İranla bağlı siyasət qonşuluq, dostluq və qarşılıqlı əməkdaşlıq prinsipləri üzərində qurulub

 İranla bağlı siyasət qonşuluq, dostluq və qarşılıqlı əməkdaşlıq prinsipləri üzərində qurulub

Afaq Məmmədova  

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 101 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycan və İran dost və qardaş ölkələrdir. Azərbaycan-İran münasibətləri silinməz, hər zaman var olan tarixi irsə malikdir. Hər iki xalq islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları birləşdirib. Ortaq tarix və mədəniyyətin varisləri olan müstəqil Azərbaycan və İran İslam Respublikası arasında çoxəsrlik münasibətlər ötən  bir neçə onillikdə hər iki ölkənin xarici siyasətində mühüm yür tutur. Diplomatik münasibətlər yaradılmamışdan əvvəl də tərəflər bir - birlərinə yüksək səviyyədə maraq göstərib. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib və kifayət qədər gərgin münasibətlər normallaşmağa və inkişaf etməyə başlayıb. Son 20 ildə Heydər Əliyev yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin  İranla bağlı siyasəti qonşuluq, dostluq və qarşılıqlı əməkdaşlıq prinsipləri üzərində qurulub. İran Azərbaycan Respublikasının müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 12 mart 1992-ci ildə yaradılıb. Həmin tarixdən indiyədək  bu münasibətlər davam etdirilir.

2025-ci il aprel ayının 28-də  İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiani Azərbaycanda işgüzar səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti ilə geniş tərkibdə görüşü keçirilib.

Azərbaycan və İran prezidentlərinin Bakıda bir araya gəlməsi son illərin ən mühüm diplomatik hadisəsi hesab edilə bilər. Prezidentlərin Bakı görüşü təkcə diplomatik hadisə deyil, həm də münasibətlərin gələcək gedişatını müəyyənləşdirəcək mühüm siyasi görüşdür. Tarixi və mədəni bağlılıqlar iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə inkişafı üçün zəmin yaradır və bu gün ikitərəfli əlaqələrimiz ticarət-iqtisadi, enerji, energetika, nəqliyyat logistika, kənd təsərrüfatı, humanitar və digər sahələr üzrə inkişaf edəcək. 

Bu səfərin tarixi əhəmiyyətini və siyasi perspektivini Prezident İlham Əliyevin mətbuata bəyanatında ifadə edib: “Çalışacağıq ki, gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planımız olsun. Bütün sahələrdə - sənaye, elm, mədəniyyət, iqtisadiyyat, siyasət, təhlükəsizlik üzrə planlarımız olsun. Biz birlikdə bölgədə sülh, təhlükəsizlik və əmin-amanlığı təmin edəcəyik və öz çətinliklərimizi həll edəcəyik”.

Azərbaycanın var olması, ölkəmizin dünyanın düzənində tarazlıq siyasət yürütməsi regionda və dünyada geosiyasi sabitliyi təmin edən əsas amildir. Səfərin tarixi əhəmiyyətini xüsusi incəliklə dəyərləndirməliyik. Səfər zamanı dövlət başçılarının müzakirə etdiyi əsas məsələlərdən biri də nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi olub. Hər iki ölkə Şimal-Cənub nəqliyyat dəhlizi üzrə sıx əməkdaşlıq edir. Dövlət başçımız bəyan edib ki, biz bunun sadəcə nəqliyyat dəhlizi yox, həm də Azərbaycan və İran ərazisində yol boyunca yeni bizneslərin açılması və sənaye müəssisələrinin yaradılması üçün imkan yaratmasını istəyirik. Şimal-Cənub Nəqliyyat Dəhlizi vasitəsilə Hindistandan Avropaya qədər yüklərin daşınması təmin olunur. Bu dəhlizin mühüm hissəsi olan “Qəzvin–Rəşt–Astara (İran)–Astara (Azərbaycan)” dəmir yolu xəttinin tam istismara verilməsi prioritet məsələ kimi dəyərləndirilir.Sözügedən məsələnin icra oluna bilməsi üçün bütün imkanlar mövcuddur.

Enerji sahəsində əməkdaşlıq da davam etdirilir. “Xudafərin”, “Qız Qalası”, “Ordubad” və “Marazad” su elektrik stansiyalarının inşası, 330 kV-luq İmişli–Parsabad elektrik xəttinin tikintisi, eləcə də 2016-cı ildə imzalanmış elektrik enerjisinin satışı ilə bağlı Çərçivə Sazişi bu istiqamətdə atılmış mühüm addımlardır.

İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri çərçivəsində 6 sənəd imzalandı. Ayrı-ayrı sahələrin inkişafına xidmət edən sənədlər sırasında Prezidenlərin imzaladığı Birgə Bəyanatı qeyd etmək istərdik. Sənəd iki ölkə arasında olan münasibətlərin inkişafında yol xəritəsidir.

İran Prezidentinin  mətbuata müsahibə zamanı söylədiyi “..iki qonşu və qardaş biri-biri ilə nə etməlidir......Birinci prioritetimiz qonşu ölkələrlə yaxın münasibətlərə malik olmaqdır” fikri İran tərəfinin də Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini ifadə edir. Bu münasibətlərin əsasını qarşılıqlı etimad və anlaşılmazlıqların dialoq yolu ilə aradan qaldırılması prinsipi təşkil edir. Orta Dəhliz və nəqliyyat layihələri vasitəsilə İpək Yolu üzərində əməkdaşlıq, enerji mübadiləsi və texnoloji əməkdaşlıq, xüsusilə yaşıl enerji sahəsində, humanitar və mədəni dialoqların inkişafı kimi məsələlər Azərbaycan-İran ikitərəfli münasibətlərinin potensial istiqamətləri kimi dəyərləndirilə bilər. Bütövlükdə, Azərbaycan-İran münasibətləri mürəkkəb, lakin qarşılıqlı maraqlara əsaslanır. Hər iki ölkə üçün dialoq, qarşılıqlı hörmət və real əməkdaşlıq formatı uzunmüddətli sabitliyin açarıdır

Səfər zamanı mədəniyyət sahəsində əlaqələrə də xüsusi diqqət yetirilib. Prezidentlər qarşılıqlı mədəniyyət günlərinin yenidən keçirilməsi barədə razılığa gəliblər. Bu tədbirlər xalqlar arasında ortaq dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyət daşıyır. Media sahəsində imzalanmış anlaşma memorandumu isə informasiya mübadiləsinin sürətlənməsinə və hər iki ölkənin informasiya məkanında bir-birini daha yaxından tanımasına yeni imkanlar yaradır.

Bütün bu bəyanatlar və  qərarlar sübut edir ki, Azərbaycan-İran münasibətləri sağlam təməl üzərində inkişaf edir və qarşılıqlı etimada, mehriban qonşuluq prinsiplərinə əsaslanır. Bu münasibətlər, təkcə iki ölkənin deyil, bütövlükdə regionun sabitliyi və rifahı üçün önəmli rol oynayır.