Dövlət  Universitetinin  I  kurs  tələbəsi

Azərbaycan Konstitusiya quruluşunun tarixi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qoyduğu müstəqil dövlətçilik ənənələrinə söykənsə də, əsl müstəqillik Konstitusiyası yalnız 1995-ci ildə qəbul edildi. Bu sənəd xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi və uzaqgörənliyi ilə hazırlanmışdır. Ulu Öndər Konstitusiyanın təkcə hüquqi baza deyil, həm də milli-mənəvi dəyərlərə və ümumbəşəri prinsiplərə söykənən sarsılmaz təməl olmasını təmin etdi. Onun əsas məqsədi ölkədə hüquqi və dünyəvi dövlət quruculuğu üçün möhkəm zəmin yaratmaq idi. Məhz bu təməl Prezident İlham Əliyevin gələcək siyasəti üçün etibarlı çıxış nöqtəsi oldu.

Konstitusiyanın qəbulundan sonra dövlətçiliyimizin təməl prinsipləri olan insan və vətəndaş hüquqları və azadlıqları və Azərbaycanın sosial dövlət elan edilməsi mühüm əhəmiyyət kəsb etdi. Bu prinsiplər, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bütün islahatların əsas sütununu təşkil edir. Cənab Prezidentin sosial islahatları – pensiyaların, müavinətlərin ardıcıl artırılması və aztəminatlı ailələrə ünvanlı sosial yardım verilməsi – Konstitusiyanın sosial dövlət prinsipini real həyatda təcəssüm etdirir, ədalət və sabitlik mühiti yaradır.

Eyni zamanda, Prezident İlham Əliyevin dövlət idarəçiliyində hüquqi islahatları və icra intizamını gücləndirmək siyasəti Konstitusiyanın qanunun aliliyi prinsipinin qeyd-şərtsiz təminatına xidmət edir. Bu yanaşma, dövlət qurumlarının fəaliyyətinin şəffaflığını və effektivliyini artıraraq, vətəndaş-dövlət münasibətlərində Konstitusiya çərçivəsini möhkəmləndirir.

Konstitusiyamız həm də gənclər, təhsil, elm, mədəniyyət və digər əhəmiyyətli sahələrin inkişafını dövlətin strateji prioriteti kimi müəyyənləşdirir. Prezident cənab İlham Əliyevin bu sahədəki islahatları və investisiyaları Konstitusiyanın bu müddəalarının uğurlu təminatıdır. Yeni məktəb binalarının tikintisi, təhsilin sisteminin müasirləşdirilməsi, İKT-nin tətbiqi və gənclərin xaricdə təhsilinə dəstək proqramları Azərbaycanın insan kapitalını inkişaf etdirmək və beynəlxalq arenada rəqabətədavamlılığını artırmaq məqsədi daşıyır.

Əlbəttə, milli konstitusiyamızda gənclərin inkişaf areallarının geniş müəyyən olunması biz gənclərin gələcək tərəqqisini şərtləndirir.