Nisə Yusifli
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin müəllimi
Tarixən hər bir xalqın özünə dost, qardaş bildiyi dövlətlər olmuşdur. Canımız Azərbaycanın sözün həqiqi mənasında qardaş bildiyi dövlət Türkiyədir. Müxtəlif tarixi dövrlərdə çətin sınaqlardan keçən zaman hər iki dövlət hər zaman bir birinə təmannasız yardım etmişdir.Bu iki dövlətin qardaşlığını sübut edən tarixi əhəmiyyəti böyük olan sənədlərdən biri də Şuşa Bəyannməsidir. Bu Bəyannamə 2021-ci il 15 iyun tarixində Azərbaycanın qədim şəhəri Şuşada imzalanmışdır. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaqdır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq.
Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu sözlər dahi liderlərin uzaqgörən siyasətlərinin nəticəsində deyilib. Belə ki, bu qardaşlıq siyasəti bu gün də davam etdirilir. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir.
Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir.
Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəlmişdir. Sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan aşağıdakı məsələlər bəyannamədə öz əksini tapıb: hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlığın bütün parametrlər üzrə inkişaf etdirilməsi, birgə media platforması əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbul edilməsi və icra edilməsi, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə həmrəyliyin təmin edilməsi və s.
15 iyun 2022-ci il tarixində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda dövlət rəsmiləri ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiyanın rəhbərləri də iştirak ediblər. Tədbir çərçivəsində Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub.