İdmanın inkişafı yalnız medal qazanmaqla məhdudlaşmır.
Nəzrin Mirzəli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 126 nömrəli körpələr evi uşaq bağçasının müdiri
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Albaniyanin paytaxtı Tiranada keçirilən çempionatlarda güləşçilərinin qalib gəlməsi barədə təbrik etdi. Azərbaycan idmanı son illərdə böyük inkişaf yolu keçmiş və beynəlxalq arenada mühüm uğurlara imza atmışdır. Bu uğurların parlaq nümunələrindən biri də Avropa çempionatında Azərbaycan güləşçilərinin komanda hesabında birinci yerə yüksəlməsidir. Bu münasibətlə ölkə başçısı İlham Əliyevin idmançılarla görüşü həm onların əməyinə verilən yüksək qiymətin, həm də idmana göstərilən dövlət qayğısının bariz göstəricisidir.
Prezident İlham Əliyev çıxışında milli komandanın qazandığı qələbəni yüksək dəyərləndirmiş, bunun təkcə idman uğuru deyil, həm də xalqın qürur mənbəyi olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, müasir dövrdə güləş üzrə rəqabət olduqca güclüdür və belə bir şəraitdə Avropa çempionu olmaq böyük peşəkarlıq və əzmkarlıq tələb edir. Azərbaycan güləşçiləri isə bu çətin mübarizədə öz üstünlüklərini sübut edərək qələbə qazanmışlar.
Azərbaycan güləşinin zəngin ənənələri mövcuddur və bu ənənələr bu gün də uğurla davam etdirilir. Xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, təcrübəli idmançılarla yanaşı, gənc nəsil də böyük nailiyyətlər əldə edir. Bu isə ölkədə idman sisteminin düzgün qurulduğunu, məşq və seleksiya prosesinin yüksək səviyyədə həyata keçirildiyini göstərir.
İdmanın inkişafı yalnız medal qazanmaqla məhdudlaşmır. Prezident İlham Əliyev qeyd etmişdir ki, idmançılar cəmiyyətdə də nümunəvi davranış sərgiləməli, yüksək mənəvi keyfiyyətlər nümayiş etdirməlidirlər. Bu amil gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Azərbaycan idmançıları isə həm yarış meydanında, həm də gündəlik həyatda bu prinsiplərə sadiq qalaraq ölkəni layiqincə təmsil edirlər.
Ölkədə idmana göstərilən diqqət və qayğı da əldə olunan uğurların əsas səbəblərindən biridir. Müasir idman infrastrukturu, bölgələrdə fəaliyyət göstərən Olimpiya İdman kompleksləri və beynəlxalq yarışların təşkili Azərbaycanın idman sahəsində potensialını daha da artırır. Bütün bunlar gələcəkdə daha böyük nailiyyətlərin əldə olunacağına inam yaradır.
Nəticə etibarilə, Azərbaycan güləşçilərinin Avropa çempionatındakı qələbəsi ölkəmizin idman tarixində mühüm yer tutur. Bu uğur həm idmançıların əzmkarlığının, həm də dövlətin idmana verdiyi dəstəyin nəticəsidir. Əminliklə demək olar ki, Azərbaycan idmanı bundan sonra da yeni zirvələr fəth edəcək və ölkəmizin bayrağı beynəlxalq arenalarda daim yüksəklərdə dalğalanacaq.