İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir

İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir

Elmira Ələkbərova

YAP Suraxanı rayon təşkilatın ƏPT-nin sədri

Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin direktoru

Dil millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biridir. Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili bir neçə yüz illərdir ki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Ona görə də ana dili hər bir xalqın qürur mənbəyidir. Tarix boyu başı min cür bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman repressiyalara məruz qalsa da öz ana dilini qoruyub saxlaya bildi. Müxtəlif illərdə Azərbaycan xalqı bütün istilalara, təzyiqlərə baxmayaraq, müqəddəs sərvətimizi qoruyub yaşatdı. Zaman-zaman Azərbaycanın düşünən beyinləri dili xalqın yaşaması üçün ən mühüm atribut hesab etmiş, özünün bu dəyərli milli sərvətini kənar dillərin təsirindən qoruya bilmişdir.

Azərbaycan müstəqillik qazandıqdan sonra qəbul edilmiş bir sıra qanun və qərarlar dilin inkişaf etməsi üçün yollar açır. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Konstitutsiyanın 21-ci maddəsində deyilir: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir".

Yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğu nəzərdə tutularaq hər il Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi Prezident tərəfindən verilmiş fərmanda qərara alınmışdır.

Ümummilli liderimiz böyük qürur hissi ilə deyirdi: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm". Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.” Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur.

İndi biz dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb fikri ifadə etməyə qadirik. Bu, böyük nailiyyətdir. Bu, iqtisadi və başqa nailiyyətlərin hamısından üstün bir nailiyyətdir ki, bizim bir millət kimi özümüzə məxsus dilimiz var və o da o qədər zəngindir ki, dünyanın hər bir hadisəsini biz öz dilimizdə ifadə edə bilirik.

Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına bütün dövrlərdə xüsusi diqqət yetirmişdir. 2001-ci ilin 18 iyununda ümummilli lider "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalamışdır. Bu tarixi sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. Həmin fərmanda Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı. 2001-ci il avqustun 9-da Azərbaycan Prezidenti yeni fərman - "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" əhəmiyyətli bir sənəd imzaladı. Fərmana uyğun hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu sənəd dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verdi, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, eyni zamanda əlifbamızın beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına keçidi sürətləndirdi. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr heç bir istisnaya yol verilmədən latın qrafikası ilə aparılmağa başladı.

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”. Ulu Öndərin ana dilinin taleyi barədə təməl düşüncələrini şərtləndirən dil quruculuğundakı ideya istiqaməti bu gün də müasir siyasi baxışlara uyğun səviyyədə aparılmaqdadır. Bu istiqamətdə atılmış vacib addımlardan biri də Ulu Öndərin 2002-ci ildə imzaladığı "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Republikasının qanunudur. 2003-cü ilin yanvar ayının 2-də isə Heydər Əliyevin fərmanı ilə "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Həmin qanunda dövlətin ana dilinə qayğısı sahəsindəki əsas vəzifələr dəqiq göstərildi. Qanun dövlət dilinin inkişaf proqramının hazırlanmasını və dövlət büdcəsindən ayrılmış vəsait hesabına həmin proqramın həyata keçirilməsinin maliyyələşdirilməsini hökumətin başlıca vəzifələrindən biri kimi qarşıya qoymuşdu. Sənəd Azərbaycanda dövlət dilinin qorunmasını və inkişafını təmin etməyə qadir çox mükəmməl hüquqi sistemin mövcud olduğunu bir daha təsdiqləyirdi.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Prezidentin "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamları da ictimai-tarixi əhəmiyyətinə görə kifayət qədər uğurlu bir sənəd kimi qiymətləndirilmişdir. Ölkə başçısı 2004-cü il dekabrın 27-də Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında sərəncam imzalamışdı. Bu sənədlərə uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxana şəbəkəsinə hədiyyə edilmişdir. Hər iki sərəncam üzrə Azərbaycan və dünya ədəbiyyatı, eləcə də lüğət və ensiklopediyalar silsiləsindən ümumi tirajı 9 milyondan çox ədəbiyyat kitabxanalara göndərilərək oxucuların ixtiyarına verilmişdir. Müasir Azərbaycan oxucularının dünya ədəbiyyatına olan mənəvi tələbatını təmin etmək məqsədilə ölkə Prezidenti 2007-ci il avqustun 24-də daha bir sərəncam imzalamışdır. Həmin sərəncama görə Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik "Dünya ədəbiyyatı"nın nəfis şəkildə nəşri nəzərdə tutulmuşdur. Prezidentin 30 dekabr 2007-ci il tarixli sərəncamı ilə həmin əsərlərin siyahısı təsdiq edilmiş, 18 sentyabr 2008-ci il tarixli sərəncamla isə həmin nəşrlərin maliyyələşdirilməsi təmin edilmişdir. Prezidentin Ehtiyat Fondundan 5 milyon manat məbləğində vəsait ayrılmışdır.

Bu gün rəsmi yığıncaqlarda, məclislərdə ana dilimiz təntənə ilə səslənir. Azərbaycan dili tarixi ənənəsi olan kamil dillərdən biridir. Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, zənginləşərək nüfuz qazanması naminə həyata keçirilən dövlət siyasəti uğurla davam etdirilir. Heydər Əliyev  dilçi alimlərə yüksək diqqət və qayğı göstərirdi.

Ulu Öndərin layiqli davamçısı olan, Prezident İlham Əliyev də dilimizin qorunmasına və inkişafına böyük həssaslıqla yanaşır. Azərbaycan dilinin qorunmasına, dilimizə daim qayğı göstərilməsinə və onun yad təsirlərdən qorunmasına xüsusi önəm verən dövlətimizin başçısı “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq.

Təbii ki, Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunmasına xüsusi həssaslıqla yanaşması müstəsna məsələdir. Çünki bu, eyni zamanda, Azərbaycan xalqının bütövlüyünün, milli-mənəvi dəyərlərin qorunması, azərbaycanlı milli kimliyinin təsdiqi, ölkənin qüdrətinin artırılması baxımından vacib və önəmlidir.