Səadət Seyidova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 290 nömrəlii tam orta məktəbin müəllimi
Qarabağ və Zəngəzurda “Böyük Qayıdış” proqramının həyata keçirilməsi çox böyük və mühüm tarixi hadisələrdən biridir. İşğal dövründə yerlə-yeksan edilmiş şəhər və kəndlər günbəgün yeni bir görkəm alır, canlanır. Artıq 8 minə yaxın keçmiş məcburi köçkün doğma torpaqlarına qayıtmış və bunun sevincini yaşamaqdadır. Bu proqrama əsasən 2024-cü ilin sonunadək 20 min insanın əzəli yurduna qayıtması nəzərdə tutulmuşdur. Bütün bunlarla yanaşı ardıcıl olaraq əhəmiyyətli tədbirlərin azad olunmuş, geniş miqyaslı quruculuq işləri aparılan Qarabağda keçirilməsi də artıq bir ənənə halını almışdır. 2021-ci ildə Şuşa şəhərinin “Azərbaycanın mədəniyyət paytaxtı”, 2023-cü ildə TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı”, 2024-ci ildə isə İSESKO tərəfindən”İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi buradakı inkişafın böyük vüsətlə getdiyinin əyani sübutudur.
Bu yaxınlarda isə Şuşada daha bir önəmli tədbir - Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Türk dövlətlərinin rəhbərlərinin azad olunmuş torpaqlara səfəri qardaşlıq həmrəylinin təzahürüdür. Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinin həmin ərazilərə etdikləri səfərlər, burada əməkdaşlıq haqqında imzaladıqları sənədlər mühüm tarixi əhəmiyyət kəsb edir. Təşkilatın cari büdcəsinin və strukturunun nəzərdə tutulan hədəflərin yerinə yetirilməsi uçun yetərli olmadığını nəzərə alaraq Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür.
Zirvə görüşündə bir sira əhəmiyyətli məsələlər müzakirə olunmuş və müxtəlif sahələrdə əməkdaşlıq haqqında sənədlər imzalanmışdır. Qeyd edilmişdir ki, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşıda duran prioritet məsələlərdən biri olaraq qalır. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Yükdaşımaların artması isə Bakı gəmiqayırma zavodunda 6 gəminin inşa edilməsi zərurəti yaratmışdır. Eyni zamanda, ölkəmizdə hava limanlarının açılışına da xüsusi diqqət yetirildiyi vurğulanmışdır. Artıq gələn il Laçında ölkəmizin 9-cu Hava limanının istismara verilməsi nəzərdə tutulmuşdur.
Dövlətlərlə yeni əməkdaşlıq perspektivlərindən biri isə enerji, o cümlədən, bərpaolunan enerji sahəsindədir. Yeni layihələrdən olan “Rəqəmsal İpək Yolu” layihəsi isə Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyır. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzaılanmış Qarabağ Bəyannaməsi Türk dünyasının birliyinə növbəti bir nümunədir. Sözsuz ki, bu qəbildən olan tədbirlər, imzalanan bəyannamələr Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə xidmət edəcəkdir.