Aytən Əliyeva
YAP Suraxanı rayon təşkilatının könüllüsü
Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin müəllimi
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX əsrdə ən faciəli münaqişələrdən biridir, hansı ki nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərmişdir. Düz 1988-ci ildən erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə sonlandı.
1987-ci ilin sonlarında Ermənistan Qafan rayonunda yaşayan azərbaycanlıları öz tarixi torpaqlarından-dədə-baba yurdlarından qəddarlıqla deportasiya etdi. 1988-1989-cu illərdə Ermənistanın başqa rayonlarında (Amasiya, Ararat, İcevan, Yeğeqnadzor, Meğri, Sisyan, Gorus, Qukark, Vardenis, Masis, Əzizbəyov, Artaşat, Hoktemberyan, Noyemberyan və s.) və şəhərlərində (Yerevan, Kirovakan, Hrazdan, Stepanavan, Spitak, Cermuk, Gümrü və s.) yaşayan azərbaycanlıların da aqibəti eyni oldu. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovularaq, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirildi, 1154 nəfər isə yaralandı. Həmin şəxslər erməni zorakılığı qarşısında öz həyatlarını xilas etmək üçün Azərbaycana sığındılar.
Məlumdur ki, azərbaycanlılar 1988-ci ilə qədər Ermənistanda kompakt şəkildə yaşayıblar. Lakin sovet hakimiyyəti Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərdən fərqli olaraq, azərbaycanlıların kompakt məskunlaşdığı ərazilərə Ermənistan SSR daxilində muxtar status verməyibdir. Azərbaycanlılar 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü illərdə də indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə didərgin salınıb və deportasiya ediliblər. Yalnız 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki tarixi yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Bu zaman minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olub. Hərbi kampaniya dövründə erməni ordusu hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirib. Azərbaycanlılar həm etnik təmizləməyə, həm də əsl soyqırımına məruz qalıblar.
Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn bütün prinsip və normalarını pozaraq, mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçiblər. Ermənistanın hərbi-siyasi rəhbərliyi Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində və digər yerlərdə dinc əhalinin amansız şəkildə sistematik və kütləvi qırğınını, soyqırımını törətməklə, Dağlıq Qarabağda yaşayan azərbaycanlı mülki əhalinin bir hissəsini fiziki-bioloji cəhətdən məhv etmək, qalan hissəsinin isə müqavimət əzmini qırıb regionu onlardan təmizləmək məqsədi güdürdü.
Ermənistanın hərbi təcavüzü, eyni zamanda, Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi böhran, dövlət institutlarının iflic olmasına gətirib çıxardı. Lakin bu kritik anda xalqımızı bu bəladan təcrübəli dövlət xadimi Heydər Əliyev xilas etdi. Heydər Əliyev göstərdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Bunlar ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşdırılması və onların səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası və köklü idarəçilik islahatlarının həyata keçirilməsi, ölkənin yaxın onilliklər üçün inkişafını təmin edəcək strateji neft müqavilələrinin bağlanması və nəticə olaraq millətin bir amal – azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsini özündə ehtiva edirdi. 1994-cü il mayın 12-də atəşkəs əldə olundu. Erməni təcavüzü nəticəsində isə respublikamızın 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu.
Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dahi öndərimizin bu strategiyasını davam etdirdi. Hərbi yolla torpaqlarımıza qovuşmağın sevincini xalqımıza yaşatdı. 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlandı.
Dağlıq Qarabağdakı ən böyük ikinci şəhər olan Şuşanın azad edilməsindən sonra İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, saat 00:00-dan etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı. Müqaviləyə görə Azərbaycan müharibə zamanı işğaldan azad etdiyi ərazilərə nəzarəti əlində saxladı. Ermənistan isə işğal altındakı keçmiş DQMV ətrafı əraziləri Azərbaycana qaytardı. Azərbaycan, həmçinin Türkiyə və İranla həmsərhəd olan Naxçıvana da dəhliz əldə etdi. Noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 10 noyabr 2020–ci ildə hərbi əməliyyatlar dayandırıldıqdan sonra, Qarabağ ərazisindəki digər şəhər, qəsəbə və kəndlər üzərində də Azərbaycanın suverenliyi bərqərar olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu.
Azərbacan tərəfi beynəlxalq hüququn hər bir subyektinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə riayət etdi. Dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdı və dəstəklədi. Bu baxışları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq şəkildə öz bəyanatında da bildirərək qeyd etdi ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq… Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində… heç bir güzəşt olmayacaq”.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində Ermənistan tərəfindən buna qarşılığın verilmədiyinin şahidiyik.
Bu yolda irəli gedişlər edərək, Azərbaycan hər iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifini vasitəçilər tərəfindən Ermənistana təqdim etdi. Verilən təklifdə iki dövlət arasında münasibətlərin normallaşması üçün aşağıdakı bu beş baza prinsipləri yer almaqdadır:
1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Göründüyü kimi, bütün prinsiplər bölgədə daimi sülhün bərqərar olması və qorunub-saxlanması, erməni təcavüzü nəticəsində məhv edilən və hərbi münaqişələrdə dağıdılan ərazilərdə hüquqi öhdəliklərin bərpası, sərhəd toxunulmazlığı, bir daha ərazi iddiasına düşməmək üçün sivil siyasi manevr, diplomatik münasibətlərdə istiləşmə, müqavilədən sonra birinci mərhələdə genişmiqyaslı xəritələr üzərində relyef, hidroqrafiya, yaşayış məntəqələrinin ətraflı göstərilməsi( delimtasiya), ikinci mərhələdə isə əvvəldən hazırlanmış delimitasiya müqaviləsinə və ona əlavə olunan xəritə və təsvirlərə uyğun şəkildə dövlət sərhəd xəttinin yerində müəyyənləşdirilməsi və qeyd edilməsi( demarkasiya) prosesini özündə əks etdirir. Prinsiplərdə həmçinin BMT Nizamnaməsindən irəli gələn cəhətlər də əks olunub.
Hər iki dövlət məhz bu baza prinsiplərinin əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdırmağa nail ola bilərlər.