Heydər Əliyev həyata keçirdiyi dil siyasəti ilə Azərbaycan dilinə layiq olduğu dəyəri vermişdir

Heydər Əliyev həyata keçirdiyi dil siyasəti ilə Azərbaycan dilinə layiq olduğu dəyəri vermişdir
Könül Çələbiyeva
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu, 146 saylı tam orta məktəbin müəllimi
Deyirlər ki, əsarət altına alınmış xalq öz dilini dərindən bilirsə, o sanki öz zindanının açarını əlində saxlayır. Bir milləti məhv etmək istəyirsənsə, əvvəl onun dilini əlindən almalısan. Çünki dili əlindən alınmış millət məhvə məhkumdur. Dil millətin varlığıdır. Dilimiz çox zəngindir, gözəldir, ahəngdardır. Onu qoruyub saxlamaq lazımdır. Bunun üçün də dilimizi bilməliyik, öz dilimizdə gözəl, səlis danışmalıyıq.
Tarix boyu bir sıra söz ustaları dilimizin gözəlliyindən, ahəngdarlığından ilhamlanaraq əvəzsiz sənət əsərləri yaratmış, onu yüksək qiymətləndirmişlər. Lakin düşünürəm ki, dilimizə ən yüksək dəyəri, dilimizin həqiqi qiymətini Ümummilli liderimiz Heydər Əliyev vermişdir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tarixində müstəsna rol oynamış, adı həmişə rəhmətlə anılacaq dahi şəxsiyyətdir. Onun Azərbaycan xalqı üçün göstərmiş olduğu xidmətlərini bir neçə cümlə ilə ifadə etmək qeyri-mümkündür. Dahinin mübarizə dolu həyatı daima yazarların diqqət mərkəzində olmuşdur. Heydər Əliyev dühası haqqında yazılmış və bundan sonra da yazılacaq əsərlər Ümummilli liderin millətinin, xalqının rifahı üçün etdiklərinin kölgəsində qalır və qalacaq. Onun yürütdüyü siyasət, təbii ki, Azərbaycan dövlətinin yüksəlişi istiqamətində olmuşdur.
Heydər Əliyev həyata keçirdiyi dil siyasəti ilə Azərbaycan dilinə layiq olduğu dəyəri vermişdir. Ulu Öndərimiz 18 iyul 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman, 30 sentyabr 2002-ci ildə isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun imzalamışdır. İmzaladığı Qanuna əsasən, deyə bilərik ki, o, Azərbaycan dilinin tətbiqi, qorunması və inkişaf etdirilməsinin qayğısına qalırdı.
Heydər Əliyevin dillər əzbəri olan “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri Rəhbərin öz xalqına, millətinə, dilinə olan sonsuz sevgisinin təzahürüdür. O, həmişə Azərbaycanlı olmağı ilə, Azərbaycan dilində gözəl danışmağı ilə fəxr etmişdir. Bu fəxarət hissi təqdirəlayiqdir. Bu vətənimizi, xalqımızı, dilimizi sevməyi Heydər Əliyevdən öyrənməliyik.
Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dilimizə yüksək qiymət vermişdir. O, 2018-ci il Ağdam Muğam Mərkəzinin açılışındakı nitqində muğamı Azərbaycan dilinin saflığını qoruyan sənət adlandırmışdır. İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması ilə bağlı Fərman imzaladığını da bildirmişdir. O, dilimizin zənginliyindən danışmış, Azərbaycan ədəbiyyatının bu zənginliyi təsdiqləməsini vurğulamışdır. Prezidentimiz bildirmişdir ki, dilimiz o qədər zəngindir, istənilən fikri ifadə etməyə qadirdir. Lakin o, dilimizə yad kəlmələrin daxil edilməsinin əleyhinə olduğunu da qeyd etmişdir. Yad kəlmələrin dilimizə daxil olması onu zənginləşdirmir, əksinə, öz sözlərimizi sıxışdırıb lüğət fondumuzdan çıxardır. Buna görə də biz hamımız dilimizi qorumalıyıq.
Sonda yazımı məhz Ulu Öndərin dəyərli sözləri ilə tamamlamaq istəyirəm. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”.