Hamı bilməli və dərk etməlidir ki, SSRİ tarixin qaranlığına tərk edilmiş, bərpası heç bir zaman mümkün olmayacaq bir keçmişdir
2022-ci ilin 22 fevral tarixində “Rusiya federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması dövlətimizin xarici siyasətində atılmış mühüm addımlarından biri kimi qiymətləndirilməlidir. Regionda sülhün, əmin amanlığın və inkişafın təmin olunması üçün zəruri fəaliyyətləri özündə ehtiva edən Bəyannamənin müddəaları razılaşmaların bərabərhüquqlu əməkdaşlıq münasibətlərinə söykəndiyinə əminlik yaradır. Əksini iddia etməyə cəhd göstərənlərin bəsit və populist yanaşmaları onu deməyə əsas verir ki, Azərbaycanda siyasi sabitlik və müdafiə gücünün artırılması təkcə vətənimizi deyil bütün regionu xaos içində görmək istəyən qüvvələrə sərf etmir. Lakin bu xarici siyasətində balansı qorumağı vacib hesab edən dövlətimizi hədəfindən yayındıra bilməz. Belə ki, yaxın qonşuları ilə uğurlu müttəfiqlik qurmaq və inkişafa doğru addımlamaq xarici siyasətimizin əsasını təşkil etməkdə davam edəcəkdir. Danılmaz faktdır ki, hər hansı bir ölkə yerləşdiyi regiondan sıyrılıb təkbaşına inkişaf edə bilməz. Bu səbəbdən də bu gün Azərbaycanla yanaşı geosiyasi mövqeyi bizim üçün əhəmiyyətli olan digər dövlətlərin də inkişafı bizə maraqlıdırm. Bəhs olunan ərazilərdə yaşayan xalqlar arasında sülhün dayanıqlılığı, sabitliyin təminatı üçün iqtisadi bağların hörülməsi şərtdir. Bütün bunlara əsaslanaraq Moskva Bəyannaməsinin sosial-iqtisadi, mədəni, elmi, hərbi inkişaf yolunda töhvələrini gözləməyə dəyər. Bəyannamənin bütün müddəalarında vurğulanmış bərabərhüquqlu tərəfdaşlıq Rusiya tərəfinin guya yeni SSRİ yaratmaq niyyətində olduğu haqqındakı sərsəm iddialara yer qoymur. Hər şeydən əvvəl hamı bilməli və dərk etməlidir ki, SSRİ tarixin qaranlığına tərk edilmiş, bərpası heç bir zaman mümkün olmayacaq bir keçmişdir və Moskva Bəyannaməsində azadlığını qanı ilə qazanmış Azərbaycanın suverenliyini təhlükə altına ala biləcək heç bir cümlə yoxdur və ola da bilməz. İndi dünya yeni eraya addımlamaqdadır. Ölkələrarası münasibətlərin yeni məcraya yönəldiyi bir zamanda ən səmərəli istiqaməti tutaraq lazımi hədəfə yetişmək üçün fəaliyyətə başlamaq ən doğrusudur. Rusiya ilə gərgin siyasi münasibətlərdə olan ölkələrin olması gerçəyi bizim şimal qonşumuzla düşmənçilik mövqeyində dayanmalı olmamız üçün əsas ola bilməz. Eləcə də Rusiya ilə yaxşı münasibətlərin qurulması digər dövlətlərlə əlaqələri inkişaf etdirməyəcəyimiz demək deyil. Azərbaycan hər zamankı kimi xarici siyasətindəki balansı qoruyacaqdır və bu heç kim üçün qıcıq yaratmamalıdır. Belə ki, hər bir dövlət hər şeydən öncə öz əhalisinin rifahından məsuldur. Bu gün Azərbaycan qarşılıqlı dostluq və layiqli tərəfdaşlıq münasibətləri çərçivəsində istənilən dövlətlə əlaqələr qura və inkişaf etdirə bilər. Vətənimiz texnologiya əsrinin ağılalmaz sürətinə yetişmək, inkişaf və tərəqqi coşğusundan geri qalmamaq üçün regionumuzun inkişafına öz töhvələrini verməyə qadir olduğunu da yaxın gələcəkdə bütün dünyaya nümayiş etdirəcəkdir.
Səadət Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT – nin sədri