II Azərbaycan Beynəlxalq İnvestisiya Forumundan verilən ismarıclar
Rəna Şəfiyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsinin əməkdaşı
2026-cı il sentyabrın 25–26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın investisiya potensialının, iqtisadi inkişaf prioritetlərinin və beynəlxalq əməkdaşlıq imkanlarının müzakirəsi baxımından mühüm platforma kimi diqqət çəkmişdir. Forum çərçivəsində Prezident İlham Əliyevin çıxışında ölkənin mövcud iqtisadi potensialı, investisiya mühiti, enerji, nəqliyyat-logistika, mədənçilik, rəqəmsal transformasiya, ərzaq təhlükəsizliyi, insan kapitalı və qeyri-neft sektorunun inkişafı ilə bağlı istiqamətlər geniş şəkildə təqdim edilmişdir.
Çıxışda vurğulanan əsas məsələlərdən biri uzunmüddətli iqtisadi inkişaf üçün sabit iqtisadiyyatın və müstəqil maliyyə-iqtisadi sistemin əhəmiyyətidir. Qeyd edilmişdir ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər və formalaşdırılmış iqtisadi baza gələcək inkişaf üçün ilkin şərtlər yaradıb. Əlverişli investisiya mühiti nəticəsində son 20 il ərzində Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb edildiyi, bunun təxminən yarısının birbaşa xarici investisiyaların payına düşdüyü bildirilib. Bu yanaşma Azərbaycanın investisiya siyasətində əsas diqqətin yalnız kapitalın cəlb edilməsinə deyil, həm də mövcud iqtisadi imkanların daha səmərəli istifadəsinə və dayanıqlı artımın təmin edilməsinə yönəldiyini göstərir.
Uzunmüddətli və dayanıqlı iqtisadi artım baxımından neft-qaz sektorundan kənar sahələrdə mövcud potensialın reallaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə bərpaolunan enerji, logistika və nəqliyyat, rəqəmsal infrastruktur, mədənçilik, kənd təsərrüfatı və digər istiqamətlər perspektivli sahələr kimi qeyd olunub. Eyni zamanda, neft-qaz sektorunun Azərbaycanın iqtisadiyyatında aparıcı rolunu qoruyacağı və bu sahədən əldə olunan gəlirlərin iqtisadiyyatın digər istiqamətlərinə investisiya şəklində yönəldiləcəyi bildirilib. Beləliklə, iqtisadi şaxələndirmə enerji sektorundan imtina deyil, mövcud enerji potensialından istifadə etməklə yeni inkişaf istiqamətlərinin formalaşdırılması kimi təqdim olunur.
Bərpaolunan enerji Azərbaycanın gələcək iqtisadi inkişafının mühüm istiqamətlərindən biri kimi təqdim edilib. Çıxışda Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialının olduğu qeyd olunub. Quruda Günəş və külək elektrik stansiyalarının fəaliyyətdə olması, qarşıdakı illərdə bərpaolunan enerji mənbələrinin genişləndirilməsi və elektrik enerjisi istehsalında təbii qazdan istifadənin minimuma endirilməsi əsas hədəflər sırasında göstərilib. Bu yanaşmanın digər mühüm tərəfi enerji resurslarının yalnız daxili tələbatın ödənilməsinə deyil, ixrac potensialının artırılmasına da yönəldilməsidir. Elektrik enerjisinin ötürülməsi üçün mövcud xətlərin genişləndirilməsi və yeni ötürücü xətlərin yaradılması gələcək enerji layihələrinin mühüm infrastruktur komponenti kimi qeyd olunub.
Azərbaycanın iqtisadi inkişafında logistika və nəqliyyat sektorunun rolu ayrıca vurğulanıb. Ölkənin tranzit imkanlarının genişləndirilməsi üçün dəmir yollarına, dəniz limanlarına, hava nəqliyyatına və avtomobil yollarına böyük həcmdə investisiyaların yatırıldığı qeyd edilib. Dəmir yollarının 60 faizinin elektrikləşdirilməsi və bu prosesin davam etdirilməsi nəqliyyat infrastrukturunun inkişafının əsas göstəricilərindən biri kimi təqdim olunub. Azərbaycanın həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat dəhlizlərində iştirak etməsi ölkənin tranzit mövqeyini daha da gücləndirən amil kimi qiymətləndirilir.
Prezident öz çıxışında Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 2026-cı ildə 16 milyon tona çatmasının gözlənildiyi və 2030-cu ilədək bu göstəricinin 25 milyon tona və daha yüksək səviyyəyə çatdırılmasının hədəfləndiyi bildirilib. Bu istiqamətdə regional əməkdaşlıq, qonşu ölkələrlə nəqliyyat əlaqələrinin inkişafı, multimodal daşımaların genişləndirilməsi, gömrük idarəçiliyinin təkmilləşdirilməsi və rəqəmsallaşma xüsusi əhəmiyyət daşıyır.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səsləndirilən fikirlər Azərbaycanın investisiya siyasətinin bir neçə əsas istiqamət üzrə inkişaf etdiyini göstərir. Bu istiqamətlərə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, enerji sektorunda yeni layihələrin həyata keçirilməsi, bərpaolunan enerji potensialının reallaşdırılması, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, rəqəmsal transformasiya, insan kapitalının inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və qeyri-neft sektorunun ixrac potensialının artırılması daxildir.