Heydər Əliyev və milli iqtisadiyyatın təməlləri

Heydər Əliyev və milli iqtisadiyyatın təməlləri

Ceyran Novruzova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim

XX əsr dünya tarixinin parlaq şəxsiyyətlərindən biri olaraq Azərbaycan xalqının müstəqillik arzusunu gerçəkliyə çevirən Ulu öndər Heydər Əliyev həm də müstəqil respublikamızın  iqtisadiyyatının dirçəliş və inkişafının müəllifi olmuşdur.

1991-ci ildə öz müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının qarşısında dövlət müstəqilliyini qorumaq, möhkəmkəndirmək, sosialist təsərrüfatından sərbəst bazar iqtisadiyyatına keçmək, Ermənistanın hərbi təcavüzünü dayandırmaq kimi ciddi vəzifələr dururdu. Təəssüf ki, 1991-1993-cü illərdə Azərbaycanı idarə edən şəxslər bu vəzifələri yerinə yetirə bilmədilər, Azərbaycan çətin bir duruma düşdü. Bu, Azərbaycanın iqtisadi, hərbi, mədəni, psixoloji həyatını bürümüş ağır ümumi böhran idi.

Belə çətin şəraitdə xalq çıxış yolunu Heydər Əliyevin Azərbaycana rəhbərliyə dəvət olunmasında görürdü. Xalqın təkidi qarşısında o zamanki iqtidar H.Əliyevi Azərbaycan rəhbərliyinə dəvət etməli oldu. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ əsasla, səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi.

Bu zaman Azərbaycan iqtisadiyyatı böhran halında idi. Hələ XX əsrin 80-ci illərin ikinci yarısında  SSRİ- də gedən siyasi-iqtisadi proseslər Azərbaycan iqtisadiyyatına ağır zərbələr vurmuşdu. Müstəqillik illərində isə Ermənistanın təcavüzkar müharibəsi Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurmuşdu. Respublika gəlirinin üçdə birini müharibəyə xərcləməyə məcbur idi, onun ərazisinin dörddə bir hissəsində müharibə gedirdi. Ölkənin maliyyə sistemi də bərbad vəziyyətdə idi . Manat sürətlə qiymətdən düşürdü.

Prezident Heydər Əliyev tez bir zamanda siyasi sabitliyin yaranmasına nail oldu, iqtisadi tənəzzülün qarşısını almaq üçün ciddi tədbirlər görməyə başladı. Bazar iqtisadiyyatının formalaşmasına şərait yaratmaq məqsədlə hüquqi baza yaradılmağa başladı.

Azərbaycan Respublikası iqtisadiyyatının böhrandan çıxarılması və inkişaf etdirilməsində neft sənayesinin dirçəldilməsi, yenidən qurulması mühüm əhəmiyyət kəsb edirdi. Prezident Heydər Əliyevin rəhbərliyi ilə yeni neft strategiyası hazırlandı və uğurla həyata keçirilməyə başlandı.

1994-cü il sentyabrın 20-də Bakının “Gülüstan” sarayında Azərbaycan Dövlət Neft Şirkəti ilə ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstanın iri neft şirkətləri daxil olan konsersum arasında 30 illik saziş (“Əsrin müqaviləsi”) imzalandı. Dünyanın ən qabaqcıl neft şirkətləri Azərbaycanın neft, neft-maşınqayırma sənayesinə müasir texnologiyalar gətirdilər. Həyata keçirilən tədbirlər nəticəsində respublikanın neft sənayesi dirçəldi və sürətlə inkişaf etməyə başladı. İstehsal etdiyi nefti Qərb bazarlarına ixrac edən Azərbaycan qısa müddətdə böyük iqtisadi dividentlərə nail oldu.

Neft gəlirlərinin iqtisadiyyatın digər vacib sahələrinə, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Ulu öndər Heydər Əliyevin daim diqqətdə saxladığı məsələr idi.

Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar öz bəhrəsini verdi. Azərbaycan III minilliyə iqtisadiyyatı sürətli templə inkişaf edən, demokratik dövlət quruculuğunda mühüm nailiyyətlər əldə etmiş dövlət kimi daxil oldu. Ulu öndər Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində yaradılmış özül və Onun tərəfindən əsası qoyulan siyasi kurs bugünkü dinamik sosial-iqtisadi inkişafın təməl daşını təşkil edir.

Hazırda  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev digər sahələrdə olduğu kimi iqtisadi sahədə də Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Bu son 20 ildəki iqtisadi, sosial, mədəni nailiyyətlərlə birlikdə Müzəffər prezidentimiz 30 illik işğala son qoydu, doğma Qarabağımızı bizə qaytardı.

Ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və ölkəmiz Heydər Əliyev siyasi kursu ilə inamla irəliləyir.