Əlixan Əliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı RİHB-nin Əmircan QİƏD üzrə nümayəndəsi
Əsrlər boyu Türkiyə Azərbaycanla qardaşcasına bir, bərabər olmuş, həm şad, həm də hüznlü günündə bir-birinə dəstək olmuş, çox böyük kömək və yardımlar etmişdir. Azərbaycan xalqı bunu heç vaxt unutmayıb və unutmayacaqdır. Azərbaycanın 44 günlük Vətən müharibəsində də bunlar öz əksini tapıb. Dövlətimizin 44 günlük haqq savaşında qardaş ölkə bizim yanımızda olub, xalqımıza hər cürə siyasi-mənəvi dəstəyini əsirgəməyib. Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstəyin hamımız şahidiyik.
Ötən əsrdə xalqımız neçə-neçə düşmənin təcavüzünə məruz qalmışdır. Bu dövrdə məhz Türk Ordusunun Azərbaycana, Bakıya daxil olması, millətimizi mənfur erməni daşmaklarının təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yer alıb. Mənim babam İbrahim Əjdər Paşayev Çanaqkale savaşının iştirakçısı olub və bu barədə dəfələrlə xatirələrini bizə danışıb.
İki qardaş ölkə tarixin sınaqlarından daim üzü ağ, mərd-mərdanə çıxıb. Belə bir sınaq, faciə fevralın 6-da təbii fəlakət zamanı yaşandı. Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. 1995-ci ildə mən Şəhid oğlum pilot Xəyyam Əliyevlə fəlakətin baş verdiyi Qaziantep şəhərində, Suriya ilə sərhəd rayonlarda olmuşam və oraya bələdəm.
Hər zaman güclü dövlət olan Türkiyə bütün çətinliklərdən məğrur çıxdığı kimi, bu fəlakətində öhdəsindən gələcəkdir, tezliklə qurtarma, arama işlərinin aparılmasında qardaş yardımı ilə öz səylərini davam etdirəcəkdir. Təbii fəlakət nəticəsində çətin günlərini yaşayan Türkiyəyə dəstək məqsədilə Azərbaycanda hamı səfərbər olub. Türkiyənin kədərini öz acısı kimi hiss edən xalqımız qardaşa kömək üçün əlindən gələni əsirgəmir.
Mən əminəm ki, Ulu Öndərin söylədiyi kimi “İki dövlət, bir millət” olan Türk qardaşlarımıza dəstəyimiz bu çətin günlərində az da olsa onlara məlhəm olacaq. Həmçinin qeyd edim ki, zəlzələ nəticəsində xəsarət alanlara göstərilən humanitar yardım kampaniyasında Əmircan qəsəbə sakinləri də yaxından iştirak edirlər.
Faciə zamanı dağıntılar altında həlak olanlara Allah rəhmət eləsin, onların yaxınlarına, doğmalarına dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların və yaralananların tez bir zamanda şəfa tapmasını arzulayıram.
Uca Tanrıdan bütün Türkiyə xalqına səbr və güc diləyirəm!
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!