İdmançılarımız dövlətimizi təmsil edərkən daima qəlbləri vətənpərvərlik hiss ilə döyünüb və uğurları ilə hər bir azərbaycanlını sevindiriblər
Mohəmmədəli Axundov
YAP Suraxanı rayon təşkilatının fəal gənci
30 ilə yaxın istər idman, istər siyasi arenalarda Azərbaycan məğlub edilmiş ölkə kimi təmsil olunurdu. Təbii ki, həqiqətlər acı olsa da, bunları biz bilməli və deməliyik. Anti-milli hökümətin xalqa xəyanət etməsi, güclü ordunun olmaması, xarici ölkələrin düşmən qüvvələrinə yardım etməsi nəticəsində torpaqlarımız işğal olunmuş və xalqımız məğlub edilmiş ölkə kimi dünyada tanınmışdı. Lakin illər sonra ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun iradəsi ilə illərdir işğalda olan torpaqlarımız düşmən tapdağından azad edildi. Cənab Prezident ata vəsiyətini yerinə yetirərək, Azərbaycanın beynəlxalq arenada məğlub ölkə kimi tanınmasının qarşısını aldı və hər bir azərbaycanlını sevindirdi.
Dövlət başçısının qeyd etdiyi kimi həmin ərazilərimiz, şəhər və kəndlərimiz yenindən qurulacaq və abadlaşma işləri yüksək səviyədə həyata keçiriləcək. Sözsüz ki, işğaldan azad olunmuş ərazilərdə geniş idman infrastrukturu da yaradılacaq. Qarabağımızda beynəlxalq idman yarışları təşkil olunacaq. Torpaqlarımız işğal altında olan zaman idmançılarımız öz inamlarını itirməyib, üç rəngli bayrağımızı dünyanın dörd tərəfində zirvələrdə dalğalandırırdılar. İdmançılarımız dövlətimizi təmsil edərkən, daima qəlbləri vətənpərvərlik hiss ilə döyünüb və uğurları ilə hər bir azərbaycanlını sevindiriblər. Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir.
Təkcə idmançılarımız deyil, hər bir azərbaycanlı İkinci Qarabağ Müharibəsi haqqında danışarkən qürur hissi keçirir və sevinclərinin həddi-hüdudu olmur. Müharibə zamanı şəhid olmuş igid vətən oğullarının vətənpərvərlik hissinin necə yüksək səviyyədə olması, canlarından keçib, vətən uğrunda şəhid olması, onların ana vətənə olan sevgisindən xəbər verir. Hətta döyüşlərdə 988 idmançımız iştirak edib, onlardan 320-si vətən uğrunda şəhidlik zirvəsinə ucalıb. İdmançımız şəhid Muxtar Qasımlı Fitnes üzrə Azərbaycan çempionatında 1-ci yerə layiq görülüb. O, Füzuli istiqamətində gedən qızğın döyüşlərdə iştirak edib və şəhidlik zirvəsinə ucalıb. Muxtar fiziki baxımdan böyük gücə sahib olsa da, onu düşmən gülləsindən itirmək hər kəs üçün kədərlidir. Bəlkə də bu gün yaşasaydı bayrağımızı başqa ölkələrdə idman arenalarında zirvələrə qaldıracaqdı. Amma indi onun arzularının bayrağı məzarı üstündə qürurla dalğalanır. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik, vətən qazilərinə isə uzun ömür, can sağlığı arzu edirik.
Cənab Prezident daima idmançılarımızı diqqət mərkəzində saxlayıb, hər zaman dəyər verib. Bu gün Azərbaycan dünyanın istər siyasi, istərsə də iqtisadi sistemində özünəməxsus yeri ilə seçilir, ölkəmizlə hesablaşır, hörmət və ehtiramla yanaşırlar. Azərbaycan bu nəaliyyəti güclü liderin-Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində əldə edib. Başqa fəaliyyət sahələrində olduğu kimi, Azərbaycan idmanda da böyük uğurlar qazanıb, sürətli inkişaf dövrünü yaşayır. Cənab Prezidentin rəhbərliyi ilə ökəmizdə idmanın inkişaf etdirilməsinə dair ciddi tədbirlər həyata keçirilib.
İdman Azərbaycanın dövlət siyasətidir və idman hər bir dövlətin qüdrətini ifadə edir. Azərbaycan daima beynəlxalq arenada əzmkar idmançıları ilə dünya xalqları tərəfindən idman ölkəsi adlandırılması ilə xüsusi seçilir. Odlar diyarımız ilk Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunları, Dünya Şahmat Olimpiadası, Formula 1 üzrə Qran prilərin, Avropa Yay Gənclər Olimpiya Festivalının ünvanı oldu. Turnirlər ən yüksək standartlara cavab verən səviyyədə keçirildi və bütün dünyaya sülhün və sabitliyin, heç bir ölkədən asılı olmayan azad məkan nümunəsi ilə əks etdirdi. Prezident gənclərə hər zaman idman ilə məşğul olmalarını və zərərli vərdişlərdən uzaq olmalarını bildirib. Çünki ilk növbədə bu yol cəmiyyət üçün faydalı ola bilərik.
İdman təkcə fiziki sağlamlıq deyil, bu, həm də özünəinamdır, iş qabiliyyətidir, mənəvi vəziyyətdir. Azərbaycanın indiki zamanda inkişafı, 3 rəngli bayrağımızın bütün sahələrdə yüksəklərdə dalğalanması hər bir azərbaycanlının qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!