HEYDƏR ƏLİYEV XARİZMASI, DAVAM ETDİRİLƏN SİYASİ KURS VƏ BU FONDA MÜSTƏQİL AZƏRBAYCANIN İNKİŞAFINA BAXIŞ
Rüstəm Fətullayev
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 79 nömrəli tam orta məktəbin müəllimi
İstər siyasi analitiklər olsun, istərsə də sosioloqlar Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı uğrunda gördüyü misilsiz işləri əsasən iki mərhələyə ayırırlar. Bunlardan birincisi əldə edilmiş müstəqilliyin qorunub saxlanması, möhkəmlənməsi, ikinci mərhələ də müstəqil Azərbaycanın inkişaf dövrünün prioritetləridir.
Meydanlara axışan xalqın haqq səsinin sonucu olaraq Azərbaycan ötən əsrin son onilliyində ikinci dəfə öz müstəqilliyini əldə etdi. Bununla da ən qaniçən imperiya olan SSRİ-nin başının üstünü dağılma təhlükəsi alanda mərkəz rolunda çıxış edən rəsmi Moskva bütün gücünü ortaya qoyaraq özləri üçün faciə saydıqları bu oyanışı boğmaq üçün bütün istiqamətlərdən Bakıya doğru hücuma keçdi. 1990-cı ilin 20 Yanvarında Bakıda və Azərbaycanın bir çox rayonlarında qətliamlar törədildi. Bu qanlı olayın həyata keçirilməsində rus nasizmi ilə erməni faşizmi birgə çıxış etdi. 20 yanvar özlüyündə ayrı-ayrı fərdlərin faciəsi olsa da, bütövlükdə mahiyyət etibarilə o qanlı gecə millətin yenidən doğuluşu, özünə qayıdışı oldu. Məhz bundan sonra millətin siyasi yöndən təşkilatlanmasının qarşısın almaq üçün rəsmi Moskva bütün dağıdıcı rıçaqları işə saldı. Və belə bir zamanda hələ 1987-ci ildən imkanları tamamilə məhdudlaşdırılan Heydər Əliyev şəxsiyyəti Azərbaycan xalqının taleyində yenidən günəş kimi parladı. Belə bir kritik dönəmdə və mərkəz Moskvanın özündə Heydər Əliyevin heç bir təhdid, heç bir təhlükədən qorxmadan SSRİ adlı imperiyanın Azərbaycanda törətdiyi qətliamı bütün dünyaya bəyan etməsi rəsmi Moskvanı diz çökdürdü. Heydər Əliyevin bu çıxışı azadlığı uğrunda ölüm-dirim savaşına qalxan Azərbaycan xxalqına yeni qüvvət verdi.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini yenidən bərpa etdi. Bu, çox böyük bir tarixi hadisə, xalqımızın həyatında yeni bir mərhələ idi. Lakin təəssüflər olsun ki, uzun illər həsrətində olduğumuz müstəqilliyin elə ilk illərindəcə çox böyük çətinliklərlə, bəlalarla üz-üzə dayandıq. Ölkəmizdə yaranmış siyasi və iqtisadi böhran, o dövrdəki hakimiyyətin siyasi səriştəsizliyi bizi nəinki müstəqilliyimizi yenidən itirmə təhlükəsi qarşısında qoymuş, hətta ölkəmizin parçalanmasına, bir dövlət kimi yox olmasına zəmin yaratmışdı. Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın bir hissəsini işğal etməsi, digər tərəfdən isə hakimiyyət daxilində siyasi çəkişmələr, "kürsü davası" ölkəmizi hər gün uçuruma sürükləyirdi. Ayrı-ayrı silahlı qruplaşmalar Ermənistanın ölkəmizə qarşı təcavüzünün qarşısını almaq əvəzinə, bəzi siyasi "lider"lərin rəhbərliyi altında hakimiyyət uğrunda bir-birilərinə qarşı mübarizə aparırdılar. Ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi yaranmışdı. Əlikramçı dəstə Azərbaycanın cənubunda "Talışıstan", ölkənin şimalında sadvalçılar "Ləzgistan", başqa bir tərəfdə "Kürdüstan" yaratmaqla separatçı qüvvələr məmləkəti param-parça etmək kursu götürmüşdülər. Qarabağı işğal etməklə kifayətlənməyən ermənilər daha geniş bir plan üzərində "Bakı erməni dövləti" yaratmaq xülyasını həyata keçirməyə çalışırdı.
Siyasi böhranla yanaşı, ölkədə hökm sürən iqtisadi böhran, ərzaq qıtlığı, insanların çətin sosial durumu vəziyyəti hər gün daha da gərginləşdirirdi. Ölkə dərin xaos, anarxiya, çaşqınlıq içində idi, artıq xalqın bu gündən sabaha ümidi, inamı qalmamışdı, nə edəcəyini bilmirdi. Məhz belə bir vaxtda xalq bu acınacaqlı və olduqca təhlükəli vəziyyətdən çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində gördü və bu tələblə küçələrə axışmağa başladı. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər. 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Siyasi hakimiyyətə Heydər Əliyevin çağırılması, hakimiyyətin Heydər Əliyevə ötürülməsi bəlkə də o zamankı prezident Əbülfəz Elçibəyin ən doğru, ən dürüst addımı idi. Belə çətin bir situasiyada hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanda o zamankı İranın və Rusiyanın uzantılarını zərərsizləşdirməkdə ikən heç şübhəsiz ki, ermənilər də atəşkəs dövrünün "imkanları"ndan yararlanmaqda idilər.
Ancaq uzaqgörən siyasətçi olaraq Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsi istiqamətində əməli addımlar atmağa başladı. Qısa müddət ərzində qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı.
Beləliklə, dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, müstəqilliyin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsasını qoydu.
Və beləcə Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı uğrunda gördüyü misilsiz işlərin ikinci mərhələsi olan müstəqil Azərbaycanın siyasi inkişaf dövrü başladı.
Ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşməyə nail olunduqdan sonra demokratik prinsiplərin və təsisatların yaradılması və təkmilləşdirilməsi, dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarının formalaşdırılması, cəmiyyətdə yeni davranış norma və stereotiplərinin yaradılması, yeni - açıq və demokratik vətəndaşlığın formalaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, həyat qabiliyyətli tarazlı xarici siyasət modelinin yaradılması istiqamətində əməli işlərə başlanıldı. Azərbaycanın demokratik dəyərlər əsasında dayanıqlı inkişafını təmin etmək istiqamətində ümummilli lider tərəfindən atılan ən mühüm addımlardan biri də müstəqil Azərbaycanın yeni Konstitusiyanın qəbulu oldu.
1993-cü ildə mərhum Prezident Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni Konstitusiyasının qəbul olunması istiqamətində fəaliyyətə başladı. Yeni müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu sahəsində ilk tədbirlərdən biri Əsas Qanun layihəsinin hazırlanması haqqında Milli Məclisin 1993-cü il 6 dekabr tarixli qərarı oldu. Lakin bu qərar əsasında yaradılan müvəqqəti Konstitusiya ölkədə mövcud olan böhranlı vəziyyət ucbatından işini görə bilmədi. Prezident Heydər Əliyev hesab edirdi ki, Azərbaycanın müstəqilliyinin təminatı üçün müasir ruhda yazılan və xalq tərəfindən qəbul edilən yeni Konstitusiyaya ehtiyac var. Yalnız bundan sonra 1995-ci il mayın 2-də Prezident Heydər Əliyevin sədrliyi ilə 37 nəfərdən ibarət Konstitusiya Komissiyası yaradıldı. Milli Məclisin qərarı ilə bu komissiyaya Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlamaq tapşırığı verildi.
Ümummilli Lider Heydər Əliyev yeni Konstitusiyanın son dərəcə mükəmməl bir sənəd kimi hazırlanmalı olduğunu qeyd edərək deyirdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Ona görə də üzərimizə düşən vəzifə həm şərəfli, həm də çox çətindir... Konstitusiyamız Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalıdır, onun əsas qanunu olmalıdır". Komissiyanın tərkibinə respublikamızın tanınmış ictimai-siyasi xadimləri, alimlər, peşəkar hüquqşünaslar daxil edildi. Çox qısa müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, layihə hazırlandı və ictimai müzakirəyə təqdim olundu. Geniş ictimaiyyətin iştirakı ilə aparılan müzakirələrdən sonra Konstitusiya layihəsi 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsində (referendum) qəbul edildi. Bu Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsi xalqımızın dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsinin qəti qələbəsi idi.
Ölkədə sabitliyə nail olandan və bir çox sahələrdə hüquqi baza yaradılandan sonra xarici siyasət prioritetlərinin müəyyən edilməsi və beynəlxalq münasibətlərin qurulması istiqamətində əməli işə başlanıldı. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri də milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, praqmatik xarici siyasət kursunun müəyyən edilməsi zərurəti yaranmışdı. Ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər, ilk növbədə, keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı.
Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ ilə, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə ilə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı. Qısa müddət ərzində bir çox ölkələrlə qarşılıqlı səmərəli əməkdaşlıq quruldu. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirməyə başladı, ölkəmiz Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilməyə yön aldı. Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verməyə başladı. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradıldı.
Eyni zamanda 1993-1995-ci illərdə Azərbaycan Prezidentinin bir sıra xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər, eləcə də dünyanın ayrı-ayrı dövlətlərindən respublikamıza gələn nümayəndələrlə aparılan danışıqlar Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadı. Azərbaycana, onun problemlərinə dünya birliyinin münasibətindəki təkamül prosesi özünü ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərində qabarıq şəkildə büruzə verdi. Lissabon sammitində ilk dəfə olaraq ATƏT-in 54 üzvündən 53-ü münaqişənin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi.
Ümummilli liderin ardıcıl səyləri sayəsində beynəlxalq aləmdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktının tanınması və ermənilərin işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti apararaq separatçı qurum yaratma cəhdinin təsdiqlənməsi, bu məsələnin BMT Baş Məclisinin sessiyasının gündəliyinə salınması, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini bəyan edən, erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən, bu ərazilərdən qovulmuş əhalinin öz yurd-yuvalarına qayıtma hüququnu təsdiq edən və işğal nəticəsində yaranmış vəziyyəti heç bir dövlətin qanuni hesab edə bilməyəcəyini vurğulayan qətnamə qəbul etməsi, ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərdə ermənilərin qeyri-qanuni olaraq məskunlaşdırılmasını etiraf etməsi Azərbaycanın xarici siyasət sahəsində apardığı gərgin və məqsədyönlü işin parlaq nəticəsi, Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində qazanılan mühüm diplomatik nailiyyətlər idi.
Beləliklə, Ulu öndər Heydər Əliyevin düşünülmüş xarici siyasəti sayəsində Azərbaycan həm ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlərin qurulması, həm mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlığın yaradılması, həm də ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün dünyada qəbul edilməsi istiqamətində böyük uğurlara imza atıldı. Ümummilli liderin hakimiyyətdə olduğu 1993-2003-cü illərdə düşünülmüş və balanslaşdırılmış xarici siyasət sayəsində müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutdu, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrildi, dünyanın ən mötəbər təşkilatlarına üzv qəbul edildi, beynəlxalq aləmdə Azərbaycanın sözü ilə hesablaşmağa başladılar.