Həmrəyliyi Günü təqvimdə bütöv bir millətin mənəvi coğrafiyasını birləşdirir
Zəhra Məmmədzadə
YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü
Azərbaycan Kooperasiya Universtetinin tələbəsi
Milli birliyin ideoloji əsaslarını yaradan Ümummilli Lider Heydər Əliyev hər zaman vurğulayırdı ki, qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişi məhz onun vəhdətindədir. 1991-ci il dekabrın 16-da Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən qəbul edilən tarixi qərar, əslində parçalanmış bir milləti mənəvi olaraq eyni masa ətrafında toplamaq cəhdi idi. Bu qərarla 31 dekabrın bayram elan edilməsi, dünya azərbaycanlıları üçün bir inam və ümid anına çevrildi.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təqvimdə bütöv bir millətin mənəvi coğrafiyasını birləşdirən, onun keçmişini, bu gününü və gələcəyini vəhdətdə saxlayan ali bir məfkurədir. Tarix göstərir ki, bu bayram xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi və müstəqil dövlətçilik yolunda atılmış mühüm addımdır.
Ulu Öndərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamı bu gün 50 milyondan artıq soydaşımızın milli şüarındır. O, yaxşı bilirdi ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının mənəvi varlığını yaşadan yeganə güc müstəqil Azərbaycan dövlətidir.