İtaliya Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına daim dəstək verib

İtaliya Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına daim dəstək verib

Nabat Abdulova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Respublika  Reabilitasiya  Mərkəzinin  direktoru

Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri zamanı iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. O bildirib ki, İtaliya-Azərbaycan əlaqələri son illərdə bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Prezident qeyd edib ki, İtaliya Prezidentinin bu, Azərbaycana ikinci rəsmi səfəridir və bu fakt münasibətlərin səmimiliyini və davamlılığını nümayiş etdirir.

Azərbaycan və İtaliya arasında iki strateji tərəfdaşlıq sənədi imzalanıb və bu sənədlər münasibətlərin dərinləşməsinə mühüm töhfə verib. İqtisadi sahədə İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Energetika sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir, çünki Azərbaycan həm neft, həm də qaz ixracı ilə İtaliyanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.

Prezident İlham Əliyev qeyd edib ki, 2020-ci ildən etibarən TAP layihəsi vasitəsilə Azərbaycan qazı İtaliyaya ixrac olunur. Bu layihənin uğurlu icrasında Prezident Mattarellanın şəxsi rolu da xüsusi vurğulanıb. Hazırda Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə 14 ölkəyə qaz ixrac edir və boru kəmərləri ilə ixrac olunan qazın coğrafi əhatəsinə görə dünyada birinci yerdədir. Bununla yanaşı, Azərbaycan Avropa İttifaqı ilə elektrik enerjisi ixracı istiqamətində də əməkdaşlıq aparır. Bu layihələr iki ölkə arasında iqtisadi tərəfdaşlığı daha da möhkəmləndirəcək.

Prezident həmçinin İtaliya-Azərbaycan Universitetinin açılışını iki ölkə arasında humanitar sahədə əlaqələrin yeni mərhələsi kimi dəyərləndirib. O vurğulayıb ki, universitetdə təhsil alan tələbələr gələcəkdə iki ölkə arasında mədəni və elmi körpü rolunu oynayacaqlar. Universitetin yaradılması Azərbaycan təhsilinin inkişafına və İtaliya təcrübəsinin tətbiqinə xidmət edir. Burada tədris olunan müxtəlif ixtisaslar iki ölkə arasında elmi-texnoloji əməkdaşlığı genişləndirəcək.

Cənab İlham Əliyev həmçinin bildirib ki, İtaliya Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına daim dəstək verib və son dövrlərdə bu istiqamətdə müsbət irəliləyişlər müşahidə olunur. O qeyd edib ki, Azərbaycan və İtaliya arasında qurulan bu strateji tərəfdaşlıq yalnız rəsmi sənədlərdə deyil, həm də real layihələrdə və praktik əməkdaşlıqda özünü göstərir. Prezidentin fikrincə, uzaq məsafədə yerləşən ölkələr arasında belə möhkəm və səmimi münasibətlərin qurulması nümunəvi xarakter daşıyır.

Bu səfər bir daha sübut etdi ki, Azərbaycan və İtaliya arasında həm siyasi, həm iqtisadi, həm də humanitar əməkdaşlıq qarşılıqlı etimada, dostluğa və strateji maraqlara əsaslanır.